Füzulinin icra başçısı öz firması ilə büdcə pulunu hara xərcləyir?
Əhali arasında Füzuli rayonunun icra başçısı A.Alıyevə olan etimad və hörmət sürətlə itməkdədir. 17 il Füzuliyə rəhbərlik etmiş Nəbi Muxtarovdan sonra onun yerinə təyin olunan Alı Alıyev sələfinin bəd əməllərini davam etdirməyəcəyi haqda əhaliyə söz vermişdi. O, vəzifəyə yeni gələndə iclaslarda və başqa ictimai yerlərdə deyirmiş ki, Nəbi kimi rüşvət yığmayacaq, xalqı incitməyəcək və s. Hətta bildirilir ki, Alı Aıyev iaşə obyektlərinə, ət dükanlarına, sahibkarlıq obyektlərinə şəxsən gedərək bəyan edirmiş ki, onun adından kim pul yığmağa gəlsə, qovsunlar. Bir sözlə, A.Alıyev rüşvətsiz, korrupsiyasız işləyəcəyinə dair kişi sözü veribmiş. Bu haqda zamanında ölkə mediasında da məlumatlar yayılırdı. Yerli mənbələr deyir ki, A.Alıyevə xalq tərəfindən ən çox hörmət qazandıran hərəkəti isə icra başçısının müavini Şakir Hacıyevi vəzifədən atması olmuşdu. Ş.Hacıyev sabiq başçı N.Muxtarovun sağ qolu olub. Xalqa divan tutulmasında, seçkilərdə saxtakarlığın həyata keçirilməsində onun qabiliyyətindən çox istifadə olunub. Füzulililər deyir ki, Nəbi Muxtarov rüşvət və korrupsiyanı əsasən Şakirin əli ilə həyata keçirirmiş. Qaçqın rayonu olan Füzulidə əhalinin yardım pullarının yeyilməsində də Ş.Hacıyev əsas fiqurlardan biri imiş. Alı Alıyev bir-iki ay təmiz işləyəndən sonra verdiyi sözü tutmayıb: o da sələfi kimi, hələ ondan da artıq rüşvət və korrupsiyaya qurşanıb. Füzulinin işğaldan azad olunmuş kənd və qəsəbələrində fəaliyyət göstərən sahibkarlardan aylıq “haqq” yığılması bərpa edilib. Üstəlik büdcə təşkilatları rəhbərlərinin kütləvi şəkildə işdən çıxarılmasından sonra onların yerinə yeni təyinatlar zamanı kütləvi şəkildə rüşvət yığılmağa başlayıb. Bu hal daha çox orta məktəb direktorlarının işə alınması zamanı baş verib. İcra hakimiyyətindəki mənbə deyir ki, yeni başçı tərəfindən “vurulmuş” Şakir Hacıyev isə boş dayanmayıb. Bu müddət ərzində o, A.Alıyevdən “yuxarılara” donos göndərirmiş. Bütün əlaqələrini işə salaraq başçıdan heyfini almağa çalışan Ş.Hacıyev axırda qismən istəyinə çatıb. A.Alıyev onu Füzuli şəhər icra nümayəndəliyinin başçısı təyin edib (aydınlıq olsun deyə bildirək ki, sovet vaxtı bu vəzifə şəhər sovetinin sədri adlandırılırdı-red.). Mənbəmiz onu da bildirdi ki, Ş.Hacıyev A.Alıyevin bütün bəd əməllərindən xəbərdar olduğundan ondan bu vəzifəni qoparmağı bacarıb. Ötən ilin yayında Füzuli rayonunda 1941-1945 -ci illərdə Böyük Vətən Müharibəsində həlak olmuş insanların xatirəsinə ucaldılmış abidənin açılış mərasimi düzənlənib. Rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Şuşa şəhərinin icra başçısı, Qarabağ İcmasının rəhbəri Bayram Səfərovun və Xocavəndin icra başçısı Eyvaz Hüseynovun da qatıldıqları bu tədbirdə Alı Alıyev siyasi səhvlərlə zəngin olan, hətta, qonaqları və iştirakçıları da heyrətə gətirən şok nitq söyləyib! Mənbənin verdiyi məlumata görə, Alı Aılıyev açılışdakı çıxışında o, başçı təyin olunana qədər rayonda heç bir iş görülmədiyini, uzun illər ölkə büdcəsindən rayonun tikinti-abadlıq işləri üçün ayrılmış dövlət vəsaitinin mənimsənildiyini, daim rayonda qeyri-sağlam mühitin hökm sürdüyünü bildirib, rayonda görülən bütün tikinti-quruculuq işlərinin: rayona qaz çəkilməsi, yolların təmir olunması, aparılmış bütün tikinti işlərinin və digər quruculuq tədbirlərinin - yalnız onun tərəfindən son 6 ay ərzində aparıldığını deyib. Başçının dediklərindən belə çıxıb ki, son 2 ildə Füzuli rayonunda daş üstünə daş qoyulmayıb! Bu cür nitqi dinləmək məcburiyyətində qalan tədbir iştirakçıları və qonaqlar həmin məqamda aşkar hiss ediblər ki, icra başçısı reallıq hissini itirərək, təvəzökarlıqdan uzaq düşüb və özünəvurğunluq nümayiş etdirməklə, hətta, rayonda ölkə prezidentinin səyi ilə görülmüş bütün işlərin üzərinə qara pərdə çəkməklə məşğuldur. Bizə çatan məlumata görə, açılış törənində qonaq qismində iştirak edən Qarabağ İcmasının rəhbəri, Şuşa şəhərinin icra başçısı Bayram Səfərov və Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov sonda Alı Alıyevin açılış mərasimindəki çıxışında yol verdiyi müdhiş və heyrətamiz səhvləri nəzərə alaraq, “biz tələsirik” bəhanəsi ilə icra başçısının açdığı nahar süfrəsində, heç bir səbəb göstərmədən, əyləşməkdən imtina ediblər və Beyləqana üz tutublar. Qonaqların bu cür ironiyalı hərəkətlərinin digər tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandığı deyilir. Füzuli rayonundan aldığımız digər məlumatda isə bildirilir ki, icra başçısı təyin olunduqdan az sonra, yəni bu ilin birinci rübünün sonunda dövlət büdcəsindən rayonun quruculuq işlərinə ayrılmış pul vəsaitini xərcləməyin yeni səmərəli metodunu tapıb. Belə ki, o, 2011-ci il üçün büdcə vəsaiti rayona daxil olandan on gün sonra, icra başçısı öz müdhiş ideyasını həyata keçirmək məqsədi ilə özünə yaxın olan müavinlərindən birinin (hələlik adını açıqlamırıq) yaxın adamlarının adına firma açıb. Həmin firma fəaliyyətə başladıqdan sonra, “Dövlət satınalmaları haqqında Qanun”un tələblərinə tam zidd olaraq, rayona lazım olan mal və materialların (tikinti materiallarından söhbət gedir) satın alınmasını həmin firmanın vasitəsi ilə həyata keçirərək, orada özlərinə sərf edən və onlara milyonlar gətirən alış-veriş kompaniyasına rəvac veriblər! Deyilənlərə görə, bu satınalmalar nəticəsində dövlət büdcəsindən daxil olan pulların səsi indi nəzərdə tutulan işlərə sərf olunmalı yerlərdən yox, ayrı-ayrı vəzifəli adamların cibindən gəlir! Bu yerdə adamlara maraqlı görünən odur ki, görəsən, qəzetlərə bu cür asanlıqla yol tapan bu tip xəbərlər dövlət büdcəsindən çıxan hər qəpik pulun xərclənməsinə nəzarət funksiyasını həyata keçirən Maliyyə Nazirliyinə nə üçün gedib çatmır?! Bu sualı biz öz yanımızdan təsadüfən səsləndirmirik, bunu bütün ölkə vətəndaşları hər addımda danışırlar və heç də təsadüfi deyil ki, yerlərdə dövlət vəsaitinin talanmasının bir qisminin səbəbini məhz, Maliyyə Nazirliyində yuva salmış rüşvətxorlar ordusu olduğunu xalq yaxşı bilir. Füzulidə də həmçinin. Bilirlər ki, yoxlama gələndə təkcə büdcə vəsaitlərinin düzgün xərclənməsi vəziyyətini yoxlamağa gəlmir, həm də qazanmağa gəlir! Bax, buna arxayındırlar onlar! E.Qasımov
Sorğu
Yeni dizaynımız necədir?