Rayonun işğalı zamanı könüllü “döyüşçülər” haradaydı, və yaxud müdafiə briqadasının rəhbərliyi və bölgə kontingenti necəydi?
Dağlar qoynunda qədim diyar
Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Həmin dövrdən günümüzədək keçən müddət isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində müxtəlif vaxtlarda aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir. Son olaraq inzibati ərazi vahidi kimi Kəlbəcər rayonu 8 avqust 1930-cu ildə yaradılmışdır.
Münaqişə illərində
Ermənistanla Azərbaycan arasında yaradılan milli münaqişənin ilk dövrlərində Kəlbəcər camaatı da ölkənin digər sərhədyanı rayonlarının əhalisi kimi daha çox məlumatlar əldə edərək onları yayır və müzakirə mövzusuna çıxarır, bununla belə təxribatlara uymamağa çalışır, mərkəzi rəhbərliyə daha çox ümid bəslədiyindən tezliklə bu məsələnin öz həllini tapacağına inanır. Bununla da bir-birini əvəzləyən tükürpədici məlumatlar yerli əhalinin, artıq vərdiş etdiyi növbəti məlumatlar sırasına keçir və adiləşməyə başlayır. Odur ki, könüllü olaraq təşkilatlanaraq ermənilərlə həmsərhəd kəndlərdə müdafiə zolağı yaratmaq və doğma yurdu müdafiə etmək əvəzinə gözləməyə üstünlük verirlər. Bu məsələdə öç mühüm faktor kəlbəcərlilərdə arxayınçılıq yaradırdı. Bunlardan biri Kəlbəcərin və sərhədyanı kəndlərin nisbətən hündürlükdə yerləşməsi idi ki, əhalidə ermənilərin hücum etməyəcəyi təskinliyi yaradırdı. İkincisi, istər qonşu Laçın və Dağlıq Qarabağın Ağdərə rayonlarında, istərsə də Ermənistanın Göyçə mahalının kəndlərində azərbaycanlılar yaşayırdı və ermənilərlə arada bufer rolunu oynayırdı. Üçüncüsü isə Göycə mahalının əhalisi köçürüldükdən sonra bölgəyə rusdili Sovet qoşununun yeridilərək sərhəddi qorumasından ibarət oldu. Bu üç faktor kəlbəcərlilərdə tam olmasa da müəyyən arxayınçılıq yaratdı və onlar digər rayonlarda gedən proseslərdən geridə qaldılar.
Mərkəzlə əlaqə
Kəlbəcər rayonuna dəmir yolu xətti çəkilməmişdi. Yeganə şassi yol olan Tərtər – Ağdərə (Dağlıq Qarabağ) – Kəlbəcər yolundan istifadə edərək mərkəzlə əlaqə saxlayırdılar. Camaat arxayın yaşasa da rəhbərlikdə oturanlar gözəl başa düşürdülər ki, ermənilər istədikləri vaxt tunel yolu (Ağdərə yolunu belə adlandırırdılar) bağlayıb Kəlbəcərin mərkəzlə əlaqəsini kəsə bilərlər. Odur ki, alternativ yollar haqqında düşünməyə başladılar. 1988-ci ilin aprel ayında iki istiqamətdə yol çəkilişinə başlandı. Bunlardan biri Kəlbəcərin tunel bölgəsini Laçın rayonu, digəri Yanşaq – Meydançay bölgəsini Murovdağdan keçməklə Gəncə şəhəri ilə birləşdirəcəkdi. Kiçik Qafqaz sıra dağlarında dəniz səviyyəsindən üç min metr və daha yüksək hündürlükdə olan Murovdağdan yol çəkilişi məsələsi ağlabatan olmasa da başqa çıxış yolu da qalmırdı. Bir də maraqlı məqam ondan ibarət idi ki, SSRİ tarixində smeta-layihə sənədləri tərtib edilmədən çəkilişi başlanan yollar yalnız bələdçilərin göstərişi əsasında aparılırdı. Elə həmin ilin yazında ölkə rəhbərliyinə gətirilən Əbdürəhman Vəzirov bu yolların həmmüəlliflərindən olmasa da çəkilişə əngəl də törətmədi. İyul ayında Laçın istiqamətində çəkilən yol başa çatdırıldı və Laçın rayonunun Qorçu kəndində ümumi şösse yola birləşdirildi. Sentyabrın ortalarında isə Gəncə istiqamətində çəkilən yol Murovdağ aşırımında keçərək Xanlar (indiki Göygöl) rayonunun Toğanalı kəndindəki yola birləşdirildi. Yol çəkilişi Kəlbəcərin mərkəz ilə əlaqəsini yaxşılaşdırsa da gərginliyi tam olaraq aradan qaldırmadı. Belə ki, Tərtər – Ağdərə – Kəlbəcər marşrutu ilə hərəkət edən maşın karvanı yaxınlıqda yerləşən erməni kəndlərinin əhalisinin hücumuna məruz qalırdısa, yeni marşrutda olan Çaykənd, Azad və Kamo kəndlərində tam olaraq yaşayan ermənilərin təxribatlarından da yan keçmək mümkünsüz olacaqdı. Son olaraq Ağdərə yolundan nə vaxt istifadə olunduğu xatırlanmasa da Murovdağ yolu hazır olandan sonra bu yoldan istifadəyə üstünlük verilməyə başladı. Yoldan istifadənin xüsusi əhəmiyyəti həm də ondan ibarət idi ki, bu yolda da tək hərəkət təlimata uyğun deyildi. Toğanalı kəndinin girəcəyində, Aşırımın ətəyində və Meydançay deyilən ərazidə “Yol evi” deyilən daldalanacaqlar tikilmişdi ki, burada sürücülər bir-birlərini gözləyib karvan şəklində yollarına davam etməliydilər.
İlk müdafiə tədbirləri
Digər bölgə rayonlarında olduğu kimi Kəlbəcərdə də ermənilərin təxribat xarakterli hərəkətləri ilə üzləşdikdən sonra özünümüdafiə məsələsi ortaya çıxdı. Ağdərə yolundan keçən maşınlara basqınla kifayətlənməyən erməni dığaları kiçik qruplarla Kəlbəcər kəndlərinin “kəşfiyyat”ına çıxmağa başlayırlar. Belə ki, 1989-cu ilin iyun ayında, artıq xeyli vaxtdır Kəlbəcər maşınlarının Dağlıq Qarabağ yolu ilə keçmədiyini görən ermənilər on bir nəfərlik bir qrupla Ağdaban kəndi ərazisinə gəlirlər. Fəal tərpənən kənd camaatı onları zərərsizləşdirərək rayon mərkəzinə gətirir və Daxili İşlər Şöbəsinə təhvil verirlər. Amma çox keçmir ki, rus hərbçilərinin müşayiəti ilə iki vertolyot gəlir və tutulanları istintaqa cəlb etmək üçün Xankəndinə aparmalı olur. Nəzərdə tutulmuş vertolyot meydançasına deyil, şəhər stadionuna eniş edən vertolyotlardan biri qalxma zamanı qəza uçuşu törədərək meydançada futbol oynayan səkkiz azyaşlı gənci qanına qəltan eyləyir və Kəlbəcər camaatını matəmə qərq edir. Bununla da özünümüdafiəyə qalxan camaat könüllü qruplar yaratmağa başlayır. Amma çox keçmir ki, Daxili İşlər Şöbəsinin tərkibində digər bölgələrdə olduğu kimi milis bölükləri komplektləşdirilir və Ermənistanla sərhəddə olan Söyüdlü,Qara qaya, Dikyurd, Yellicə, Zəylik, Taxtadüz, Xanım dərəsi, Dağlıq Qarabağ ilə həmsərhəd olan Ağdaban, Narışdar, Çərəktar və təxribat xarakterli hücumlar gözləniləsi ehtimal olunan digər ərazilərdə postlar qurulur. Həmin postlarda iki yüz nəfərlik milis bölüyünün nəfərləri ilə bərabər könüllü dəstələrin üzvləri də dayanmalı olurlar. Könüllü müdafiəçilərin əzmi rəhbərliyin atdığı iki addım nəticəsində qırılır. Birincisi, 1990-cı ilin iyirmi yanvar qırğınından sonra əhalidən ov tüfənglərinin yığılması və rusdilli Sovet qoşun dəstələrinin bölgəyə yerləşdirilməsi könüllü müdafiə dəstələrinin nizamını pozur və onlar, demək olar ki, fəaliyyətlərini dayandırırlar.
Təxribatlar münaqişəni dərinləşdirir
Mart ayından Dağlıq Qarabağ ərazilərinə rəhbərliyi öz üzərinə götürən rus hərbçiləri ilə aparılan danışıqlar nəticəsində maşın karvanının Kəlbəcər – Ağdərə – Tərtər marşrutu ilə köhnə qayda üzrə hərəkətinə icazə verildi. Bir müddət yük maşınları, hətta sərnişin avtobusları hərbçilərin müşayiəti ilə bu yolla işlədilər. Amma rahatçılıq tapa bilmirdilər. Vahimə içərisində hər an hücuma məruz qalacaqlarından dörd göz olub bu bir neçə saatlıq yolu cəhənnəm əzabı ilə qət edirdilər. Nəhayət, qorxduqları başlarına gəldi. Iyun ayının on birində ermənilərin törətdiyi vəhşilik kəlbəcərliləri ikinci dəfə sarsıtdı və arada yaranan düşmənçiliyi bir az da dərinləşdirdi. Həmin gün Tərtərdən gələn maşın karvanı Otaq qaya adlanan yerdə ermənilərin pusqusuna düşdü. Karvan güllə-barana tutuldu. Onlarla kəlbəcərli və İstisu sanatoriyasına gələn qonaq yaralandı və şikəst oldu. Xidməti vəzifə borcunu yerinə yetirən (hərbçilərlə bərabər həm də milis işçiləri karvanı müşayiət edirdi) milis mayoru həlak oldu. Onunla bərabər rus hərbçilərindən olan əsgər Sergey Mezentsev də aldığı güllə yarasından dünyasını dəyişdi.
Milli Ordu yaradılır
1991-ci il sentyabrın sonlarında Bakıda Meydan Hərəkatı yenidən fəallaşmağa başladı. Ali Sovetin qarşısında qoyulan əsas tələb növbədənkənar sesiyanın çağırılması və Ordu yaradılması haqqında qərarın qəbul edilməsi idi. Xalqla birlikdə hərəkət edən deputatlar da az deyildi və rəhbərliyi sıxışdırırdılar. Ali Sovet rəhbərliyi isə oktyabrın on altısında başlayacaq SSRİ Ali Sovetinin sesiyasının nəticələrini gözləyirdi. Meydan Hərəkatı öz iradəsini ortaya qoyaraq Azərbaycan Ali Sovetinin növbədənkənar sesiyasının çağırılmasına nail oldu. Güclü müzakirələrlə yadda qalan növbədənkənar sesiya oktyabrın səkkizində öz işinə başladı. Axşam Ali Sovetin sədri Elmira Qafarova sözün əsil mənasında cığallıq (başqa ifadə cılız görünə bilər) edərək İclas salonunu tərk etdi. Amma millətçi deputatlar bu taleyüklü məsələnin həllində ən vacib məqamı ona anlada və məsuliyyətini dərk etdirə bildilər. Növbəti gün öz işini davam etdirən növbədənkənar sesiya “Ordu yaradılması haqqında” qərar qəbul etdi. Beləliklə, qısa təlimatlardan sonra Ermənistanla bütün sərhəd rayonlarında və Dağlıq Qarabağla həmsərhəd rayonlarda könüllü dəstələrin bazasında yerli Ərazi Özünümüdafiə taborları (Hərbi hissələr) formalaşdırılmağa başlayır. Hətta bir neçə yaxın rayonlarda əməliyyat şəraitinə vahid rəhbərlik göstərilsin deyə briqadalar (hərbi birləşmələr) yaradılır. Bu proses hər yerdə 1991-ci ilin dekabr ayından start götürür və 1992-ci ilin mart ayından (Xocalı soyqırımından sonra) intensivləşir. Amma Kəlbəcər rayonunda bu proses bir neçə səbəb ucbatından alınmır. Birincisi, mərkəzlə canlı əlaqə yaradılması çətin olduğundan könüllü dəstələri birləşdirib Ərazi Özünümüdafiə taboru yaradacaq məsul şəxsin Bakıya gəlib təlimatlandırılması müşkülə çevrildiyindən baş tutmur. İkincisi, bölgədə milislərin və rus hərbçilərinin xidməti, eyni zamanda əhalidən ov tüfənglərinin yığılması nəticəsində dağılan könüllü dəstələr bir daha toplaşmırlar.
Rus hərbçiləri yeganə xilaskar rolunda
Kəlbəcər rayonu ərazisində xidmət keçən rus hərbçiləri əhalinin rəğbətini qazana bilmişdi. Onlardan elələri var idi ki, əvvəllər Ermənistanda xidmət keçib dığaların riyakarlığının şəxsən şahidi olmuşdu. Həm də bir neçə dəfə erməni yaraqlılarına qarşı əməliyyatlar keçirmişdilər. Əməliyyat zamanı Dağlıq Qarabağın həmsərhəd olan Getavan, Çapar, Vaqauz, Zərdəxaç kəndlərindən 24 nəfər erməni yaraqlısını həbs rdərək Tərtər rayon Daxili İşlər Şöbəsinə təhvil vermiş, Haterk kəndi yaxınlığında 40 nəfərlik silahlı dəstə ilə döyüşə girərək onlardan çoxunu məhv etmiş və yerdə qalanını həbs edərək təhvil vermişlər. Beləliklə, bir neçə əməliyyatda ədalətlilik prinspindən çıxış edən rusdilli Sovet qoşunu kəlbəcərlilərin əsil xilaskarına çevrilmişdi. Milli Ordu yaradılmağa başladıqdan üç ay sonra Sovet qoşunlarının bölmələri Bakıya çağırıldı. Bu proses bütün sərhədyanı rayonlarda, o cümlədən Kəlbəcərdə 1992-ci ilin mart ayında həyata keçirildi. Könüllü dəstələrini formalaşdırıb Ərazi Özünümüdafiə taboru yaratmayan kəlbəcərlilər bundan təşvişə düşdülər. Rayon rəhbərliyinin heç olmasa silahları qoyub getməsi haqqında rus hərbçiləri ilə danışıqları səmərəsiz qaldı. Yerli əhali texnika, silah, sursat və hərbçilər toplaşmış meydançanı mühasirəyə aldı. Belə olan halda rus hərbçiləri vertolyotları köməyə çağırdılar. Mühasirə yarılmasa vertolyotlardan atəş açılacağı ilə hədələnən kəlbəcərlilər dağılışdılar və rus hərbçiləri rayonu tərk etdi.
Müdafiə naziri Kəlbəcərə gəlir
Aprel ayının yeddisindən səkkizinə keçən gecə ermənilər hücum edərək Ağdaban yaşayış məntəqəsini işğal edir. Bu xəbəri eşitcək Gəncə Daxili İşlər İdarəsinin rəisi Eldar Həsənov 75 nəfərlik milis bölüyünü Kəlbəcərə köməyə göndərir. Müdafiə naziri Rəhim Qazıyev dərhal Kəlbəcərə gəlir. Ölkənin müdafiəsinə cavabdeh olan bir nömrəli şəxs real vəziyyəti analiz edib fövqəladə əmr verir. Onun əmri ilə 701 saylı hərbi hissə Kəlbəcər rayonunun müdafiəsinə göndərilir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, həmin hərbi hissə Bakı şəhərinin Şıxov deyilən massivində Sovet qoşunundan Azərbaycan Milli Ordusuna miras qalan normal şəraitli hərbi şəhərcikdə yaradılan və ölkə başçısının, yəni Ali baş komandanın ehtiyatı idi. Digər döyüş bölgələrində yaranmış gərgin vəziyyətlə əlaqədar bu hərbi hissədən bölüklər, lap elə bütöv bir tabor köməyə göndərilmişdi. Amma elə bir kritik məqam yaranmamışdı ki, bütövlükdə briqada döyüş bölgəsinə göndərilsin. Mən bu məqamın üzərində bir daha dayanıram və hesab edirəm ki, Kəlbəcər rayonunun tez işğal olunmasında əsas səbəblərdən biri də yerli döyüşçülərdən komplektləşən taborun olmamasıdır. Düzdür, ard-arda digər rayonlar da işğal olundu. Lakin Kəlbəcərin işğalını həmin rayonların işğalı ilə eyniləşdirmək olmaz.
Yekun olaraq...
Kəlbəcərdə kimlər döyüşdü, Zaur Rzayev, ya Əzizağa Qənizadə necə komandanlıq elədi, işğala görə kimi tutdular, və sairə, və ilaxirlər barədə işğaldan ötən bu iyirmi bir ildə bəlkə də yüz iyirmi bir dəfədən çox yazılıb. İndi nəyin düz, nəyin səhv olduğunu isbatlamaq bir o qədər də çətin deyil. Amma zamanında olan şəraiti hər kəs dəyərləndirmək iqtidarında ola bilməz. O vaxtlar el arasında gəzən bir şayiəyə diqqət çəkmək istəyirəm. Çünki şayiələr heçdən yaranmır, onlar da ən azından bir məntiqə, informasiyaların bitdiyi sonluq məntiqinə söykənirlər. Gəzən şayiə ondan ibarət idi ki, vəzifədə olan bəylər işğala qəsdən göz yumurlar, bəlkə də özləri şərait yaradırlar. Bununla da onlar ermənilərin işğalçı bir dövlət olduğunu BMT-də bütün dünyaya sübut etmək, ermənilərə qarşı yeni bir qətnamə qəbul etdirmək və bununla da dığaları qeyd-şərtsiz işğal olunmuş bütün ərazilərdən çıxartmaq istəyirlər. Həqiqətə oxşasa da, həqiqət olduğunu demək mümkünsüzdür. Çünki Kəlbəcərin işğalında nə vəzifə kreslosunda oturan bəylər, nə də dədə-baba yurdundan didərgin düşmüş kəlbəcərlilər qalib ola bilməzdilər. Uduzmağın isə meyarı olmur, uduzdun, məğlubsan. Məğlubsansa, deməli, həm də haqsızsan. Heç görmüsünüzmü ki, məzlumun halına acıyıb ona qahmar dursunlar? Görsəniz də ürəyində Həzrət Əli xofu olanlar arasında görə bilərsiniz, daha amansız kapitalizmin tüğyan etdiyi vəhşi xristian dünyasında yox!!! Əli bəy Azəri
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?