Ən iri narazılar belə bir sərəncamla ağız-ağıza öpüşmək zorunda qalırlar
Hakimiyyət daxilində yeni təmərgüzləşmə prosesi gedir. Dünən Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu fövləqadə hallar naziri Kəmaləddin Heydərovun müavini təyin edildi. Teymur Mehdiyev bu günə qədər heç bir zaman birinci şəxs olmayıb. Onun fəaliyyəti ilə bağlı tarixçəyə baxanda sanki Mehdiyev öz oğlunu birinci şəxsləri kontrolda saxlamaq üçün müavin kimi bütün dövlət orqanlarında işə düzəldə bilib. İndi isə Ramiz Mehdiyevin oğlunun stajı ilə bağlı tarixçəyə nəzər salaq: Teymur Mehdiyev 1997-1999-cu illərdə Milli Təhlükəsizlik Nazirliyində, 1999-2001-ci illərdə Daxili İşlər Nazirliyində, 2001-2004-cü illərdə Xarici İşlər Nazirliyində işləyib. 2004-2006-cı illərdə gənclər, idman və turizm nazirinin müavini, 2006-2011-ci illərdə isə mədəniyyət və turizmnazirinin müavini vəzifələrində çalışıb. 2011-ci il martın 16-da Dövlət Miqrasiya Xidmətinin rəisinin birinci müavini vəzifəsinə təyin edilib. 1975-ci il təvəllüdlü R.Mehdiyev Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. O, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğludur. Lakin dövlət başçısı İlham Əliyevin 2003-cü ildən bu yana təyinatlarla bağlı sərəncamları sanki hakimiyyəti tabe etdirmək, vahid komanda altında birləşdirmək əmrlərinə bənzəyir. Ölkə mediasının heç bir zaman ağlına da gəlməzdi ki, Ramil Mehdiyevin oğlu Kəmaləddin Heydərovun müavini təyin edilə bilər. Mətbuat zaman-zaman Mehdiyevlə Heydərov arasında konfliktin olmasından yazırdı. Buna baxmayaraq prezident bütün dedi-qoduların qarşısını alaraq gözləntiləri və dəngələri dəyişdi. Gülər Əhmədova azadlığa çıxdı. “Gülərqeyt” qalmaqalında adı daha çox çəkilən, Elşad Abdallayevin açıqlamalarında daha çox hədəfə çevrilən Mehdiyev üçün bu da gözlənilməz bir qərar olub bəlkə də… Bununla belə prezidentin təyinatlarla bağlı sərəncamları onun vahid iradə nümayiş etdirərək hakimiyyət daxilində iri məmurların kiçik qovğalarına sərt yasaq qoyduğuna işarədir. Sözün bütün mənalarında köhnə qvardiya artıq yenilənməkdədir. Uzun illər PA-da Siyasi təhlil şöbəsinin rəhbəri, millət vəkili Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanovun da Ramiz Mehdiyevin adamı olduğu barədə mətbuatda məlumatlar yayılırdı. Hətta ortada əlahəzrət bir fakt var ki, zamanında Elnur Aslanov Ramiz Mehdiyevin köməkçisi də işləyib. Deməli mətbuatın ənənəvi məntiqi ilə yanaşsaq, o zaman belə qənaət hasil ola bilər ki, Mehdiyev Elnur Aslanovu qorumalı idi. Lakin dövlət başçısının iradəsi ilə “adamını qoruma” anlayışı darmadağın oldu. Yəni cəzası olan, komandanın monolitliyinə zərbə vuran istənilən bir şəxsi komandanın başçısı cəzalandırır və mükafatlandırır. Mehdiyevin illərdir ki, dövlətçilik üçün çalışdığını artıq hakimiyyətdə hər kəs bilir. Onun bir oliqarx olmadığı, ailəsi, oğlu və qızı ilə bağlı xoşagəlməz hər hansı bir informasiya mediada yayılmayıb. Hansısa iri rüşvət və korrupsiya əməliyyatlarında PA rəhbərinin və oğlunun adı keçməyib. Və dövlət məmuru xarakterini qoruya bildiyinə görə, dövlət başçısı bunu qiymətləndirib. Deməli, Ziya Məmmədovun, Nazim İbrahimovun və daha adları neqativ olaraq mətbuatda çəkilən məmur balalarından fərqli olaraq Mehdiyev buna imkan verməyib. Elə bu səbəbdən də nə zaman hansı nazirliklə bağlı kiçicik bir narahatlıq olubsa, Teymur Mehdiyev orda olub desək, bəlkə də yanılmarıq. Və bu gənc adamın sanki dövlət başçısının müfəttişi kimi barış missiyası yerinə yetirdiyi təəssüratı yaranır… Əslində prezidentin idarəetməyə yanaşması, konkret olaraq Azərbaycanın Respublika quruluşu üçün ən uğurlu bir modeldir. Yəni bu dövləti idarə etmək üçün bütün hallarda ortada olan və keçərli sayılan bir faktordur. Azərbaycan 1993-cü ildən sonra hər zaman bir şəxsə tabe olan, vahid komanda kimi hzərəkət edən, hətta real olaraq iri məmurlar arasında konfiliktlər olduğu halda belə bu problemləri aradan qaldırmağı bacaran bir şəxsə ehtiyac duyub. 2005-ci ildə mərkəzdənqaçan səhiyyə naziri Əli İnsanov, iqtisadi inkişaf naziri Fərhad Əliyev cazalarını aldılar. Bütün güclərinə, imkanlarına baxmayaraq onlar hakimiyyətin vahid orqanizm kimi işləməsinə mane olurdular. Əli İnsanov daha sonra məhkəmə proseslərində də bunu öz dili ilə açıq ifadə edəcəkdi ki, məmurlar arasında ondan qorxanlar olub. Təbii ki, bu yaxşı hal deyil. Burada söhbət hakimiyyətin necəliyindən getmir. İqtidarların mövcudluğunun fövqündə dayanan dövlət və dövlətçilik anlayışlarından gedir. Daxildə iqtidar vahid komanda imkanlarını qoruduqca və möhkəmləndikcə, xaricdə Azərbaycan üçün daha geniş imkanlar açılır. Ortada bir Türkiyə modeli var. Türkiyədə Ərdoğan iqtidarının hamısı eyni ağızdan danışır. Fərqli düşüncələr olsa belə, fərqli açıqlamalar və yanaşmalar yoxdur. Artıq Azərbaycanda da Türkiyə dövlətçilik modeli ilə oxşarlıqları kifayət qədər çox olan bir sistem formalaşıb. İqtidarın vahid komanda olmasını zədələyən ən kiçik element belə avtomatik olaraq irin kimi çıxır… Bu isə çox yaxşı haldır… Rüfət Əlicanlı
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?