Babayevanın Türkiyəyə saxta pasportla girdiyi, üzərində iki pasport olduğu iddia edilir, amma ortalıqda nə bir dənə də olsun saxta pasport, nə də bu saxta adlarla Türkiyəyə kiminsə girdiyini göstərən hər hansı sənəd var Fəaliyyəti durdurulan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin Əliyev rejiminin korrupsiya və qanunsuzluqlarını sübut edən videolarında “vasitəçi” olduğu şübhə doğurmayan insanlardan biri Sevinc Babayevanın ölümünün ardından bir çox media orqanları, özəlliklə də hakimiyyətə yaxın media orqanları dezinformasiya yayma taktikasına üstünlük vermiş kimi görünürlər. Sevinc Babayevanın İstanbulda vəfat etməsi Azərbaycanda gündəmin bir nömrəli məsələsinə çevrildi. İstanbul Beylikdüzü Medicana Xəstəxanasında həyatını itirən Sevinc Babayevanın ölümü hələ də sirli pərdə arxasında qaldığı üçün sui-qəsd ehtimalının daha böyük olduğu qətidir. Və indi Türkiyədə istintaqın da üstünlük verdiyi versiyaların biri budur.
İstintaq başlandı
Bu ölüm işiylə bağlı İstanbul Əmniyyət Müdürlüyü Asayiş Şöbəsi istintaq başlayıb. Zəhərlənə biləcəyi də ehtimal edilən Sevinc Babayevanın yaxın çevrəsi və son günlərində saxladığı telefon əlaqələri öyrənilir. Xəstəxananın Əmniyyətə təqdim etdiyi arayışda göstərilir ki, S.Babayeva ürək çatışmazlığından ölüb. Əmniyyət Məhkəmə Tibb Ekspertizasının rəyini gözləyir. Bu rəy təqdim ediləndən sonra istintaq həmin istiqamətdə davam etdiriləcək. Məhkəmə Tibb Ekspertizasının dəqiq rəyi isə ən geci 2 ay ərzində təqdim edilməlidir. Türkiyədə bütün bu cür hallarda tələb olunan müddət bu qədərdir. Sevinc Babayevanın ölümü ilə bağlı Azərbaycanda qəti fikir kimi təqdim edilən rəylərin heç bir əsası yoxdur: onun ölüm səbəbinin dəqiqləşdirilməsi üçün sadəcə olaraq nümunələr götürülmüş, Məhkəmə Tibb Ekspertizasının incələməsinin ardından cənazəsi dəfn edilmək üçün Azərbaycan Hava Yollarının C2-078 saylı uçağı ilə 29 dekabr 2012-ci il tarixində saat 22.50-də Bakıya göndərildi.
Dövlət xəstəxanasından özəl xəstəxanaya şübhəli transfer
Hələlik əldə edilən bilgilər bundan ibarətdir ki, Sevinc Babayeva əvvəlcə Esenyurt dövlət xəstəxanasına baş vurmuş, amma sonradan hasısa müəmmalı səbəblər və bir o qədər də müəmmalı təhriklər nəticəsində özəl Medicana Xəstəxanasına sövq edilmişdir. Hər iki xəstəxanaya girişi Məryəm Solmaz adına saxta kimlik vəsiqəsi ilə yapmışdır. Ümumiyyətlə Sevinc Babayeva ilə bağlı bütün sənədləşmələr Məryəm Solmaz adına yazıldığı üçün ölümündən sonrakı bütün istintaq soruşdurma sənədləri də məhz, bu adla aparılır. Prokurorluğun Məhkəmə Tibb Ekspertizasına göndərdiyi sənədlərdə də Məryəm Solmaz adı yer almaqdadır və ümumiyyətlə, prokurorluq ölən adamın Sevinc Babayeva olduğunu biləndə heyrətlənmişdi.
Azərbaycan konsulluğu ölümü nədən təsdiq etmədi?
Azərbaycanın İstanbul konsulluğu ölümü ilk gün doğrulamaqdan imtina etmişdi. Türkiyə ərazisində yabançı ölkə vətəndaşı öldükdə polis bu barədə məlumatı dərhal həmin ölkənin diplomatik nümayəndəliyinə bildirir. Sevinc Babayeva xəstəxanaya Türkiyə vətəndaşı Məryəm Solmaz adıyla daxil olduğu üçün ilk gün belə bir anlaşılmazlıq yarana bilərdi.
Türkiyədəki istintaqa Azərbaycandan kimsə qatılmayıb
Bəzi xəbərlərdə bildirilirdi ki, Türkiyədə Məhkəmə Tibb Ekspertizasının incələmələrində iştirak etmək üçün Azərbaycandan olan mütəxəssislər iştirak edib. Xəbərdə bildirilirdi ki, guya Azərbaycan Ədliyyə Nazirliyi belə bir xahişlə Türkiyənin Ədalət Bakanlığına müraciət edibmiş. Amma bu xəbər heç bir məqamda təsdiq olunmadı. Əslində, buna heç bir ehtiyac da yoxdur. Çünki söhbət sadəcə olaraq ondan gedir ki, mərhumun cənazəsindən gərəkli toxumalar alındıqdan sonra sahiblərinə təhvil verilir. Azərbaycanlı mütəxəssislərin bu prosesdə iştirakı başqa anlamlara gələ bilərdi. Eyni zamanda, ikicə gün sonra Azərbaycana verilmiş cənazəni təhqiq etmək üçün Azərbaycanın səlahiyyətli orqanlarının əlində hər cür imkan olub.
Bu xəstəxanada “Azərbaycan izi” varmı?
Özəl Medicana xəstəxanasının Azərbaycanla və ya Azərbaycan əsilli insanlarla ilişkiləri varmı? Bu məsələ ciddi şəkildə araşdırılır. Əslində, Sevinc Babayevanın dövlət xəstəxanasından buraya keçirilməsi çox müəmmalıdır. S.Babayevanın tibbi sığortası olmayıb. Hadisə barədə xəbər yayılandan sonra xəstəxanada qəzet adamlarının işləyə bilməməsi üçün hər cür tədbir alındı. Xüsusilə də, xəstəxana mühafizləri qəzet əməkdaşlarının bilgi ala bilməməsi üçün əllərindən gələni etdilər.
Xəstəxanadan ilk və tək açıqlama 2 gün sonra gəldi
Bakıda yer alan xəbərlər isə bu açıqlama ilə uyğun gəlmirdi. Sanki orada kimlərsə oturub qəsdən yanlış xəbərlər yaymaqda idi. Xəstaxanada isə polisin həddən ziyadə çoxluğu diqqəti çəkirdi. Yabançılar polisi, Qaçaqçılıq və Mütəşəkkil Cinayət idarələrinə bağlı polis heyəti xəstəxananın içini və həyətini sarmış kimiydi. Ortaya atılan iki saxta pasport və casusluq iddiaları da bu qələbəliyin tündləşməsinin səbəblərindən biri kimi görünə bilərdi. Özəl Medicana xəstəxanası, bu xəstəxana ilə eyni adı daşıyan Fond Türkiyə üçün də nadir sayılacaq və diqqətçəkici bir soyadla bağlıdır: bu, Bakistanlı soyadıdır. Bakistanlı soyadı ilk baxışda Azərbaycanla əlaqədə təsəvvür edilə bilər, amma belə deyil. Medicana xəstəxanasının təsisçisi və sahibi Abid Bakistanlı Türkiyə vətəndaşıdır. Mardində doğulub. Öncə bu familiya turizm biznesilə uğraşmış kimi görünür. Amma nədənsə sonralar birdən-birə müalicə-xəstəxana sektoruna baş vurur. Bakistanlılar ilk xəstəxanalarını 1990- cı illərin sonlarına doğru Azərbaycanda açırlar. O zamanlar Azərbaycanda özəl klinikaları açmağın şərtləri daha rahat ola bilərdi, hər halda. Bu xəstəxanalar şəbəkəsi 2010-2011-ci illərdə ciddi bir kriz keçirərək iflas həddinə gəlmiş, amma sonradan təhlükəni sovuşdura bilmişlər…
Sevinc Babayeva İstanbula hansı yollarla gedibmiş?
Sevinc Babayeva ölmədən öncə İstanbulun gecəqondu bölgələrindən olan Kıracda bir xanımla birlikdə yaşayırdı. Amma bu xanımı hələ də tapmaq mümkün olmayıb. Babayevanın Türkiyəyə saxta pasportla girdiyi, üzərində iki pasport olduğu iddia edilir, amma ortalıqda nə bir dənə də olsun saxta pasport, nə də bu saxta adlarla Türkiyəyə kiminsə girdiyini göstərən hər hansı bəlgə var. İşin əsl gerçəyi isə bundan ibarətdir: Sevinc Babayeva Bakıdan Naxçıvana gətirilmiş, oradan isə qaçaq yolla Iqdıra keçirilib. Iqdırda bir kənddə 2 gün qaldıqdan sonra İstanbula yerləşdirilib. Azərbaycanda rəsmən axtarışda olan birisinin Naxçıvana necə keçirildiyi, oradan hansı yollarla Iqdıra ötürüldüyü isə çox müəmmalıdır və Azərbaycan tərəfdə araşdırılmalı məsələdir. İstintaq davam edir. Bizim də araşdırmalarımız davam edir
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?