Maşında qadınlara 8 güllə atan, xalq artistinin ailəsini məhv edən, “instagram”da qudurğan şəkillərini yayan, “Galinvagen”li trafik terrorçuları olan məmur balaları cəzalandırılacaq
Azərbaycanda sensasion həbslər dalğası gözlənilir. Hakimiyyətin ən yuxarı eşelonunda gedən son müzakirələrdən qərara gəlinib ki, iri ranqlı məmurların və övladlarının həbsinə başlansın. Buna səbəb isə əndazəni aşan sonuncu hadisədir. Belə ki, martın 15-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonunda xalq artisti Ağasəlim Abdullayevin və ailə üzvlərinin olduğu avtomobili vuran maşının sahibi müəyyənləşib. Məlum olub ki, “Mercedes Galenvagen G55 AMG” markalı lüks avtomobilin sahibi Mədətov Xalid Mübariz oğludur. Bu sürücünün atası Mübariz Mədətov ötən ilin oktyabrında ləğv edilən Xəzər Dəniz Neft Donanması İdarəsinin rəisi olub. Onun Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (DXDGİ) sabiq rəisi Aydın Bəşirovun oğlu İlqar Bəşirovun biznes ortağıdır. Mübariz Mədətovun adı ilk dəfə deyil qalmaqallarda hallanır. Ötən il avqustun 4-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları keçirdiyi xüsusi əməliyyat nəticəsində Xəzərdə Azərbaycana məxsus olan və qaçaqmal neft daşıyan “Naftalan” tankerini saxlayıb. Sonradan məlum oldu ki, oğurluq neft daşıyan tanker İlqar Bəşirov-Mübariz Mədətov ortaqlarına məxsusdur. Biz Aydın Bəşirovun həbs təhlükəsinin sovuşduğunu yazdığımız ərəfədə belə bir olayın baş verməsi onun işini yenidən qəlizləşdirib. Amma həbslər dalğasında onun da qurban gedəcəyi dəqiq deyil. Bilinən budur ki, hakimiyyət məmur övladlarının ardıcıl özbaşınalıqlarından cana doyub. Ölkədə sosial bərabərsizlik və təbəqələşmənin dərinləşməsi ictimai qəzəbi alovlandıra bilər. Bundan qorxan hökumət daxildə bir neçə məmuru cəzalandırmaq qərarı verib. Hakimiyyətə yaxın qaynaqlardan əldə etdiyimiz xəbərdə iddia olunur ki, bu günə kimi “instagram” sosial şəbəkəsində qudurğan həyatının şəkillərini yayan məmur balaları, o cümlədən, “Galenvagen”li yol terrorçularının cəzalandırılması nəzərdə tutulub. Ölkə rəhbərliyi artıq xalq artistinin ailəsinin məhv edilməsindən, həmçinin deputat övladının küçədə qadınlara güllə atmasından bərk qəzəblidir. İqtidara baş ağrısı yaradan deputatlar Ayaz Orucov, Elton Məmmədov, diaspor komitəsinin rəhbəri Nazim İbrahimov, prezidentin mühafizə xidmətinin rəhbəri Vaqif Axundov, ayrı-ayrı prokuror, məmur övladlarının dalbadal özbaşına hərəkətləri ciddi addımlar atmağa rəvac verib. Mənbə qeyd edir ki, hökumət silsilə həbslər planlaşdırır. Eyni zamanda məmur balalarının müxtəlif formada cəzalanması, biznesinə zərbə, ölkədən çıxışa qadağa da nəzərdə tutulub. İsmayıllı olaylarından sonra dərs götürməyən vəzifəlilərin övladları əməllərini davam etdirir, sadə həyat tərzi sürən insanların ömrünü məhv edirlər. Son olay isə bütün səbri tükəndirib. Prezident artıq məsələyə müdaxilənin, onları dayandırmağın tərəfkeşidir. Çünki böyük fəlakətlər, sosial partlayışlar ola bilər. Hər yer İsmayıllıya çevriləcəyi halda hakimiyyət xalqla üz-üzə qala bilər. “Bu həmin Mübariz Mədətovdur ki, ən korrupsiyalaşmış idarəyə başçılıq edirdi və onun korrupsiya əməlləri barədə mətbuat illərdir yazırdı. Ötən ilin payızında prezident İlham Əliyev struktur islahatları həyata keçirərək ARDNŞ-in tərkibində olan, başdan-ayağa korrupsiyalaşmış Xəzər Dəniz Neft Donanmasını ləğv etdi və onun rəhbəri nəhayət vəzifəsini itirdi. İndi də oğlu özbaşınalıq edir. Bu da cəzasız qala bilməz. Prezident İlham Əliyev çıxışlarında bir neçə dəfə bu cür qudurğan məmur övladları haqda danışıb və onlara qəti xəbərdarlıq edib. Prezident belələrinə görə məsuliyyəti atalarının daşıyacağını və onların işdən çıxarılacaqlarını, sərt cəzalanacaqlarını demişdi. İndi dediyi icra oluna bilər,”- deyə mənbə iddia edir. Qaynağımız qeyd edir ki, məmur balalarının bilmədiyimiz gecə həyatı var: “Onlar səhər Fransada nahar, axşam İspaniyada şam edirlər. Elə bilirlər ki, hamı onlar kimi yaşayır. Hakimiyyət onların hamısını lobbiçilik fəaliyyətinə istiqamətləndirə bilmir. Nəticədə ortaya belə acı nəticələr çıxır. İsmayıllıda bir məmur balası az qala bütün iqtidara qarşı xalq üsyanı yetişdirəcəkdi. Proseslər yayılsaydı, sabiq nazirin övladı hakimiyyətin sonunu yaxınlaşdıracaqdı. Odur ki, indi idarəolunmaz vəziyyətlə üzləşiblər”. Hakimiyyətin həbslərlə bağlı plan cızdığını deyən mənbəmiz söyləyir ki, yaxın gələcəkdə sensasion əməliyyatların şahidi ola bilərik. Bununla ictimai alovun qabağını almaq, sosial etirazları səngitmək, iqtidarın başına dərd açacaq problemli adamları zərərsizləşdirmək nəzərdə tutulub. Bundan əndişələnən icra başçıları, bəzi deputatlar, komitə rəhbərləri övladlarına ciddi tapşırıqlar veriblər. Mənbə bildirir ki, məmur balalarının əksəriyyəti narkotik aludəçisidir. Hətta bunu baş nazirin müavini Əli Həsənov bir müddət öncə məmur övladlarının narkomaniyaya qurşandığını bəyan etmişdi: “Bəzən imkanlı ailələrin uşaqları hər şeylə məşğul olur. Fikirləşirlər ki, narkotikdən istifadə etməyib, görsün, edəndə nə olacaq? Məqsədi narkoman olmaq deyil. Amma bu yolla çevrilirlər. Bu xəstəliyə düçar olanlar da əsasən də imkanlıların uşaqlarıdır. Çünki imkansızların narkotik almağa vəsaiti yoxdur. Bir gün başlayacağam onların övladları haqqında danışmağa, onda ayılarlar. Bir dəfə demişdim, mətbuat 6 ay məndən yazdı ki, nə vaxt onların adlarını açıqlayacağam. Belə getsə, açıqlamalı olacağam”. Mənbənin sözlərinə görə, səs-küylü həbslər motivləri arasında gənclərin narkotik istifadəçisi kimi ittiham olunması, insan tələfatına səbəb olan qəza törətməsi və s. iddialar irəli sürüləcək. Ölkə gündəmini zəbt edə biləcək bu həbslərin dəqiqləşdirilməsi və razılaşdırılması işləri gedir. Son olaraq Xəzər Dəniz Neft Donanması İdarəsinin rəisi Mübariz Mədətovun oğlu, Aydın Bəşirovun qudasının övladı həbs edilib. Mənbənin sözlərinə görə, iqtidar məmur balalarının biznesini təftiş etməyə, yoxlamağa da başlayıb. Məxfi şəkildə həyata keçirilən bu tədbirlərin pərdəarxası məqamları hissə-hissə bilinəcək. Hökumət digər ölkələrin taleyini yaşamaq istəmir. Bilir ki, məmur balalarının qudurğanlığına görə qapalı rejimlər devrilib. Prezidentin məlum xəbərdarlığı isə məmurların yadına salır. Onları Prezident Administrasiyasına çağırıb bu sözləri təkrar deyirlər: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”. Mövzunu diqqətdə saxlayacağıq. Rafiq Qara
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?