Hakimiyyəti müdafiə edib, dövləti satanlar hərəkətə keçib
Ölkənin parça-parça edilməsi planı necə önlənməlidir?
İndi ortada bir Ukrayna nümunəsi var. Və hər kəs bu faktordan, Rusiyanın Krımı Ukraynadan almasına bir şəkildə baxır. ABŞ, Avropa, hətta kənarda dayanan dövlətlər daha mütəşəkkil qaydada Krım məsələsi ilə bağlı Rusiyanın üzərinə gedirlər. Rəsmi Kiyev Krımla bağlı mütəşəkkil görünmür. Yəni dünyanın münaqişəyə yanaşması və informasiyaların bolluğu ilə müqayisədə. Əslində Rusiya Krımı əldə etməklə çox böyük itkilərlə üzləşməli olacaq. İndi dünyanın anti-rus siyasi texnoloqları daha çox Rusiyanın imperialist iddialarında olmasına yönəldir. Daha çox Rusiya işğalçı, qəsbkar kimi təqdim edilir. Bununla yanaşı, bu günlərdə Yakutiya Muxtar Respublikasında 8 gənc qızın meydana çıxaraq öz ölkələrinin azadlığını istəməsi də diqqəti çəkdi. Hər kəs bildi ki, 8 gənc qızın bu ideyanı həyata keçirmək istəməsi ən azı gülməlidir. Lakin ortada informasiyanın yükü və ideyanın cəlbediciliyidir. Tatarıstanda minlərlə, onminlərlə insan tapmaq olar ki, meydanlara çıxaraq öz ölkələrinin azad edilməsi üçün mübarizə aparsınlar. İndi Rusiyanın tərkibində 10-dan çox muxtar respublika, vilayət var. Və Rusiya dünyada əhalisi ilə ərazisinin tərs-mütənasib olduğu tək-tük dövlətlərdən biridir. Rusiyaya Krım əslində nə ərazi, nə də əhali baxımından lazım deyildi. Onsuz da əhalisini yedirməkdə, ərazilərini insanla doldurmaqda böyük qayğıları olan Moskvada bilirlər ki, bu sadəcə böyük bir oyunun başlanğıcıdır. Əslində Rusiya ilə münasibətlərdə ortaya çıxan müəmmalar hələ uzun bir sürə davam edəcək. Azərbaycanda yeni bir siyasi münasibətlər sistemi ortaya çıxıb. Ölkənin mövcudluğunu təhdid edən və rusların barmağı olan daşlar yavaş-yavaş tərpənməyə başlayıblar. Şimal bölgəsində Rusiyaya birləşməklə bağlı əhali arasında şaiələr yayırlar. Ölkənin cənubunda isə separatçılar daha aktiv şəkildə fəaliyyətə başlamaq üçün toplaşırlar. Və bununla da dövlətçilik acısı ortaya çıxır. Ağıllı adamlar anlayırlar ki, Rusiya nə zamansa, Azərbaycanla bağlı da Krım ssenarisini ortaya qoyacaq. Azərbaycanın ərazisi və əhalisi Ukrayna ilə müqayisədə o qədər azdır ki, ölkənin daha 5 rayonu da bu və ya digər formada itirilsə, dövlətimiz faktiki olaraq regionda cırtdanlaşacaq. Və bu gələcək üçün, Azərbaycanın dəyişən dünya coğrafiyasında hansısa mühüm bir strateji imkanlar əldə edə biləcəyini şübhə altına alır. İstənilən halda ölkənin ən azı indiki bütövlüyünü qoruyub saxlamaq mühim bir məsələdir. Bu bütövlüyü əlbəttə ki, siyasi münasibtlərdə şantaj, sabotaj formasında deyil, dialoq formasında daha sağlam bir istiqamətə çəkmək olardı.
1. Azərbaycanda siyasi institutların mövcudluğunu məhv etmək yox, onların daha da güclənərək dövlətçiliyə sağlam yanaşmasını təmin etmək lazım gəlirdi. 2. Ölkədə azad və ədalətli seçkilərin keçirilməsini təmin etmək, insanların əsas haqlarından olan seçim və dəyişmək imkanlarını açmaq lazım idi. 3. Ölkədə dövlətçilik üçün çalışan milli qüvvələrin birliyini yaratmaq və bununla da hər an dövləti təhdid edə biləcək separatizmi önləmək olardı. 4. İnsanların ən əsas haqlarını tanımaqla, onların əlacsız qalaraq dini cərəyanlara qoşulmasını təmin etmək və bununla da dini separtizmin güclənməsini önləmək olardı. Və əslində bununla da hər yerdə haqqı tapdanan vətəndaşın özünə separatçı dini cərəyan başçılarına tapınmasını əngəlləmək olardı.
Amma yenə də gec deyil. Hələ ki, hər şey itirilməyib. Azərbaycan coğrafi yerləşmə baxımından «Ərəb baharı»ndan sonra «MDB baharı»na növbəsi çatan ölkələrdən biridir. Düzdür, hələlik dünyanın siyasi texnoloqları hesab edirlər ki, əslində inqilablar növbəsində Azərbaycanın adı heç ilk onluqda belə yoxdu. Təbii ki, bu sırada daha çox Gürcüstanın adının çəkilməsi diqqətdən yayına bilməzdi. Məsələ burasındadır ki, Azərbaycanın bununla bağlı olaraq mövqeyi əslində bir qədər ümidvericidir. Azərbaycan üçün inqilablarla hakimiyyət dəyişikliyi heç bir halda dövlətçilik üçün uğurlu gələcək vəd etmir. Təbii ki, avtoritarizm, idarəetmədəki mühim qüsurlar ortada olduqca, insanların hakimiyyətdən sosial və haqqlar baxımından narazılıqları qaldıqca dövləti təhdid edən məqamlar da qalacaq. Bütün kontekstlərdən yanaşdıqda, Azərbaycan üçün inqilablarla, qarşıdurmalarla hakimiyyət dəyişikliyi istəsə-istəsə Rusiya istəyər. Çünki Ukrayna təcrübəsi göstərdi ki, sağ ultra millətçi qruplaşmalar istənilən halda ağır sonuclarla nəticələnən qələbələr qazanırlar. Ukrayna millətçiləri Yanukoviçi yıxa bildilər. Lakin bu prosses Avropa Birliyi ilə münasibətlərə müsbət təsir edə bilərdisə, radikallar bu gəlirləri də «Maydan»da xərclədilər. Avropa ilə yaxınlaşma, heç də Rusiya ilə düşmən olmaq naminə edilməməli idi. Çünki nə olursa-olsun, Rusiya Ukraynanın yaxın qonşusudur. Həm də Ukrayna ərazisində xeyli sayda rusdilli insanlar yaşayır. Ən azı bu faktorları mütləq nəzərə almaq lazım gəlirdi. Azərbaycanda isə Avropa və ABŞ-ın insan haqları, demokratiya ilə bağlı edə biləcəyi təzyiqlərin də əslində sərhədlərinin olması bu səbəbdəndir. Rusiya Cənubi Qafqazın lider dövlətində qarışıqlıqların yaranmasını istəyən və hətta bununla bağlı çox net alt yapı quran bir dövlətdir. 2013-cü ilin prezident seçkiləri dönəmində – ölkədə seçki öncəsi bir rus təşvişi var idi. «Milyarderlər İttifaqı» quruluşu, onların formalaşması və Milli Şuraya kiçik transferlər. ABŞ və Avropa Milli Şuraya çox qısa konkret şəkildə dəstək verməkdən imtina etdi. Çünki dəstək verməklə Rusiyanın planını şüurlu şəkildə həyata keçirmək və Azərbaycanı Rusiyanın təbəəliyinə daşımaq olardı. Çünki ABŞ-da və Qərbdəki bütün beyin mərkəzləri də oturan massa sahibləri bilirlər ki, rəsmi Bakıya təzyiqləri artıranda döyəcəyi qapı var. Moskvaya meyillənmək və arqumentləri ortaya qoymq üçün kifayət qədər əsaslar var. Qarabağ münaqişhəsinin ermənilərin xeyrinə həll edilməsi, miqrantların Rusiyadan qovulması, ölkənin şimalında Dağıstanla sərhəddə lokal etnik münaqişə ocaqları yaratmaqla vəziyyəti kifayət qədər qəlizləşdirmək olardı. Lakin bütün bunlarla yanaşı, Azərbaycana verilən dəstək ABŞ və Qərbdən yetərli səviyyədədir. Dünyanın demokratiya paytaxtları Azərbaycanda Suriya modeli ilə deyil, Tunis və ya Yəmən modeli ilə dəyişiklik etmək istəyir. Çünki ölkəmiz həm də strateji enerji projelərinin əsas operatorlarından biridir. Bütün hallarda Azərbaycanda demokratiya istəyində olan insanların çevrəsi də kifayət qədər azalmaqdadır. Azərbaycan cəmiyyəti daha çox qəzəbli olduğunu sosial problemlərlə kollektiv şəkildə ifadə edə bilir. Və bu da kifayət qədər qorxulu tendensiyadır. Kifayət qədər qərəzli və məhvə apara bilən bir tendensiyadır. Məsələ burasındadır ki, ortada olan əsas məqamlardan biri də dövləti qorumaqdır. Dövlətçiliyi qorumaq üçünsə, münasibətlər sistemini yenidən formalaşdırmaq və ya bir qədər yumşaltmaq lazım olur. Ölkə müxalifətinin iqtidara qarşı müxalifətdə olduğu bəllidir. Lakin heç bir halda siyasi münasibətlərdə dövlətə qarşı olan müxalifətin olduğunu iddia etmək olmaz. Bu gün Azərbaycan Kommunist Partiyası əslində Yeni Azərbaycan Partiyasının tərəfdaşı kimi görünür. Lakin kommunistlər dünən Putinə yazdıqları müraciəti ilə əslində dövlətiçiliyimizə müxalif mövqedən də qabağa gedərək xəyanət missiyasını yerinə yetirməyə başladılar. Təbii ki, siyasi münasibətlərin yumşaldılması, vətəndaş cəmiyyətinin daha sağlam bir şəkildə, sağlam bir şəraitdə işləməsinə zəmin yaratmaq lazım gəlirdi. Azərbaycan hakimiyyəti anlamalıdır ki, ölkəmiz istər ABŞ və Qərb üçün, istərsə də Rusiya üçün yağlı bir tikə statusunda qalmaqdadır. Problem əslində Rusiya ilə münasibətlərə aid edilə bilər. Azərbaycan üçün ortada olan kifayət qədər mərhələli şəkildə müəyyən etmək olar. Məsələ burasındadır ki, ölkəni təhdid edən məqamlarla bağlı olaraq kifayət qədər məsələlər var. Azərbaycanda dəyişikliklərin baş verməsini fazalı, mərhələli şəkildə həyata keçirmək lazım gəlir. Bu mərhələli dəyişikliklər müəyyən qədər zaman da ala bilər. Lakin alınacaq zaman heç bir halda uzun sürə bilməz. Və hakimiyyətin münasibətlər sistemi ilə əlaqədar olaraq kifayət qədər mühüm olan məqamlar da ortada olmalıdır. Bu baxımdan da ölkəmiz üçün xoşbəxt gələcək vəd edən mühüm məqamları mütləq nəzərə almaq lazımdır. Və dövlətçilik üçün lazım olan bütün demokratik islahatlar aparmaq lazımdır. Demokratik inqilablar növbəsi Azərbaycana çatmasa da, Rusiya Azərbaycanı artıq hədəfə alıb. Rusiyadan xilas olmaq və ortaya konkret dövlət iradəsi qoymaq lazım gələcək. Rüfət ƏLİCANLI
Sorğu
Yeni dizaynımız necədir?