Milli Məclisin növbəti sessiyası keçirilib. Millət vəkilləri gündəliyi təsdiq etdikdən sonra cari məsələlərin müzakirəsinə start veriblər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, parlament hakimiyyətin qollarından biri kimi ölkənin ictimai-siyasi məsələlərində mühüm rol oynayır: “Təəssüf edirəm ki, bəzən beynəlxalq təşkilatlar, QHT-lər, mətbuat parlamentin nüfuzunu aşağı gətirən fikirlər yer alır. Qeyd edim ki, parlament açıq və şəffaf qurumdur və biz hər məsələni müzakirə edirik. Bir neçə gün əvvəl Beynəlxalq Şəffaflıq Azərbaycan Təşkilatının hesabatında parlamentə aid yalan və həqiqətə uyğun olmayan informasiyalar dərc edilib. Hesabat hazırlamağın texnologiyası belədir ki, öncədən həmin quruma məlumat verilməlidir. Həmin qurumun rəhbəri Rəna Səfərəliyevadır. Korrupsiyaya qarşı mübarizə apardığını deyən bu xanım Leyla Yunusun 100 minlərlə vəsaitin nəğdləşdirilməsində iştirak edib. Hesab edirəm ki, bu qurumun baş ofisi həmin təşkilatla əlaqələrini dayandırmalıdır. Milli Məclisdə bu qurumun tədbirlərinə qatılmamalıdır”. Milli Məclisin deputatı, professor Musa Qasımlı isə çıxışı zamanı polis haqqında qanuna əlavə və dəyişikliklər edilməsini təklif edib. Onun fikrincə, son zamanlar polis papağının yerə atılması bu məsələnin aktuallığını kəsb edir.
Hepatit S və B ilə bağlı dövlət proqramı qəbul edilsin
Millət vəkili Qənirə Paşayeva isə Milli Məclisdə çıxışı zamanı qeyd edib ki, səhiyyə sistemində ciddi işlər aparılır. Deputat təklif edib ki, hepatit S bə B ilə bağlı dövlət proqramı qəbul edilsin. O, hesab edib ki, insanların 95 faizini bu riskdən azad etmək olar: “Dövlətin dəstəyi hesabına əsasən hepatit B-yi azalda bilərik. Hepatit S ilə bağlı da vəziyyət eynidir. Ən azı 18 faiz dəyər vergisini tibbi sığortaya qədər aradan qaldırmaq mümkündür. Dövlət tərəfindən də dəstək olarsa, dərmanların qiyməti bir qədər azalarsa biz buna ciddi dəstək ola bilərik”.
Rusiya pasportu alanlarla bağlı həyəcan
BQP sədri, deputat Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı SSRİ vətəndaşları olmuş şəxslərə Rusiya vətəndaşlığı verilməsi haqda Rusiya dövləti tərəfindən qəbul olunan qanundan danışıb. Deyib ki, Azərbaycanda ikili vətəndaşlıqla bağlı qanunvericilik yoxdur: “Təklif edirəm ki, Rusiya pasportu almaq üçün müraciət edən şəxs Azərbaycan vətəndaşlığından dərhal çıxarılmalıdır. Bu vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlı məsələdir”. Fazil Mustafanın təklifinə reaksiya verən spiker Oqtay Əsədov deputatın təklifini dəstəkləyib: “Azərbaycanda ikili vətəndaşlıqla bağlı qanunvericilik yoxdur. Odur ki, bu məsələdə Fazil Mustafa doğrudur”. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə təklif edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı vətəndaşlara müraciət etsin və bu müraciətdə bildirilsin ki, vətəndaş xarici dövlətin vətəndaşlığını qəbul etdiyi təqdirdə Azərbaycan vətəndaşlığına xitam veriləcək: “Bu məlumatı insanlara xəbərdarlıq etmək üçün yaymaq lazımdır. Çünki vətəndaşlarımızın çoxu bundan məlumatsızdır. Azərbaycan vətəndaşları müstəqilliyin, dövlətçiliyin və prezidentin ətrafında bir olmalıdır. Biz görürük ki, ermənilərə işləyən və Azərbaycanda fəaliyyət göstərən insanlar var. Həmin insanların informasiyası əsasında dövlətlər Azərbaycan əleyhinə bəyanatlar yayırlar. Biz bu məsələdə ciddi olmalıyıq. Artıq bəlli oldu ki, bu bəyanatların mənbəsi ermənilərdir. Biz heç nədən çəkinməməliyik. Burada Azərbaycan vətəndaşlarının təhlükəsizliyindən söhbət gedir. Bunu edən cəzasını almalıdır”.
Leyla Yunusu ediblər xalqın diplomatı
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev də çıxışına Şəffaflıq Azərbaycan təşkilatının hesabatını tənqidlə başlayıb: “Üzücü, heç bir əsasa və fakta söykənməyən hesabatdır. Bu məqsədyönlüdür və parlamentin nüfuzuna zərbə məqsədilə edilir. Bu gün Rəna Səfərəliyevanın haqqında verilən məlumatlarda təəssüf yaratdı. Bəlli oldu ki, Leyla Yunusla əlaqəlidir. Xalq diplomatiyası bir sıra insanlar tərəfindən istismar edilir. Xalq diplomatiyası adından Azərbaycana qarşı istifadə olunur. Ermənistan QHT-ləri beynəlxalq hüquqa uyğun olaraq erməni hakimiyyətinə söz deyə bilərsə, bəli bu halda işləmək olar. Biz neçə vaxtdır deyirik ki, Dağlıq Qarabağın erməni və Azərbaycan icmasının görüşünü təşkil edin. Amma bunu etmirlər. Çünki bu onlara sərf etmir. Amma Leyla Yunusu xalq diplomatı ediblər”. Spiker Oqtay Əsədov isə Azay Quliyevə səslənərək ona sual ünvanlayıb: “Siz QHT-lərə cavabdehsiniz. Onların layihələrinə nəzarət olunurmu? Azərbaycan Şəffaflıq və Korrupsiyaya qarşı qurumun sənədi ilə tanış oldum. Onlar araşdırma deyil, qarışdırma ilə məşğuldur. Küçə sözlərini götürüb hesabata qoyublar. Son vaxtlar məndə hiss edirəm ki, nəinki QHT-lər, mətbuat parlamentə qarşı haqsız irad bildirirlər. Sizdən xahiş edirəm ki, diqqətli olun. Biz bilirik ki, əsas problem Qarabağ problemidir. ATƏT-in Misnk qrupu yaratdılar. Biz bu günə qədər inkişaf görməmişdik. İndi inkişaf əvəzinə geriləmə görürük. Elə həmsədr var ki, Dağlıq Qarabağ problemindən xəbəri yoxdur. İşi-gücü Twitter-də yazmaqdır. Bu yaxınlarda ABŞ-da bir erməni diasporunun tədbiri keçirilirdi. Amerikalı həmsədr orada iştirak etməli idi. Çox sağolsun ki, başa düşüb etmədi. İndi Qarabağı ediblər tərəfdaş. Bu mümkün deyil. Bizim böyük məsələlərimiz var və bununla məşğul olmaq lazımdır. Məndən inciməsinlər, bəzən mətbuatı açıb baxıram bir-birindən yazırlar. Araşdırma, analitik məqalə yoxdur. Hamısı dedi-qodu, şər, bir-birinə sataşmaqdır. Bizim ciddi problemlərimiz var. Bununla məşğul olmaq lazımdır”.
Beynəlxalq konvensiya ratfikasiya olunub
Daha sonra deputatlar “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dəyişikliklər edilməsi barədə 15 nömrəli Protokolun təsdiq edilməsi haqqında qanunun layihəsini müzakirə ediblər. Bu haqda millət vəkillərinə İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib. Komitə sədri Rəbiyyət Aslanova deyib ki, 15 saylı Protokol deputatlara təqdim edilib: “Azərbaycan dövləti insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığı davam etdirir. Azərbaycanda insan hüquq və azadlıqlarını əks etdirən konvensiyalar ratfikasiya edilib. Qanunvericilik yaradıcı prosesdir”. Daha sonra komitə sədri layihənin müddəaları haqda danışarkən deyib ki, burada yerli məhkəmələrin məsuliyyəti dəfələrlə qeyd olunur. Bildirilir ki, məsuliyyət beynəlxalq təşkilatların üzərinə qoyula bilməz. Protokolda digər məsələ hakimlərin Avropa Məhkəməsində iştirakı ilə bağlıdır. 15 saylı Protokol kifayət qədər vacib sənəddir. Bu sənədin qəbulu göstərir ki, Azərbaycan dövləti bu sahədə irəliyə addım atır”.
Avropa Birliyi üzərinə düşdüyü öhdəliyi yerinə yetirmir
Deputat Zahid Oruc deyib ki, ötən illər ərzində Azərbaycan insan haqları və azadlıqları ilə bağlı bir xeyli addımlar atıb: “Mən burada beynəlxalq təşkilatların öhdəliyindən danışmaq istəyirəm. Vilnusda Azərbaycanla Avropa Birliyi atrasında viza sisteminin sadələşdirilməsi ilə müqavilə imzalandı. Bu sənəd Azərbaycan tərəfindən ratfikasiya olundu. Mən jurnalistləri bunu araşdırmağı dəvət edirəm. Hansısa bir irəliləyiş varmı? Yenə də həmin vəziyyətdir. Avropa Birliyi niyə üzərinə düşdüyü öhdəliyi yerinə yetirmir? Axı bu adamlar Avropa dəyərlərini görmək istəyirlər. Mən onları öz öhdəliyini yerinə yetirməyə dəvət edirəm. İstədiklərinə orden verirlər, 5 illik viza ilə təmin edirlər, hətta diplomatik toxunulmazlığı olmadan onu yola salırlar və cinayətdən yayındırırlar”.
Azərbaycanın dövlət stabilliyi ilə bağlı atdığı addımlardan bizə qarşı istifadə olunur
Deputat Fəzail Ağamalı isə deyib ki, parlament insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq sənədləri ratfikasiya edib və bu Azərbaycanda hüquqi qüvvəyə malikdir: “İnsan hüquq və azadlıqlarının təmin edilməsi üçün bütün addımlar atıb. Amma insan hüquq və azadlıqlarını inhisara alan Avropa qurumları Azərbaycanda insan hüquq və azadlıqlarından öz məqsədləri naminə istifadə etməyə çalışır. Bizim 1 milyon vətəndaşımız vətənindən qovulub. Onlar nədən Avropa məhkəməsinə çıxarılmır? Amma Azərbaycanın dövlət stabilliyi ilə bağlı atdığı addımlardan bizə qarşı istifadə olunur. Hansı haqla bir şəxsə 5 illik viza verib onu hava limanlarına qədər müşahidə edirlər. Budurmu insan hüquqları? Yaponiya, Koreya Avropa deyil, bəyəm orada insan haqları qorunmurmu? Əgər siz səmimisinizsə, ATƏT-in Minsk qrupunun mövqeyini ortaya qoyun və 1 milyon insanın haqqını təmin edin”. YAP-dan olan deputat Siyavuş Novruzov deyib ki, Avropa Şurasına üzv olduqdan sonra Avropa qurumlarının fəaliyyətini izləyir: “Bizə qədər Avropa Məhkəməsinə ən çox Türkiyədən şikayət olunurdu. İndi biz Türkiyəni də keçdik. Bizdə insanlar prosedur qaydaları bilmirlər. Bəzən yerli məhkəməyə çüraciət edənlər onun bir sürətini də Avropa Məhkəməsinə göndərirlər. İkincisi, bu müraciətlərin bir qismi müxalifət nümayəndələridir. Bir neçə il əvvəl Ermənistandan qovulan şəxslər mülki hüquqları ilə bağlı Avropa Məhkəməsinə müraciət etdilər, amma bu qeydiyyata alınmadı. İnsan hüquqlarını alver priqmentinə çevirmək olmaz. Vaxtı ilə Leyla Yunus maddi danışıqlar nəticəsində insanların adını siyasi məhbus siyahısına salırdı. Toyuq oğrusunun adını da salmışdı. Bu elə yerli hüquq müdafiə təşkilatlarının da etirazına səbəb olmuşdu. Baxın, görün kimlərin adını siyahıya salmışdı. Özü kimi Ermənistanda konfrans keçirən Əlikram Hümbətovun, metro partladanların və digərlərinin. Biz bu protokolu təsdiq etməklə sabitliyimizi ifadə edirik. Amma onlara gələndə problem yaranır”. HÜSEYN
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?