“Onun birdən-birə yüksək vəzifəyə gətirilməsi sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin “vurulmasından” sonraya təsadüf edilir. Kərəm Həsənovun yüksək dövlət vəzifəsi tutması ilə yanaşı həm ölkə daxilində, həm də xaricdə iri biznes strukturlarına malik olması barədə məlumatlar da diqqət çəkir. Xatırladaq ki, bir neçə ay əvvəl mətbuatda komitə sədrinin Dubayda inşa etdirdiyi otellərin fotolarını dərc etmişdi. Kərəm Həsənovun çoxşaxəli, bir çox hallarda qanuna zidd fəaliyyəti ilə bağlı materialları oxuyanlarda bir sual yaranır: O, niyə cəzalandırılmır? Hakimiyyət dəhlizlərində komitə sədrinin yaxınları bu suala belə cavab verirlər: Fərhad Əliyevin həbsindən sonra Kərəm Həsənov Cənub bölgəsində hakimiyyətdən narazı qalan insanların etirazına mane oldu. Xüsusilə, Cəlilabadın Alar, Günəşli və Üçtəpə kəndlərində yaşayan 30 minə yaxın insanın “ölkədəki sabitliyi pozmaq” istəyinə imkan vermədi.
Kərəm Həsənov haqqında…
Kərəm Həsənovun yaşadığı Cəlilabadın Günəşli kəndinə səfər edən müxbirə yerli sakinlərin dediyinə görə onun atası Əvəz kişi də kəndin ən kasıb adamlarından olub. Son illərə qədər Həsənovlar ailəsi və onların yaxınları kasıb həyat tərzi sürüblər. Sakinlər deyir ki, Kərəm Həsənovun özü, qardaşı Malik, əmisi oğlanları İlqar, İman kənd camaatının qoyunlarını otarırmış. Ancaq Kərəm Həsənovun həyatında yanan yaşıl işıqdan sonra Həsənovların taleyi birdən-birə dəyişib. Ancaq nədənsə, Həsənovlar ölkənin ən varlı adamlarının sırasına qoşulduqdan sonra yaxın keçmişlərini unudublar. Günəşli kəndinin sakinləri bildirirlər ki, artıq Kərəm Həsənov ailəsi, qohumları yaşadıqları kənddə heç kəsi saymır. Onun qohumlarının əksəriyyəti Bakıda müxtəlif vəzifələrdə çalışır. Kənddə onun yalnız valideynləri və yaşlı qohumları yaşayırlar. Sakinlərin sözlərinə görə, komitə sədri Cəlilabadda onlarla insanı həbs etdirib, yüzlərlə ailəni çörəksiz qoyub. Günəşli kəndinin sakini Hacı Surə Ağayeva: “Kərəm Həsənov dayısı Nadir Ağayevi rayonun mərkəzi poçtunda məktublar şöbəsinin müdiri təyin etdirib. Bu adam rayondakı haqsızlıqdan əziyyət çəkənlərin dövlət başçısına, Milli Məclisə şikayət məktublarını qəbul etdirmir. İmkanı olanlar öz şikayətlərini Masallıdan, Biləsuvardan yollamaq məcburiyyətində qalıblar”. Vaxtilə rayonda müxtəlif yüksək vəzifələr tutduğunu deyən Hacı Surə Ağayeva, Kərəm Həsənovun onun ailəsi ilə köhnə ədavətin haqq-hesabını çəkdiyini söyləyib: “Buna görə məni işsiz qoyub, oğlumu isə həbsxanaya saldırıb. Bu gün yenə də onun təhdidi altında yaşayırıq. Hələ uzun illər öncə Kərəmin əmisi oğlu İman Həsənov (Hazırda Yasamalda Qaz İdarəsinin rəisidir.) bizim qohumların mal-qarasını oğurlamışdı. Mənim yoldaşım Mirmahmud Ağayev onların bu əməlinin üstünü açdı. İrana aparılan mal-qara geri qaytarıldı. Bu adam isə həbs edildi. Bu gün vəzifə tutan Kərəm Həsənov bizimlə köhnə ədavət aparır. Mən uzun müddət ölkədə 4 təsərrüfatdan biri kimi qalan “Moskva” Taxıl Toxumçuluğu üzrə Dövlət Kənd Təsərrüfatı İstehsal Müəssisəsinin direktoru olmuşam. Məni işdən çıxartdırdı. Əvəzində mənim təsərrüfatımda çoban kimi çalışan, heç bir təhsilə malik olmayan əmisi oğlu İlqar Həsənovu yerimə təyin etdirdi. Bu gün dövlətə məxsus 1300 hektar torpaq sahəsindən özləri üçün istifadə edirlər. 90 hektar sahədə Kərəm Həsənovun üzüm bağları salınıb. Kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovla da şərik olduğuna görə, dövlət torpaqlarının mənimsənilməsinə göz yumulur”. Surə xanım bildirib ki, müəssisənin direktoru olan komitə sədrinin əmisi oğlu həm də korrupsiya ilə məşğuldur: “Son üç ildə toxumçuluğun inkişafı ilə bağlı dövlət büdcəsindən xeyli vəsait ayrılıb. Amma həmin pullar dağıdılıb. Torpaqlarda özləri üçün şəxsi təsərrüfatlar yaradıblar”. Hacı Surə Ağayevanın sözlərinə görə, komitə sədrinin atası oğlanlarına öyüd-nəsihət vermək əvəzinə, onların haqsızlıqları ilə fəxr edir: “Xeyir-şər məclislərində kənd ağsaqqaları Əvəz kişiyə bu barədə deyirlər. Amma o, heç kəsə əhəmiyyət vermir. Hələ deyir ki, Şeyxin, Ziya Məmmədovun qardaşı deputat ola bilirsə, mənim oğlumun qardaşı niyə olmasın!?”
Cəlilabad məmurları xeyir işlərini “Tut bağı”nda etməlidir
Komitə sədrinin həmkəndlisinin sözlərinə görə, Kərəm Həsənov rayonda bütün vəzifələrə ən yaxın qohumlarını təyin etdirib: “Elə qohumu var ki, üç vəzifə tutur. Məsələn, yaxını Xanlar Şabanov həm bələdiyyə sədridir, həm 3 saylı şərab zavoduna, həm də avtovağzala rəhbərlik edir. Bundan başqa, rayonda böyük bir şadlıq evi tikdirib. Rayonda çalışan bütün idarə-müəssisə rəhbərlərinə deyilir ki, toylarını “Tut bağı”nda etməlisiniz. Hansı ki, bu restoran Heydər Əliyev seyrangahının ərazisində tikilib. İcra başçısı Əziz Əzizov da sanki dərsini bilməyən uşaqdır. Kərəm Həsənovun kadrı sayılır. Onun göstərişi ilə bütün qanunsuzluqları törədir”.
Türk iş adamı Cəlilabaddan necə didərgin salındı?
Məlum oldu ki, onun haqqını pozduğu insanlar təkcə yerli camaat deyil, həm də başqa ölkədən gələn iş adamlarıdır. Uzun illər öncə Cəlilabadda “Quşçuluq” fabriki quran Vədət adlı türk iş adamı komitə sədrinin təzyiqləri nəticəsində müflis edilib. İş adamının obyektinə yersiz müdaxilələr o həddə gəlib çatıb ki, o, fabrikini su qiymətinə Kərəm Həsənova satıb. Hazırda həmin fabrikə komitə sədrinin yaxın qohumu rəhbərlik edir”. “5 uşaq anasına üç il cəza verdirdi”. Solmaz Orucovanın yaxınları deyir ki, baş verən haqızlıqla bağlı şikayət etməyə ünvan tapmırlar. Cəlilabad sakini Aydın kişi: “Bizə deyirlər ki, prezident rayonu Kərəm Həsənova tapşırıb. Nə problem olsa, o, həll etməlidir. Amma problemlərimizi həll etmək əvəzinə bizə problem yaradır. Bu rayonun camaatı zəhmətkeşdir. Daşdan da pul çıxarmağı bacarırlar. Heç olmasa, imkan yaratsınlar. İcra başçısı Əzizov rayonu öz bildiyi kimi idarə edir. Günahsız insanların haqqını pozur. Xoşu gəlməyən adamı da döyür. Yanına şikayətə gedən adamı döymək mənəviyyatsızlıqdır”. SAMİR[font=Impact][/font]
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?