“Atlas” Araşdırmalar Mərkəzi Krımda yaşayan azərbaycanlılarla bağlı araşdırma aparıb
Qeyri-rəsmi məlumatlara görə, Krımda 10 minə yaxın azərbaycanlı yaşayır. Onların böyük əksəriyyəti hələ ki, Ukrayna vətəndaşıdır. Ancaq Rusiyanın Krımı işğal etməsindən sonra yarımadada yaşayan azərbaycanlılar çətin seçim qarşısında qalıblar. Onların indiki şəraitdə iki seçimi var: Birinci seçim - Onlar Ukrayna vətəndaşlığından imtina etməyərək, Krımın Ukrayna ərazisi kimi qəbul edir və Rusiyanın yarımadanın işğalı ilə barışmırlar. İkinci seçim – Onlar mövcud reallıqdan çıxış edərək, Rusiyanın Krımı işğal etməsi faktını qəbul edir və Rusiya pasportları almağa üstünlük verirlər. Krımda 16 martda keçirilən referendumda azərbaycanlıların bir qismi səsvermə məntəqələrinə gediblər. Referendumu boykot edən azərbaycanlılar da az olmayıb. Krımdakı azərbaycanlıların bir hissəsi isə gözləmə mövqeyindədir, hadisələrin gələcək inkişafını gözləyirlər. Buna baxmayaraq, bir müddətdən sonra Krımda yaşayan azərbaycanlıların böyük hissəsinin Rusiya pasportlarını almağa üstünlük verəcəyini proqnozlaşdırmaq olar. Çünki, Krımda yaşayan azərbaycanlılar əsasən ticarətlə məşğul olurlar. Onlar Rusiya vətəndaşlığından imtina etsələr, Moskvaya bağlı yerli hakimiyyəti azərbaycanlılara biznes fəaliyyətlərində porblemlər yaradacaqlar. Digər tərəfdən, Rusiya vətəndaşlığını qəbul etməyənlərin Krımdan çıxması məsələsi qoyulacaq. Krımdakı azərbaycanlı diaspora rəhbərləri hazırki ağır vəziyyətlə bağlı Krım tatarlarının liderləri ilə müzakirələr aparırlar. Krım tatarları da faktiki azərbaycanlıların durumundadırlar. Krım Tatar Məclisi Rusiyanın Krımı öz tərkibinə qatmasını qəbul etməsə də, vəziyyətdən necə çıxacağına dair planı yoxdur. Birinci variant – Rusiya idarəçiliyinə qarşı mübarizə aparmaq, Krım Tatar Məclisinin rəhbəri Rifat Çibarovun dediyi kimi ruslar kimi yarımadada öz müqədərratlarını təyin etmək yoluna üstünlük vermək. Ancaq bu yol tatarları ruslarla və Moskvayla qarşıdurmaya aparır; ikinci variant – Krımı de-yure Ukrayna ərazisi kimi tanıyaraq, de-fakto Rusiyanın bölgəsi kimi qəbul etmək və Rusiya pasportarı almaq; üçüncü variant – gözləmə mövqeyində dayanaraq, ABŞ və Avropa Birliyinin dəstəyinə arxalanmaqdır. Vaşinqton və Brüssel krım tatarlarının ruslara müqavimət göstərməsini istəyir. Təsadüfi deyil ki, krım tatarlarının əfsanəvi lideri Mustafa Krımoğlu Avropa ölkələrinə, ABŞ-a dəvət alır, onunla məsləhətləşmələr aparılır. Buna baxmayaraq, tatarlar ABŞ və Avropadan real dəstək almasalar, tədricən mövcud durumla barışacaqlar. Krım tatarlarının bu siyasəti yarımadada yaşayan azərbaycanlıların qərarına da təsir edəcək. Ankara isə krım tatarlarına görə Kremllə münasibətləri pozmaq istəməyəcək. Türkiyə hökuməti Krımın işğalını pisləsə də, mövcud reallıqdan çıxış edərək, Krım tatarlarına Moskva ilə münasibətləri gərginləşdirməməyi məsləhət görəcək. Ankaranın bu siyasəti rəsmi Bakının da maraqlarına cavab verir. Çünki, rəsmi Bakı krım tatarlarının dəstək çağırışına müsbət cavab verə bilmir. Azərbaycan hakimiyyəti Avropa Şurasında və BMT-də keçirilən son səsvermələrdə Ukraynanın ərazi bütövlüyünə səs verərək, Qərbin yanında yer alıb. Ancaq rəsmi Bakı Krımın Rusiya tərəfdən işğal olunmasına dair qəti mövqe ortaya qoymayıb. Rəsmi Bakı bununla Kremli qıcıqlandırmaqdan çəkinir. Odur ki, böyük ehtimalla rəsmi Bakı Krımda yaşayan azərbaycanlılara Moskva ilə münasibətləri gərginləşdirməməyi məsləhət görərək, Rusiya pasportlarına yiyələnməyin əleyhinə çıxmayacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?