Bir müddət öncə Milli Məclisdə deputatların ictimai yerlərdə davranışları, hərəkətləri, o cümlədən geyimləri ilə bağlı etik davranış kodeksinin hazırlanacağı bildirilirdi. Hətta bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində qanun layihəsinin hazırlanması nəzərdə tutulurdu. Lakin Komitədən Modern.az-a verilən son məlumata görə, “Deputatların etik davranış kodeksi”nin müzakirəsi artıq gözlənilmir. Qanun layihəsinin hazırlanması işi belə dayandırılıb.
Qeyd edək ki, Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Siyavuş Novruzov bildirmişdi ki, millət vəkillərinin etik davranış kodeksi hazırlanmamışdan öncə beynəlxalq təcrübə öyrəniləcək. “Bütün bunları öyrənəndən sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsində qanun layihəsi hazırlanacaq. Yəqin ki, müzakirələrdən sonra həmin qanun layihəsi Milli Məclisə tövsiyyə olunacaq. Nə qədər imkan varsa, nə vaxta çatdırsaq, sənəd də onda müzakirəyə çıxarılacaq”. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də qeyd etmişdi ki, deputatların davranış kodeksi ayrıca layihə kimi qəbul edilə bilər. “Ya da bu, "Deputat statusu haqqında" qanunda yer ala bilər”. Bu açıqlamanın ilk dəfə səsləndiyi iclasda Ə. Hüseynli məsələnin Milli Məclisin payız sessiyasının gündəliyinə salınmasını təklif etmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?