İlqar Rəhimovla Natiq Məmmədovun gizlində qalan əməlləri...
Ölkə vətəndaşlarının hüquqlarının tez-tez pozulduğu və incidilərək haqsızlığa məruz qaldıqları nazirliklər arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) başda gəlir. Nazirliyin həm özündə, həm də yerlərdəki idarələrində məmur özbaşınalığı adiləşib. Təsadüfi deyil ki, korrupsiyaya qarşı mübarizə tədbirləri zamanı ƏƏSMN-in bir neçə yüksək vəzifəli işçisi həbs olunub. Bu sahədəki nöqsanların yaradıcısı kimi isə həmişə nazir Fizuli Ələkbərovun adı çəkilir. Biz isə bu yazıda ƏƏSMN-də F.Ələkbərovdan başqa daha kimlərin nüfuza malik olduğunu və hansı işlərdən gəlir əldə etdiklərini diqqətinizə çatdıracağıq. İlk olaraq nazirin özü haqda bildirək ki, o, 1958-ci ildə Naxçıvan MR-in Culfa şəhərində anadan olub. 1980-cı ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsini, 1990-cı ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Sənayenin planlaşdırılması fakültəsini bitirib. 1987-1991-ci illərdə "Sputnik" Beynəlxalq Gənclər Turizm Bürosunda sədr vəzifələrində çalışıb. 1992-2006-cı illərdə "İmproteks" Şirkətlər Qrupunun prezidenti olub. 1996-cı ildən Azərbaycan Respublikası Cüdo Federasiyasının prezidentidir. 2006-cı ildən isə nazir vəzifəsini icra edir. Geridə qalan 6 il ərzində nazir xeyli sayda nöqsanlara yol verib. Onun ən böyük uğursuzluğu isə nazirliyə tabe olan Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) ilə bağlıdır. Belə ki, TSEK-lərə təyin etdiyi bəzi rüşvətxor kadrlar saxtakarlıqla məşğul olaraq camaata zülm edirlər. Bəzi komissiya sədrlərinin saxta sənədləri ilə yüzlərlə insan əlillik dərəcəsi alıb. Belə şeylərə görə cəmiyyət ona rəğbət bəsləmir. Eyni zamanda Cüdo Federasiyasının də prezidenti olan nazir 2012-ci il London Yay Olimpiya Oyunlarında fiaskoya uğradı. Çünki cüdoçularımızdan heç biri nailiyyət qazana bilmədi. Və bu da federasiya prezidenti kimi ona qarşı yuxarılarda mənfi rəy formalaşdırdı. Nazirin 6 il ərzində nə qədər yığmasını şərh etməyə ehtiyac yoxdur. Çünki dövlət büdcəsindən ən çox vəsait məhz bu sahəyə ayrılır və baş verən yeyintilər də göz qabağındadır. F.Ələkbərovdan sonra nazirlikdə ikinci adam müavin İlqar Rəhimovdur. 48 yaşlı nazir müavini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. Nazirlikdə 1993-cü ildən çalışır. 1993-1999-cu illərdə nazir müavini, 1999-2004-cü illərdə nazirin birinci müavini, 2004-cü ilin noyabr ayından indiyədək nazir müavini kimi fəaliyyət göstərir. Rəhimov həm də Milli Paralimpiya Komitəsinin prezidentidir. Araşdırmalar onu söyləyir ki, müavin kimi işinə ciddi yanaşmayan İlqar müəllim şəxsi biznesinə daha çox vaxt ayırır. Deyilənə görə, müavinin əsas qazancı himayədarlıq etdiyi mismar və əhəng biznesindən çıxır. Bu işlərə yatırdığı sərmayə isə əlil və şəhid ailələrinə ayrılan maddi yardımların bir qisminin hesabınadır. F.Ələkbərovun digər müavini Natiq Məmmədovdur.İxtisasca həkim olan N.Məmmədov bura qədər 1980-1985-ci illərdə Bakı şəhəri Dəri-Zöhrəvi Dispanserində fəaliyyət göstərib. 1986-1990-cı illərdə Bakı Baş Səhiyyəİdarəsində Nəzarət İnspeksiyasının rəisi, 1990-1997-ci illərdə Sabunçu rayon Səhiyyə şöbəsinin müdiri, 1997-2000-ci illərdə Bakı şəhəri 12 saylı poliklinikanın baş həkimi, 2001-2004-cü illərdə Gənclər,İdman və Turizm Nazirliyində Turizm Baş İdarəsinin rəisi vəzifələrində işləyib. 2004-2006-cı illərdə isə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı olub. 2006-cı ildən isə nazir müavini kimi fəaliyyətini davam etdirir. Onun vəzifəyə gəlməsində nazirin müstəsna xidmətləri var. Çünki N.Məmmədovla F.Ələkbərov uzaq qohumdur. Araşdırmalar göstərir ki, respublikada əlil və şəhid ailələri üçün tikilən binalara, onlara verilən əlil arabalarına və maddi yardımlara bu insan nəzarət edir. ƏƏSMN-ə hər il dövlət büdcəsindən ayrılan milyonlarla vəsaitin xərclənməsində bəzi qaranlıq məqamlar var. Həm də müavin şəhid ailələrinə tikilən mənzillərin sahiblərinə paylanmasında ayrıseçkilik edir. Nazirlikdə vəzifə tutan şəxslərlə bağlı araşdırmalarımız davam edir Xəyyam Nicat
Sorğu
Yeni dizaynımız necədir?