“Biz, Azərbaycan hökumətini Avropa Şurasına vəd etdiyi və qurumun üzvü kimi ondan tələb olunan insan hüquqları islahatlarını tezliklə və ardıcıl şəkildə həyata keçirməyə çağırırıq. Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ərəfəsində yerinə yetirməli təcili tədbir olaraq vicdan məhbuslarını azad etməli və onlara qarşı irəli sürülmüş ittihamlar ləğv olunmalıdır”. Bu barədə Azərbaycanın vətəndaş cəmiyyətinin Avropa Şurasına müraciətində deyilir. Müraciət bu gün Strasburqda AŞ Nazirlər Komitəsinə, baş katibə, Parlament Assambleyasına, Yerli və Regional Hakimiyyətlər Konqresinə, İnsan Hüquqları üzrə Komissara və Beynəlxalq QHT-lərin Konfransına təqdim ediləcək. Sənəddə deyilir ki, Azərbaycanın insan hüquqlarına basqıları Avropa Şurasına sədrliyi ilə bir araya sığmır. “Biz, Azərbaycanın vətəndaş cəmiyyəti, Avropa Şurasını fundamental insan hüquqlarını qoruya bilmədiyi üçün Azərbaycanı tənqid etməyə çağırırıq. Azərbaycanda insan hüquqlarının durumu pan-Avropa insan hüquqları təşkilatı olan Avropa Şurasının qəbul etdiyi standartlara ziddir və buna görə də, ölkənin may ayında başlanacaq sədrliyi qurumun insan hüquqları prinsiplərini sarsıtmaq təhlükəsi yaradır”, deyə vətəndaş cəmiyyətini müraciətində qeyd edilir. Azərbaycan özünü ifadə, sərbəst toplaşmaq və birləşmək azadlıqlarını təmin etməklə bağlı məcburi və fundamental öhdəliklərini xüsusilə ciddi və davamlı şəkildə pozur. “Azərbaycan mayın 16-da sədrliyi qəbul edəndə, Avropa Şurası və ictimaiyyət ölkədən özündə Avropa Şurası dəyərlərini təcəssüm və ifadə etdirməyi gözləyəcək. İndiyə qədər, hökumətin ölkədə insan hüquqları üçün yaratdığı çətin şərait isə nə Avropa Şurası standartları ilə, nə də insan hüquqları prinsipinə əsaslanan bu təşkilata rəhbərliklə bir araya sığmır”, deyə sənəddə xatırladılır. Müraciətdə deyilir ki, ölkənin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ərəfəsindəki aylarda ifadə, toplaşma və birləşmə azadlıqlarına təzyiqlər artıb. “Tənqidi və müxalif fikirlər səsləndirən jurnalistlərin, blogerlərin, hüquq müdafiəçilərinin və etirazçıların həbsi, tutulması və azadlıqdan məhrum olunması davam edib. Onlar öz fəaliyyətlərini həyata keçirərkən davamlı olaraq təzyiq və hücumlara məruz qalırlar. Martın 17-də iki siyasi fəal, İlqar Məmmədov və Tofiq Yaqublu sadəcə hökuməti tənqid etdiklərinə görə, saxta ittihamlarla uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar. Azərbaycanda seçkilərin monitorinqi sahəsində 12 ildən artıq fəaliyyət göstərən müstəqil qrup olan “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin rəhbəri Anar Məmmədli vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı və mənimsəmə və ya israf etmə kimi saxta ittihamlarla 2013-cü ilin dekabrından bəri həbsdədir”. Azərbaycanda öz ifadə azadlığı hüquqlarını dinc şəkildə həyata keçirməyə cəhd etdiklərinə görə həbs olunmuş və Amnesty International təşkilatının da vicdan məhbusu kimi tanıdığı ən azı 17 vicdan məhbusu var. “Son aylarda Azərbaycan hökuməti beynəlxalq standartları pozan bir neçə qanunvericilik dəyişikliyi - Sərtbəst Toplaşmaq və QHT haqqında qanunlara dəyişikliklər həyata keçirib. Bu dəyişikliklər Azərbaycanın vətəndaş cəmiyyətinə və onun hüquq pozuntularına qarşı çıxış etmə imkanlarına mənfi təsir göstərib”, deyə müraciətdə qeyd edilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?