Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə ABŞ başda olmaqla Qərb ölkələri ancaq diplomatik təzyiqlər və iqtisadi sanksiyalarla cavab verir. Prezident Barak Obama aprelin 28-də Rusiyaya qarşı yeni sanksiyaları elan edib və bu sanksiyalar prezident Putinin yaxın çevrəsinə daxil olan şəxslərə şamil olunacaq. Sanksiyalara məruz qalanlar arasında “Rosneft” prezidenti İqor Seçin, Prezident Administrasiyasının rəsmisi Vladimir Volodin, Rusiya Dövlət Dəmiryollarının rəisi Vladimir Yakunin və s. şəxslər daxildir. Lakin Qərb mediası Obamanın bu addımı həddən artıq yumşaq və qətiyyətsiz adlandırıb. Aparıcı Qərb nəşrləri öz redaksiya məqalələrində yazıblar ki, ABŞ prezidentinin bu cür cəsarətsiz addımları Putini dayandıra bilməz. Ancaq nüfuzlu “Forbes” jurnalının analitik məqaləsində ABŞ-ın sanksiyalarının Rusiyanı və Putinin hakimiyyətini necə çökdürəcəyi təhlil edilir. Xəbərinə görə, məqalədə deyilir ki, ABŞ prezidenti Barak Obamanın 17 Rusiya rəsmisinə qarşı tətbiq etdiyi son sanksiyalar Moskvada istehza ilə qarşılanıb, Qərbdə isə Amerika administrasiyasının addımı tənqid olunub. Bəs əslində Putinin ən qatı tərəfdarlarına viza qadağası qoyulması və onların bank hesablarının dondurulmasının hansı təsirləri olacaq? Əgər həmin şəxslərin Qərbə yolu düşmürsə və orada bank hesabları yoxdursa, sanksiyaların nə mənası? “Forbes” yazır ki, bu arqumenti sanksiyaların mümkün nəticələrini və məqsədlərini axıra qədər anlamayanlar irəli sürür. Əslində isə bu sanksiyalar ABŞ-ın 11 sentyabr terror hücumlarından sonra qəbul etdiyi terrorla mübarizə qanununun 311-ci maddəsinə əsaslanır. Həmin maddə terrorçuların və onların ortaqlarının beynəlxalq bank sisteminə çıxışını qadağan edir. Başqa sözlə, indi Rusiya rəsmilərinə və banklarına qarşı tətbiq edilmiş sanksiyalar onların beynəlxalq bank sisteminə çıxış imkanlarını ciddi ölçülərdə məhdudlaşdıracaq. “Bu o demək deyil ki, sanksiyalar Putini dayandıracaq, ancaq sanksiyaların təsiri Rusiyada özünü daim artan qiymətlərdə göstərəcək və Putinin rejimini zəiflədəcək” - deyə jurnal yazır. “Forbes” sanksiyaların necə işləyəcəyini belə izah edir: “Məsələn, Putinin yaxın dostu, “Rusiya Dəmir Yolları” ASC-nin sədri Vladimir Yakunin deyir ki, onun Amerikaya səfər etmək fikri yoxdur və bu ölkədə bank hesabına malik deyil. Ona görə də sanksiyalar ona qətiyyən mane olmur. Ancaq Yakuninin doğrudan da ABŞ-da bank hesabları olmasa belə sanksiyaların ona təsiri olacaq. Əvvəla, Yakuninin uşaqları xaricdə yaşayır və viza qadağası, bank hesablarının bağlanması onlara müəyyən problemlər yaradacaq. Digər tərəfdən, hələ çoxları başa düşmür ki, ABŞ-ın maliyyə sistemi nə dərəcədə qüdrətlidir və əli hər yerə çatır. Məsələn, Yakunin Dubayda istirahət üçün ev almaq istəsə o, hansısa formada evin pulunu ödəməlidir. Deməli, o, bank xidmətlərindən istifadə etməli olacaq. Oliqarx pul köçürmək üçün banka müraciət edəndə məlum olacaq ki, Amerikanın sanksiyalarına görə heç bir tutarlı bank ona xidmət göstərmək istəmir. Çünki əksər iri banklar ABŞ-da müxbir hesablarına malikdir və bu ölkədəki bizneslərini itirmək istəməz”. Jurnal yazır ki, Rusiyada sanksiyaların təsiri artıq özünü göstərir. İri Rusiya korporasiyaları öz kreditlərinin müddətini uzada bilmirlər, onlar səhm bazarlarında öz hissələrini yerləşdirməyi təxirə salıblar. Ölkədən kapital axını başlayıb, gəlirlər azalıb. Beynəlxalq reytinq agentliyi “Standard & Poor’s” ölkənin reytinqini ən aşağı səviyyəyə endirib. Bu da kapital axınını sürətləndirəcək. “Bu, hələ başlanğıcdır. Rusiyada vəziyyət Putinin siyasəti üzündən getdikcə pisləşəcək” - deyə məqalədə bildirilir. Jurnal yazır ki, Putinin Ukraynanı tam işğal etməyə gücü çatmayacaq. Çünki buna yüz minlərlə əsgər və pul lazımdır. Ona görə də Putin hərbi müdaxilə hədələrini davam etdirəcək, ancaq ABŞ-ın sanksiyaları ölkə iqtisadiyyatını dağıdana qədər. “Avtoritar, aqressiv idarəçilik çox pul tələb edir. Hərbi sferaya ayırmaq üçün böyük maliyyə resursları lazımdır, kəşfiyyat xidmətinin yaxşı işləməsi üçün də çox pul lazım gəlir. Məmurları ələ almaq, xalqın dəstəyini almaq üçün də yaxşı maliyyə ödəmələri lazımdır. Vladimir Putin iliyinə qədər KQB agentidir, ancaq 70-ci illərdən bəri KQB həmişə uduzur. O, sələflərinin Əfqanıstanda buraxdığı kobud səhvləri indi də təkrar edir. Nə qədər qəribə olsa da “pələng ovçusu” Putinin rejimini bir dəstə mühasib dağıda bilər” - deyə məqalədə bildirilir. ELMAN
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?