Maydanda Ukrayna və Azərbaycan uğrunda savaş gedir; Müxalifətçi politoloqdan şok açıqlama: “Azərbaycanda Avromaydan funksiyasını İlham Əliyev üzərinə götürüb”; ölkəmizin sabiq baş naziri durumu belə dəyərləndirdi: “Ukrayna demokratları məğlub olsa, Azərbaycan Rusiya imperializmi ilə təkbətək qalacaq”
Ukrayna prezidenti Viktor Yanukoviç fevralın 18-də Kiyevdə baş verən qarşıdurmalarda həlak olanların şərəfinə fevralın 20-də matəm elan edib. Yada salaq ki, “Berkut”un, xüsusi təyinatlı milis dəstələrinin Maydana hücumu zamanı 25 nəfər həlak olub. Hökumət qüvvələri fevralın 19-da da müxalifət qüvvələrinə hücumu davam etdirib. Kiyevin mərkəzi prospekti Kreşatikə tank və digər ağır texnika ilə çıxan hökumət qüvvələri müxalifətin əsas qərargahını dağıdıb.
Qərargahın yerləşdiyi Həmkarlar İttifaqının baş ofisinə ağır artilleriyadan atılan atəş nəticəsində binada güclü yanğın başlayıb. Onlarla müxalifətçi binadan çıxa bilsə də, içəridə xeyli insanın qaldığı bildirilir. Onların taleyi ilə bağlı heç bir informasiya yoxdur. Kiyevdə hakimiyyətin xalqa qarşı qətliamı dünya birliyini ayağa qaldırıb. ABŞ-ın Ukrayna böyükelçisi Cefri Payat prezident sarayında Yanukoviçlə 3 saatlıq gərgin müzakirələrin ardından yerli mediaya verdiyi açıqlamasında “dinc vətəndaşlara qarşı silah işlədilməsinin məsuliyyəti bütünlüklə prezident Yanukoviçin üzərindədir”, deyib. Böyükelçinin sözlərinə görə, prezident baş verənləri terrorla mübarizə kimi təqdim edib.
Səfirlə görüşdən az sonra ABŞ-ın vitse-prezidenti Cozef Bayden Yanukoviçə zəng edərək Vaşinqtonun “baş verənlərdən ciddi narahatlıq keçirdiyini” bildirib.
Fevralın 19-da Ukrayna müxalifətinin liderləri dünya birliyinə müraciət edib. “UDAR”ın sədri Vitali Kliçko bildirib ki, Kiyevdə demokratiya imtahan verir və demokratiya tərəfdarı olan bütün qüvvələr Kiyevə dəstəklərini əsirgəməməlidir.
Dünən axşam saatlarında hökumət qüvvələri Maydana güclü hücuma keçib. Maydana aparan bütün yollarda hökumət qüvvələri ilə müxalifətçilər arasında qanlı toqquşmalar başlayıb. Maydanın ətrafındakı bütün barrikadaların qarşısında güclü yanğınlar başlayıb. Unian.net Maydanda təxminən 7 minə yaxın insan olduğu bildirilir.
İndiyə qədər Ukrayna demokratiyasını bəyanatlar səviyyəsində dəstəkləyən Qərb artıq real hərəkətlərə keçib. Fevralın 19-da ABŞ administrasiyası Maydanda dinc vətəndaşlara qarşı zor işlətməkdə əli olan Ukrayna hakimiyyət təmsilçilərinin vizalarını ləğv edib. Fransa da Ukrayna rəsmilərə qarşı sanksiyalar başladığını elan edib.
Azərbaycanlı politoloqlar Avromaydan olayları ilə bağlı çıxışlarında dəfələrlə Kiyevdə həm də Bakının taleyinin həll olunduğunu bildiriblər. Ekspertlərin fikrincə, Kremlin ssenarisi üzrə hərəkət edən rəsmi Kiyev Avromaydanı məğlub edə bilsə, Rusiya digər ölkələrə də öz şərtlərini daha ağır basqı ilə tətbiq etdirməyə çalışacaq. Xüsusilə Azərbaycan ağır vəziyyətə düşəcək. Bu baxımdan, Azərbaycanın sabiq baş naziri Pənah Hüseynin müxbirimizə dediyi “Ukrayna demokratları məğlub olsa, Azərbaycan Rusiya imperializmi ilə təkbətək qalacaq” fikri vəziyyətin ümumi xarakteristikasını dəqiq ifadə edir.
Görünənsə budur ki, Qərbdən güclü dəstək bəyanatlarının fonunda hakimiyyətdən olduqca ciddi zərbələr alan Ukrayna müxalifəti ağır duruma düşüb. Bəs onları nə gözləyir? Ukrayna müxalifəti məğlub olsa, Azərbaycanı nələr gözləyəcək? “Yeni Müsavat”ın bu qəbildən olan suallarını cavablandıran politoloq Zəfər Quliyevə görə, qarşıdurmanın nəticələri barədə hələlik birmənalı rəy vermək tezdir: “Yaxın günlərə qədər bütün dünya belə hesab edirdi ki, prezident Yanukoviçi dialoqa razı sala bilib. Qısa müddət öncəyə qədər bütün təşəbbüslər Avromaydanın əlinə keçmişdi. İndi isə Ukraynada vəziyyət çox gərgin, dramatik, eyni zamanda çox dinamikdir. Proses irəlilədikcə çox təhlükəli tendensiyalar ortaya çıxır. Artıq Yanukoviç tərəfdarları açıq-aşkar ”bizim arxamızda Moskva dayanır" ifadəsini işlətməkdən çəkinmirlər. Moskvanın bu proseslərdə öncələr də bəlli olan iştirakı xeyli dərəcədə açıq xarakter almağa başlayıb. Saakaşvilinin son açıqlaması da göstərir ki, Moskvanın son günlər Ukraynaya ayırdığı 2 milyard ölkə iqtisadiyyatının stabilləşməsi üçün deyil, eyni zamanda müxalifətə qarşı güc işlədilməsinə yönəldilib. Ukraynanın güney bölgələrindən gətirilən xeyli insan - onların içərisində çoxsaylı kriminal elementlərin olduğu deyilir, indi hakimiyyət qüvvələri ilə eyni səngərdən müxalifətə qarşı sözün əsl mənasında vuruşur. Təbii, bu prosesin bütün postsovet ölkələrinə müəyyən qədər təsiri var. Mənə elə gərir, Ukraynada baş verənlər daha çox GUAM ölkələrinə təsir edəcək. Çünki bu ölkələr faktiki olaraq eyni taleyi yaşayan ölkələridir. GUAM yaranan dövrdən lokomatov rolunu üstlənən, ən riskli siyasi proseslərə öncüllük edən Ukrayna, daha sonra isə Gürcüstan idi. Gürcüstan vaxtilə çox ciddi şəkildə vuruldu. Tarixi təsadüfə baxın ki, o zaman da olimpiya oyunları keçirilirdi. Gürcüstanı Avrointeqrasiya yolundan tam çəkindirmək mümkün olmasa da, prosesi xeyli yubada bildilər. İndi isə Rusiya Ukraynaya basqıları hər gün gücləndirir. Ukrayna ekspertləri bildirir ki, bu gün müxalifətə qarşı işlədilən silah da Rusiyanındır, eyni zamanda Rusiya xüsusi təyinatlılarının da Kiyevdə olduğu xəbərləri var. Əgər bu qarşıdurmada Yanukoviç qalib gəlsə, həm Moldova, həm Gürcüstan, həm də Azərbaycan birbaşa Rusiya ekspansiyası ilə üz-üzə qalacaq".
Azərbaycan hakimiyyəti və müxalifəti, eyni zamanda toplum hələlik Ukraynada baş verənlərə seyrçi mövqedə dayanıb. Belə bir təəssürat yaranır ki, Azərbaycan cəmiyyəti bu təhlükənin fərqində deyil. Zəfər Quliyev deyir ki, Azərbaycan baş verənlərin fərqindədir, özü də Avromaydan funksiyasını İlham Əliyev üzərinə götürüb: “Hələlik Yanukoviçdən fərqli olaraq İlham Əliyev Rusiyaya müqavimət funksiyasını özü aparır. Əgər İlham Əliyev Gömrük İttifaqına girmək istəsəydi, Azərbaycanda bu prosesi heç kim dayandıra bilməyəcəkdi. Mən faktları düzgün dəyərləndirməyin və özümüzü aldatmamağın tərəfdarıyam. Hələlik nə cəmiyyət, nə müxalifət güclü müqavimətə hazır deyil. Rusiya axır zamanlar bir neçə dəfə Azərbaycana xəbərdarlıq etdi - Putinin səfərindən sonra uzun müddət Rusiyadakı azərbaycanlılara qarşı basqılar gücləndi, Biryulova olayları yaşandı. Son zamanlar da Azərbaycana dəfələrlə mesajlar verilir ki, Putin İlham Əliyevin mövqeyindən narazıdır. İndiyə qədər Moskva nə Avrasiya İttifaqı, nə də Gömrük İttifaqı ilə bağlı Bakıdan istədiyi cavabı ala bilməyib. Əgər Azərbaycanda Avromaydan olsa, bu, hakimiyyətin razılığı ilə olacaq. Bir zamanlar Heydər Əliyev Qarabağ problemi ilə əlaqədar olaraq, ehtiyac olanda xarici qüvvələrə daxildəki müqaviməti göstərmək üçün müəyyən şərait yaradırdı. H.Əliyev Azərbaycanda ciddi mitinqlər olmasına, müxalifət üçün meydanlar açılmasına göz yumurdu. Qarabağ məsələsi ilə bağlı dəfələrlə bu praktikadan istifadə edilmişdi. İndi də istisna etmirəm ki, Azərbaycanda hansısa bir məqamda Avromaydana bənzər etirazlar ola bilər. Ancaq bayaq dediyim kimi, hakimiyyətin müəyyən razılığı ilə. Narıncı ölkələr demokratiya yolu ilə Azərbaycandan xeyli qabağa gedə biliblər. Həmin ölkələrdə vətəndaş cəmiyyəti nisbətən formalaşıb, ictimai rəyi reallaşdırma mexanizmləri işləyir. Vətəndaşlar azadlığı dadandan sonra artıq Moskvanın ekspansiyasına, eyni zamanda hakimiyyətin ictimai rəyə zidd addımlarına qarşı strukturlaşa bilirlər. Azərbaycan hələlik o səviyyəyə gəlməyib”.
Ukraynada Don kazakları, eləcə də Krım tatarları Rusiyadan Ukraynadakı gərginliyi durdurmaq üçün ölkəyə qoşun yeritməsini istəyib. Ancaq Ukraynadan gələn bu təhlükəli çağırış Rusiyanın planlarına uyğun kimi görünmür. Çünki Kreml hər zaman öz ssenarilərində baş rolu nəzarətdə saxlamaq istədiyi xalqlara yükləməyə çalışır. Zəfər Quliyev də düşünür ki, Rusiya Ukraynaya qoşun yeritməkdə maraqlı deyil: “Ona görə ki, bu halda Rusiyanın Avropa Birliyi ilə açıq konfrontasiyası yaranar. Rusiya Qərb dünyası ilə belə açıq savaşa getməz. Bu həm də ona görə mümkün deyil ki, Ukraynanın Qərb və mərkəzi bölgələri, eləcə də şərq vilayətlərində müxalifəti dəstəkləyənlər Rusiyanın açıq ekspansiyasını heç bir halda qəbul etməz. Ukrayna bu gün ayaq üstədir, ölkə daxildə parçalanma təhlükəsi ilə qarşı-qarşıyadır. İndi Moskva Ukraynanın parçalanmasına çalışır. Çünki xarici qüvvələrin müdaxiləsi daxildə birlik yaradır. Moskva indi mərkəzdə məsələlərin birdəfəlik həllinə çalışır”.
Politoloq bildirir ki, əgər proses Kremlin ssenarisi üzrə davam eləsə, Bakı ciddi təhlükə qarşısında qalacaq: “Kiyevi özünə tabe edəndən sonra Rusiya üçün prioritet Bakını da özündən asılı duruma salmaq olacaq. Rusiya bu sıralamada Qərbin də planlarını nəzərə alır. Qərbdə isə son zamanlar dəfələrlə bildiriblər ki, Ukraynadan sonra sıra Azərbaycandadır. Güney Qafqazı bütünlüklə nəzarətdə saxlamaq üçün Azərbaycanla olan məsələni çözmək Moskva üçün çox vacibdir. Ermənistan onsuz da Rusiyanın buyruğuna tabedir, Gürcüstan isə Azərbaycan asılı olan tranzit ölkədir. Azərbaycan hakimiyyəti praqmatik hakimiyyətdir. Ancaq bir qədər konyukturdur. Əgər siyasi konyuktur Ukraynanın məğlub olduğunu göstərsə, inanmıram ki, hakimiyyət özünü sona qədər riskə sala”.
Müsavat başqanı İsa Qəmbərin Ukrayna müxalifətçilərinə dəstək üçün Avromaydana getməsi, digər müxalifət partiyalarının Azərbaycanın Gömrük İttifaqına daxil olmasına açıq şəkildə etiraz etməsi belə bir sual yaradır - Azərbaycan müxalifəti Ukraynaya dəstək aksiyasına başlaya bilərmi? Zəfər Quliyevin fikrincə, Azərbaycan bu məsələdə xeyli gecikib: “Vilnüs sammiti ərəfəsində Moldovada etiraz aksiyaları keçirildi. Ancaq İsa Qəmbərin Kiyev səfəri istisna olmaqla, Azərbaycan müxalifəti bir neçə bəyanatla kifayətləndi, ölkə içərisində heç bir ciddi aksiyaya cəhd edilmədi. Yeri gəlmişkən, onu da deyim ki, İsa Qəmbərin Avromaydanda çıxış etməsi, müxalifət liderləri ilə görüşməsi həm Azərbaycan, həm də Ukrayna üçün önəmli idi. İsa Qəmbərdən öncə EL hərəkatının sədri Eldar Namazov, REAL hərəkatının təmsilçiləri də Maydada olmuşdular. Yəni əslinə qalsa, Azərbaycan müxalifətinin nümayəndələri Avromaydanla həmrəyliklərini nümayiş etdiriblər. Ancaq bu, yetərli deyil. Azərbaycan müxalifəti bu məsələyə Ukraynanın məsələsi kimi yox, Azərbaycanın problemi kimi yanaşmalıdır. Ona görə də bu gündən deyil, dünəndən Azərbaycan müxalifəti, ictimaiyyəti bu təhlükəyə qarşı hazırlıqlı olmalıdır”. Ortadakı fakt bundan ibarətdir ki, hazırda Kiyevin qanlı küçələrində həm də Bakının taleyi həll olunur. Bizə isə Ukrayna xalqına və müxalifətinə bolluca dua etmək düşür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?