Putin bütün dünyanı önünə alıb Stalin ola biləcəkmi?
Krım kompaniyasının motivləri Rusiya dünyada yeni bir siyasi düzənin yaranmasına səbəb olacaq qərarlar alır. Dünyanın siyasi xəritəsi sürətlə dəyişir. Avrasiya qitəsində hakimi-mütləq ola bilmək üçün rus çarı Vladimir Putin böyük bir ssenarri ortaya qoyub. Və demək olar ki, Avropa müqavimətsiz vəziyyətdə qalıb. Yumşaq, demokratiya projeləri şiddət müstəvisinə keçən kimi Rusiya qazanır. Ukraynada dinc etiraz aksiyaları əslində Avropanın «Şərq tərəfdaşlığı»nın davamı olan bir proje idi. Bu proje davam etdikcə demək olar ki, yumşalma əvəzinə gərginləşmə başlayırdı. Prosses qarşıdurma qanlı toqquşmalar səviyyəsinə çıxan kimi Rusiya müdaxilə etdi. Əslində Putin bilirdi ki, separatizm, etnik münaqişə ocaqları artıq illərdir ki, bəslənmiş durumdadır. Nəticə etibarilə də Ukrayna torpaqlarını itirməyə başladı. Və əslində Avropa üçün Ukrayna əslində Qara dəniz dəhlizi, dünya okeanına çıxış demək idi. Əslində Sevestopol, Donetsk, Krım Avropa üçün lazım idi. Putin bunu çox yaxşı başa düşürdü. Və bilirdi ki, Qara dəniz sularında ona müqavimət göstərmək istəyən Avropa dövləti yoxdur. Donanma rusların nəzarətində qalırdı. Sadalanan strateji məntəqələr olmayandan sonra isə Ukrayna Avropaya və heç Putinə də lazım deyildi. Və Putin əslində Ukraynanı birdəfəlik ala bildi. Nəticə etibarilə də Rusiya regionda daha böyük gücə çevrildi. Rusiya bununla həm də regionda mühüm olan bir projenin əsasını qoya bildi. Avropa ilə Rusiya arasında çox möhkəm bir sərhəd çəkildi. Artıq ortada Putinə mane olan üçüncü dövlət yoxdur. Gürcüstan belə rusların nəzarətinə keçdi. Krımı itirməklə Ukrayna həm də Gürcüstanı çətin bir vəziyyətə saldı. Liman-Qara Dənizə çıxış imkanları gürcülər üçün də məhdudlaşdı. Və Rusiya Türkiyəni də ağır fakt qarşısında qoydu. Bundan belə boğazı bağlamaq təhdidi o qədər qeyri-ciddi göründü ki, ya Rusiya ilə dünya savaşına başlamalı, ya Avropa illərdir «Şərq tərəfdaşlığı» ilə gəldiyi kimi də geri qayıtdı. Amma bəlkə də gəldiyi kimi deyil, gəldiyindən dəfələrlə çox sürətlə geri çəkilməli oldu. Putin bundan sonra dünya ilə Rusiya arasında bir sədd çəkərək iqtisadi embarqolardan qorunmalı olacaq. Amma Rusiya İran deyil. Ruslar da farslardan fərqli olaraq dünyaya açılmağa can atan millətdir. Rusiya demokratiya uğrunda mübarizə aparan çeşidli qüvvələr var. Böyük Rusiya naminə heç kim bütün dünyanı qarşısına alıb susa bilməz. Amma Putin bilir ki, Avropanın və ABŞ-ın özünə açdığı kifayət qədər gərgin cəbhələr var. Rusiya iqtisadiyyatının vəziyyəti adekvat qiymətləndirən iki reytinq agentliyinin təzə nəticəsi Rusiya prezidenti Vladimir Putinin Ukraynaya münasibətdə davranışlarının səbəb və motivlərinə dair Turan agentliyinin nəticələrini təsdiqləyir. Həm 2008-ci ildə Gürcüstanın bir hissəsinin qəsbi zamanı, həm də Ukraynaya qarşı hazırki aqressiv münasibətlə bağlı situasiyada Putin rusiyalıları qar topası kimi artan daxili iqtisadi problemlərdən yayındırmaq üçün informasiya və hərbi təcavüzdən istifadə edib. Öz çəki dərəcəsində olmayan, hərbi potensialın arasında müqayisə olunmaz dərəcədə fərq olan «düşmən» üzərində qələbə bu məsələləri təmin edib: Prezidentə və onun ətrafına olan inamı artırıb, İqtisadi böhranın səbəblərini Qərbin qisası kimi izah edib, Rusiya sakinlərini çaşdırıb, Müxalifəti təqib etmək üçün əl-qolunu açıb, Cəmiyyətə qorxu gətirib, Böhranlı cəmiyyətlə manipulyasiyanı gücləndirib, Əhalinin rifahının kəskin pisləşməsi səbəbindən daxili sabitliyin pozulmasından qaçmağa imkan verirdi. O, buna müvəffəq olurdu. Hələ ötən ilin yayında onun təmsilçisi olan Sobyanin Moskva meri postuna seçkilərdə zəif müxalifətə uduzurdu, bu gün isə Putinin reytinqi 70 faizdən çoxdur.
İqtisadi zəifləmə Fitch və Standard&Poor's reytinq agentliklərinin Rusiyanın kredit reytinqinə dair proqnozunu «sabitdən» «neqativə» qədər aşağı salması ilə bağlı məlumatı Krımın zəbt edilməsi ilə bağlamaq düzgün olmazdı. Rusiya iqtisadiyyatının bu ilin ilk aylarındakı vəziyyəti ilə bağlı bu günlərdə açıqlanan məlumatlar rusiyalı ekspertlərin hələ 2013-cü ildə səsləndirdiyi ən pis proqnozların reallaşmasından və ən pis ssenarinin inkişafından xəbər verir. «İqtisadiyyatdakı durum aşkar şəkildə özünü göstərən böhran xarakterlidir», - bunu martın 17-də RF iqtisadiyyat nazirinin müavini Sergey Belyakov qeyd edib. Əldə etdiyimiz məlumata görə, o, Rusiya hökumətini şirkətlərin fiskal yükünü artırmamağa çağırıb. Bununla əlaqədar nəşr xatırladır: «Hətta Soyuq müharibə dövründən bəri Qərblə ən pis qarşıdurma başlamamışdan əvvəl Rusiya iqtisadiyyatı 2009-cu ilin resessiyasından sonra artımın ciddi azalması ilə üzləşib: istehlakçı tələbatı investisiyaların azalmasını kompensasiya edə bilməyib». İqtisadçılar Vladimir Kolıçev və Darya İsakova (VTB-Kapital) hesabatda yazıblar ki, cari ilin ikinci və üçüncü rüblərində Rusiyada resessiya gözlənilir: «Daxili tələbat qeyri-müəyyənlik və daha sərt maliyyə şərtləri səbəbindən ləngiyə bilər». Onlar 2014-cü il üçün proqnozu 1,3%-dən sıfra qədər endiriblər. Morgan Stanley-nin iqtisadçıları Ceykob Nell və Alina Slüsarçuk 2014-cü ildə Rusiya iqtisadiyyatının artımına dair proqnozları 2,5%-dən 0,8%-ə qədər aşağı salıblar. Onların sözlərinə görə, 2014-cü ilin ilk yarım ilində Rusiya resessiyaya yaxın olacaq. CapitalEconomics-in (London) qiymətləndirməsinə görə, birinci rübdə Rusiyadan kapital axını 70 mlrd dollara çata bilər və bunun Rusiyanı resessiyaya sürükləyəcəyi ilə bağlı real risk var, hərçənd ki, bu 2014-cü il üçün yekun məbləğ kimi göstərilirdi. Əgər 2012-ci ildə Rusiyadan kapital axını 54,6 mlrd dollar, ötən il 62,7 mlrd dollar olmuşdusa, RF İqtisadi İnkişaf Nazirliyi 2014-cü ilin yanvar-fevral aylarında Rusiyadan kapital axınını 35 mlrd dollar həcmində qiymətləndirib. Ancaq Qaydar adına İqtisadi Siyasət İnstitutunun qiymətləndirməsinə görə, birinci rübdə axın 73-75 mlrd dollara çatıb, «VTB Kapital»da RBK-ya proqnozun 65-70 mlrd dollar olduğu deyilib. Struktur Tədqiqatları Mərkəzinin direktoru Aleksey Vedevin sözlərinə görə, investorlar öz kapitallarını istənilən qiymətə, istənilən dərəcə ilə çıxarmağa meyl edir. Təbii inhisarlar problemi institutu ölkədə istehlsalda müvəqqəti və daimi dayanmalar qeyd edir. Alüminium zavodları ilə yanaşı avtomobil zavodlarının və gübrə istehsalçılarının da problemləri var. İnstitutun məlumatına görə, fevralda Rusiyada istehsal ötən ilin eyni dövrü ilə müqayisədə 0,04 % düşüb, tələbat 1,9% azalıb. Ilin ilk 2 ayında istehsal indeksi 1,8% azalıb. 2014-cü ilin əvvəlindən tələbat 1,5% azalıb. FİNAM şirkətinin analitiki Aleksey Zaxarova görə, belə şəraitdə hakimiyyətə yüksək reytinq lazımdır – bu, populyar olmayan qərarların qəbuludur. «Rusiya iqtisadiyyatı və maliyyə sistemi pozulur. Partiyanın və hökumətin müdrik rəhbərliyi altında dövlət büdcəsində çatlar yaranır. Regional büdcələrin vəziyyəti də pisdir. Nəticədə rublun məzənnəsi laxlayıb, bu isə qiymət artımı ilə nəticələnib. Hökumətin bir yolu var- rublun kəskin devalvasiyası. Nikbinlər belə düşünür. Bədbinlər isə denominasiya sözü işlədir. Bir daha qeyd edirəm: Krım hadisələri bunun səbəbi yox, bəhanədir. Hakimiyyət bizi inandırmaq istəyir ki, Rusiya ərazisini genişləndirməyin bədəli budur», deyə analitik qeyd edir. “Neokonomika” mərkəzinin rəhbəri Oleq Qriqoryev hesab edir ki, «dollar və avronun yüksək məzənnəsi o vaxt iqtisadiyyatın xeyrinə olur ki, o, dibə enib, biz hələ ona yaxınlaşırıq». Kapitalın ölkədən getməsi, neftin ucuzlaşması və başqa məhdudlaşdırıcı tədbirlər iqtisadi həyata pis təsir edəcək. Dolların məzənnəsi hələ iqtisadiyyatda müsbət tendensiyaları stimullaşdırmaq üçün çox da yüksək deyil, amma dünya bazarlarına yönələn və ya ondan asılı olan müxtəlif istehsalların dayanması üçün yetərlidir. Təkrar maliyyələşmə dərəcəsinin azalması nəticəsində 2 yüzədək Rusiya bankı çətin vəziyyətə düşüb. Müəssisələrin kreditləşmə və ödəniş problemi yaranır. Valyuta əməliyyatlarına bağlı olanlarda dezorientasiya yaranır, fəlakətin gələcəyi vaxtı qiymətləndirmək lazımdır. Nyu-Yorkun Research jurnalının analitiki Aleksey Bayer yazır ki, Rusiya hakimiyyəti Qərbin sanksiyaları ilə bağlı defolt elan edə bilər. Demək, Kreml ən ifrat ssenariləri daxili problemlərlə yox, ABŞ və Aİ-nin təzyiqi ilə bağlamaq istəyir. Rusiya uzunmüddətli böhrana daxil olduğu üçün Putinin postsovet məkanındakı qonşulara yeni avantüraları ilə nəticələnə bilər. Daxili diktat da güclənə bilər. Zəif Belarus və Qazaxıstan qorxudan Krımın ilhaqını anlayışla qarşılayıb. Moldova və Ermənistan avrointeqrasiyanı gücləndirir, Azərbaycan hərbi gücü ilə lovğalanır.
Qərbin mövqeyi – yaxşı və pis Postsovet dövrün tarixi göstərir ki, Qərb Rusiyada daxili böhranı dərinləşdirmək istəməyəcək. O, nüvə başlıqlı ölkəni xaos və dağılmaq həddinə çatdırmaq istəmir. Rusiyanın Qarabağı, Dnestrayınını zorla qoparması, Abxaziyanı, Osetiyanı qəsb etməsi cəzasız qalırdı. ABŞ və Aİ-nin Krımın işğalına qədər olan çox sərt mövqeyi sərt və yumşağa bölünüb. Hər iki tərəf fərdi sanksiyalar tətbiq etsə də, «yaxşı» Aİ bəyan edib ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə hazırlaşmır. Əvvəlki böhran illərində olduğu kimi payıza yaxın Rusiya ilə Qərb arasında aktiv dialoq, maliyyə yardımı, Qərb kapitalının aktiv tətbiqini gözləmək olar. Bu vaxta Ukrayna prezident və parlament seçkiləri keçirəcək, assosiasiya barədə saziş imzalayacaq, Qərbdən onlarla milyard dəstək alacaq. Rusiyanın qızıl-valyuta ehtiyatları 500 mlrd. dollara yaxındır. Bu isə yarım il duruş gətirməyə kifayətdir. Ukrayna ilə Rusiyanın münasibətləri əvvəlki kimi olmayacaq, amma ölkələr təmas nöqtələri arayacaq, birgə layihələr icra edəcək. Bunu daha çox daxili sabitlikdən narahatçılıq keçirən Moskva və Kiyev siyasətçilərinin soyumuş hərarəti, həmçinin Rusiyanın Dnestryanı, Abxaziya və Osetiyanın zorla qopardandan sonra Moldova və Gürcüstanla böhrandan sonrakı münasibətlərinin təcrübəsi deməyə əsas verir. Rüfət ƏLİCANLI
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?