Yanvarın 24-də Kiyev daha bir həyəcanlı gün yaşayıb. Ukrayna müxalifət liderlərindən Vitali Kliçko yanvarın 23-də prezident Viktor Yanukoviçdən danışıqlarda polisin mitinqçilərə silah işlətməyəcəyi haqda söz alsa da vətəndaşlar hər an provokasiyaların baş verə biləcəyindən ehtiyat edir. Kiyevin mərkəzində, Qruşevski küçəsində yenidən toqquşmalar başlayıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, “Berkut” xüsusi təyinatlı milis dəstəsinin əməkdaşları radikal müxalifətçilər tərəfə bir neçə işıq-səs qumbarası atıblar.
Etirazçılar cavab olaraq hüquq-mühafizə orqanların əməkdaşlarına daş, yandırıcı maddələrlə doldurulmuş şüşələri atıblar.
Milis “Dinamo” stadionunun qarşısındakı ərazini iki böyük projektor ilə işıqlandırıb.
***
24-01-2014; 19.44
Son günlər xüsusi təyinatlı polis dəstələrinin vətəndaşlara odlu silahdan atəş açması, 5 nəfərin həlak olması, həbs edilən şəxslərə işgəncə verilməsi təkcə paytaxt Kiyevi deyil, bütünlükdə Ukraynanı ayağa qaldırıb.
Hakimiyyət isə mövqelərini möhkəmlətmək üçün yalnız güc yolunu məqbul sayır. Ötən gün Kiyevə yaxın iri şəhərlərdən xüsusi təyinatlı polis dəstələrinin paytaxta gətirilməsi bundan xəbər verir. Unian.net xəbər verir ki, Odessadan 600 xüsusi təyinatlı gecə saatlarında Kiyevə gətirilib. Onlar prezident sarayı, parlament, Ali Rada və digər inzibati binalara yaxın ərazilərdə yerləşdirilib.
Maydana yaxın ərazilərdə mitinqçilər bir neçə təxribatçı qrupu zərərsizləşdirib. Əsasən gənclərdən ibarət dəstə müxalifətin mitinqçilərlə koordinasiya edilməmiş heç bir addım atılmaması razılaşmasını pozaraq Berkuta hücum edib. Avromaydançılar təxribatın qarşısını ala bilib.
Mitinqçilər Maydan ətrafındakı barrikadaları möhkəmləndirməkdə davam edir. Müxalifətçilər tribunadan etirazçıları sonadək dirəniş göstərməyə, heç bir təxribata uymamağa, polislə toqquşma yaratmamağa çağırıb.
Bu arada Ukrayna vilayətlərinin mərkəzi hakimiyyətin nəzarətindən çıxması prosesi də başlayıb. Bir neçə vilayətin qubernatoru istefa verib. Ukraynanın Qərb vilayətlərində Avromeydan havası hökm sürməkdədir. Hakimiyyət təmsilçiləri Berkutun dinc vətəndaşlara atış açmasını pisləyən bəyanatlarla çıxış edərək təmsil etdikləri hakimiyyət komandasının rəhbərliyindən belə bir əmr verən şəxsləri cəzalandırılmasını tələb ediblər.
Çernovsıda mitinqçilər şəhər sovetinin binasını tutub. Polislər aksiyaçılara müqavimət göstərməyib. Ujqorodda minlərlə müxalif fəal Zakarpatye vilayət komitəsinin inzibati binasını mühasirəyə alıb. Günorta saatlarında İvanı-Fronkovskidə etirazçılar iki gün mühasirədə saxladıqları şəhər sovetinin binasını ala bilib. Eyni proses Jitomirdə də baş verib.
Ötən gün Ukrayna Dövlət Məhkəmə Administrasiyasının sədri Ruslan Kirilyuk da vəzifəsindən istefa verib. O, qərarını Ukrayna Ali Məhkəməsinin yanvarın 24-də keçirilən kollegiya yığıncağında açıqlayıb. İstefasının səbəbləri haqqında yerli mediaya danışan R.Kirilyuk deyib ki, heç bir halda qanunsuz saxlanan dinc aksiya iştirakçılarının ittiham və cəzalandırılması prosesində iştirak etmək istəmir.
Axşam saatlarında paytaxt Kiyevdə yanvarın 21-dən sonra Berkutun qətlə yetirdiyi dinc aksiya iştirakçılarının anım mərasimi keçirilib. Qanlı toqquşma baş verən Oktyabr Sarayının ətrafında minlərlə şam yandırılıb, həlak olanların ruhuna dualar oxunub. Anım mərasimində iştirak edən müxalifət liderləri həlak olanların qanının yerdə qalmaması üçün mübarizədən bir addım belə geri çəkilməyəcəklərini deyiblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?