Kremlin bundan sonrakı planları nədən ibarət olacaq?
Ukraynada vəziyyət qəliz və qarışıqdır. Amma kənardan baxanda bu, asan görünsə də həlli dalana dirənib. Bunu başa düşmək üçün məsələyə Rusiya tərəfinin gözü ilə baxmaq kifayət edir. Krımı nəzərə almasaq, Rusiyanın Ukraynanı Avrasiyaya birləşdirmək niyyəti lap əvvəldən bəlli idi. Kremlin qarşısına qoyduğu əsas məqsəd də Kiyevi Qərbin təsirindən çıxarmaqdır. Yanukoviçin Moskvaya əks siyasəti və ikili oyunu elə onun öz başında çatladı. Onun iki inəkdən süd əmmək planının üstü tezliklə açıldı. Amma Yanukoviçin əmdiyi südü tezliklə burnundan gətirdilər. Qərbin Ukraynada elədikləri Kremli əməlli-başlı özündən çıxardı və Moskva gözyaşlarına inanmayaraq qisas əməliyyatına başladı. Ukraynanı tərəfinə tam çəkə bilməyən Moskva onu Qərblə özündən asılı vəziyyətə salaraq ölkəni parçaladı. Ukraynanı federal dövlətə çevirməklə Moskva Kiyevi seçim qarşısında qoyub. İndi kim zəmanət verə bilər ki, Donetsk, Luqansk, Krım birləşib "Yeni Rusiya" yaratmayacaq. Hazırda Kiyev bu vilayətlərə nəzarəti itirib. Amma rəsmi Moskva bununla kifayətlənməyəcək. Rusiya bir neçə vilayətin də Kiyevin nəzarətindən çıxmasını təmin edəcək. Amma Ukraynanın Qərbin məsləhəti ilə antiterror əməliyyatlarına başlaması və Moskvaya qarşı bəzi sanksiyalar Putini sakitləşdirib. Antiterror əməliyyatları çərçivəsində az qan tökülməsi Kiyevə əlavə stimul verib. Bu əməliyyatların davamı isə bəzi silahlı qüvvələrin irəliləməsinin qarşısını ala bilib. Beləliklə, Ukrayna hakimiyyəti indi bu qruplaşmaları geriyə oturtmaq barədə planlar cızır. Yerli hakimiyyəti əllərində saxlayan Şərqi Ukrayna oliqarxları üçün yeni yaranan qondarma "respublika"ların heç bir cəzbediciliyi yoxdur. Hazırda Kreml vəziyyəti öz axarına buraxmaqla sadəcə müşaiyətçi rolunu oynayır. Amma bu vəziyyət Moskvanın əleyhinə də işləyə bilər. Belə ki, Donetsk və Luqansk vilayətlərində qarşıdurmalar artarsa və ölümlər çoxalarsa, onda Kiyev sülhməramlı qüvvələri bölgəyə çağırıla bilər. Bu isə Rusiyanın planlarının alt-üst olması deməkdir. Belə olan halda Rusiya-Ukrayna müharibəsi qaçılmazdır. Krım ssenarisinin müsbət sona çatmasının səbəbi isə bu işin arxasında ordunun durması idi. Amma Donetsk və Luqanska ordu çıxarmaq faktiki olaraq Moskva üçün separatçı adını üzərinə götürməkdir. Buna görə səssiz qalan Moskvanın gizli planlar qurduğu gözləniləndir. Hazırda Rusiyanın əsas məqsədi Ukraynanın maddi əsasını təmin edən cənubu ələ keçirməkdir. Bu, baş tutmasa Ukrayna tamamilə Qərbin nəzarətinə keçəcək və fürsət ələ düşən kimi itirilmiş ərazilərini bərpa etməyə çalışacaq. R.Əlicanlı
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?