Hakimiyyət dairələri ərazidə evlərin divarına «Xahiş edirik aksiya keçirməyin» yazılmış kağızlar yapışdırır
«Sovetski»nin sökülməsi nəticəsində əhaliyə veriləcək kompensasiyanın azlığı ilə bağlı yaranmış narazılıq, bir neçə gün əvvəl ciddi etiraz aksiyasına çevrilmişdi. JAM.AZ xəbər verir ki, qəfil keçirilən və hazırlıqsız şəkildə baş tutan aksiyada 5000-dən artıq insanın iştirak etdiyi bildirilirdi.
Həmin mitinqdən sonra «Sovetski» camaatı hökumətə 1 həftə vaxt verərək, onlardan kompensasiyaların ən azı 3000 manata qaldırılmasını tələb etmişdilər. Və bildirmişdilər ki, martın 3-nə qədər vaxtları var, əks təqdirlə, etirazlar dayanmayacaq.
JAM.AZ-ın əldə etdiyi məlumata görə, hal hazırda hökumətin kompensasiyaları artıracağına inanmayan «Sovetski» əhli artıq ciddi şəkildə aksiyalara hazırlaşır. Qeyd olunur ki, dünən gənclərin 173 saylı məktəbin qarşısına toplaşaraq, aksiya keçirmələrinin qarşısını alan ağsaqqallar da bunu məqsədli şəkildə ediblər. Deyilənlərə görə, bu, sadəcə, hazırlığı yoxlamaq məqsədi güdüb.
Mitinqə hazırlıq səviyyəsinə gəldikdə isə prosesin artıq pik həddə çatdığı deyilir. Bildirilir ki, təbliğatçılar qapı-qapı düşərək, əhalinin prosesə qatılmasına razı salırlar. Böyük əksəriyyət də bu aksiyada iştirak edəcəklərini bildiriblər.
Lakin maraqlı məqam odur ki, məsələdən xəbər tutan hakimiyyət də bəzi önləyici tədbirlər görmək istəyir. Amma həyata keçirilən bu önləyici tədbirlər olduqca primitiv şəkildə reallaşdırılır. Məsələn, dünəndən etibarın «Sovetski»dəki evlərin divarlarına «Xahiş edirik aksiya keçirməyin» sözləri yazılmış vərəqələr yapışdırılıb. Bu vərəqələrin kimlər tərəfindən yayıldığını bilən isə yoxdur.
Sorğu
Yeni dizaynımız necədir?