Ərdoğanın seçkilərdən qalib gəlməsi bu ali məktəbin bağlanması ilə nəticələnə bilər, təhsil ocağında çamadan ab-havası var
Nurçu qalmaqalı ətrafında yeni proseslər cərəyan edir. Azərbaycan hakimiyyəti daxilində nurçu təriqətinə sitayiş edənləri təmizləmək xəttini tutmaqla yanaşı, iqtisadi güclərini də zəiflətmək kursunu götürüb. Hakimiyyət qarşıdakı günlərdə səs-küylü addımlarla yadda qala bilər. Martın 30-da keçiriləcək Türkiyədəki bələdiyyə seçkilərinin ardınca Azərbaycan tərəfi nurçulara qarşı qiyam qaldıracaq. Ərdoğanın partiyasının seçkilərdə qalib gələcəyi şübhə doğurmayan bu mərhələdən sonra, hakimiyyət ona dostluq əlini uzadacaq. Mənbənin “Gündəm-xəbər”ə verdiyi məlumatda deyilir ki, nurçuların Bakıdakı universitetinin bağlanmasına hazırlıq gedir. Universitet rəhbərliyi məsələni təkzib edib, amma real vəziyyət başqa mətləbdən xəbər verir. Qafqaz təhsil ocağının rəhbərliyi çamadan əhval-ruhiyyəsindədir. Az öncə mətbuat Türkiyənin baş naziri Ərdoğanın Azərbaycandan xüsusi xahiş etdiyi, “Araz”, “Zirvə” kurslarını, Qafqaz Universitetinin fəaliyyətinə xitam verilməsini arzuladığını yazıb. Xəbərin səhihliyi bilinmir. Ancaq real məluma ondan ibarətdir ki, həmin kurslar ola bilsin fəaliyyətini davam etdirsin. Amma ali məktəbin bağlanması təhlükəsi qalır. İki od arasında qalan hökumət hansı addımı atacağını bilmir. Əgər ali məktəb bağlansa, Gülən komandası ona qarşı hücum taktikasını seçə bilər. Əks halda isə Ərdoğanla münasibətlər pisləşəcək. Hökumət seçkilərin nəticəsini gözləyir və əgər Ərdoğan qalib gəlsə, Qafqaz universitetinin kitabı bağlanır. Burada təhsil alan tələbələrin taleyi isə aydınlaşacaq. Onların başqa məktəblərə köçürülməsi nəzərdə tutulub. Məlumdur ki, son günlər Azərbaycanda Fətullah Gülənə bağlı dövlət məmurlarının olduğu, onların sırasında hətta deputatların varlığı barədə silsilə məlumatlar yayılır. Məlumatlarda deyilir ki, baş nazir rəsmi Bakıdan Gülənlə mübarizədə ona yardımçı olmağı xahiş edib. Və bildirib ki, hakimiyyət dairələrində nurçularla bağlı olanların onlarda olan siyahısında adları keçən şəxslərin təftişinə də başlanılmasında yardımçı olsunlar. Ən əsas xahiş isə Gülənlə bağlı olan və Azərbaycanda fəaliyyət göstərən təhsil kursları və məktəbləri bağlanılması ilə bağlı olub. Azərbaycan tərəfi də bu xahişi nəzərə alaraq, hərəkətə keçib. Hakimiyyət dairələrində və ona yaxın qurumlarda təmsil olunan və nurçularla bağlı olan şəxslərin kimliyi araşdırılır. Elnur Aslanovun işdən azad olunması birbaşa nümunədir. Ali məktəbin bağlanması əslində çox ciddi skandal ola bilər. Bu qarşıdurmaları dərinləşdirməyə gətirib çıxaracaq. Hakimiyyət isə Türkiyənin mövcud iqtidarı ilə münasibətləri pisləşdirmək istəmir. Həm də nurçuların Azərbaycanda kök atması və güclənməsi heç də ona sərf etmir. Gülən camaatının Türkiyədəki ikinci şəxsi Mustafa Özcan ölkədən qaçıb. Bu haqda martın 28-də Türkiyə mediası xəbər yayıb. Xəbərdə bildirilir ki, Özcan idarə etdiyi "Kaynak Holding"də polisin axtarış aparmasından bir neçə gün öncə heç kimə xəbər vermədən Türkiyəni tərk edib. M.Özcanın indi Belçikanın paytaxtı Brüsseldə olduğu bildirilir. Türkiyə mediası yazır ki, Mustafa Özcan baş nazir Rəcəb Tayyib Ərdoğana və digər AKP-lilərə qarşı səs yazılarını mediaya ötürən əsas isimlərdəndir. Bu şəxsin Azərbaycanla da əlaqələrinin olması istisna edilmir. Mustafa Özcan uzun illərdir Fətullah Gülənin ən etibarlı adamları sırasındadır. O, Pensilvaniyada yaşayan Gülən üçün ildə bir neçə dəfə camaat üzvlərinin Türkiyədəki daşınar və daşınmaz əmlakı ilə bağlı hesabatlar hazırlayırmış. Habelə, ölkəmizdə müəyyən tikinti biznesinə payı var. Rafiq Qara
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?