Komitə sədrinin topladığı sərvətlər əlindən alınacaq
Bir neçə il öncə adı xaricdə biznes şəbəkəsi yaratmaqda hallanan Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovla bağlı yeni iddialar ortaya çıxıb. Belə ki, Əmlak Komitəsinin sədrinin son vaxtlar yenidən qızışan oliqarx savaşında tərəf seçməsi onun özünü də hədəfə çevirib və “vurulması” üçün ciddi əsaslar yaradıb. Həsənovun bir neçə media orqanını himayəsinə götürərək, rəqiblərə meydan oxuması da diqqətdən yayınmır. Bir müddət əvvəl mediada Kərəm Həsənovun Azərbaycanda yığdığı milyonlar hesabına Çexiya və Dubayda böyük biznes şəbəkəsi qurduğu barədə ciddi məlumatlar yayılmışdı. Çexiya yeyinti sənayesində Həsənovun böyük pay sahiblərindən biri olduğu qeyd olunur. Onun bu ölkədə yüngül və yeyinti sənayesinə daha önəm verdiyi bildirilir, mineral su və pivə istehsalına böyük kapital yatırımı etdiyi iddia olunur. Həsənovun Çexiyanın müxtəlif bölgələrində, xüsusən də Benetiçe və Karlovı Varı şəhərlərində mineral su zavodları olduğu deyilir. Bu zavodlarda istehsal edilən mineral suların bir qismi çex bazarlarına çıxarılsa da, daha böyük qismi Avropa ölkələrinə satılır, lakin həmin suların Azərbaycana idxal olunduğu da vaxtında təsdiqini tapıb. Bu suların Azərbaycandakı satışını həyata keçirən və rəsmi distribüteri hesab edilən “Mattoni”nin də komitə sədri və ona yaxın olan adamlara məxsus olduğu deyilir. Həmçinin komitə sədrinin Çexiya və Birləşmiş Ərəb Əmirliyində xeyli sayda istirahət və əyləncə mərkəzinə sahib olduğu bildirilir. Həsənovun İranda və Türkiyədə də biznes şəbəkələri olduğu vurğulanır. Komitə sədrinin Azərbaycandakı biznesi də yetərincə rənğarəng və çoxşaxəlidir. Bura restoranlar, əyləncə mərkəzləri, tikinti sektoru və sair sahələr aiddir. Həsənov rəhbəri olduğu Əmlak Komitəsinin səlahiyyətlərindən sui-istifadə edərək, bir çox obyektləri çox rahat şəkildə yaxınlarının adına su qiymətinə özəlləşdirə bilməsi, onu son 7-8 ildə Azərbaycanda ciddi kapital sahibinə çevirib. Kərəm Həsənovun qardaşı, millət vəkili, “AZİNKO-holdinq” in prezidenti Malik Həsənov tərəfindən idarə olunan bu biznes imperiyasının iri ranqlı oliqarxlardan biri ilə ortaq “proje” olduğu da deyilir. Yuxarıda qeyd etdiyimiz kimi, son günlər iki böyük oliqarx - Kəmaləddin Heydərov və Ziya Məmmədov arasında gedən savaşda Kərəm Həsənovun da tərəf kimi çıxış etməsi məhz bu ortaqlığın nəticəsidir. Əlbəttə, Kərəm Həsənov dövlət məmuru yox, iş adamı olsaydı, bu biznes şəbəkəsini yalnız alqışlamaq olardı. Amma indiki halda söhbət dövlətdən oğurlanan pullar və korrupsiya hesabına qurulan biznesdən gedir. Bir neçə ildir ki, Kərəm Həsənovla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov arasında gedən soyuq savaşın da üstündən sükutla keçmək olmur. Bu savaşın təməli 2 il öncə qoyuldu. Dövlət Reyestr Xidməti Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə birləşdirildikdən sonra Kərəm Həsənov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini də nəzəratə götürməyə cəhd etdi. Kərəm Həsənovun rəhbərlik etdiyi qurumun məlumatları ilə Qərib Məmmədovun sədri olduğu komitənin məlumatları arasında ziddiyyətlər də əslində bu savaşın təzahürüdür. Belə ki, Kərəm Həsənov ciddi-cəhdlə Qərib Məmmədovun vəzifəsinin öhdəsindən gələ bilmədiyini sübut etməyə çalışır. İmkanlarını daha da genişlənirmək arzusunda olan və nazir olmaq iddiasını gizlətməyən Həsənov hələ ki, bu savaşda qələbə qazana bilməyib. Çünki Qərib Məmmədovu Həsənovun rəqib olduğu oliqarxlardan biri himayə edir. Görünür, elə buna görə də Həsənov indi də medianın imkanlarından yararlanmaq eşqinə düşüb. Kərəm Həsənovun media kurasiyası üçün "icazə vərəqi" alan azsaylı məmurlar arasına düşə bilməsi işin tədricən siyasi rəng almasına səbəb olur. Belə ki, Əmlak Komitəsinin sədri bir vaxtlar onun biznesinə əl qoymağa çalışan rəqiblərlə media vasitəsi ilə haqq-hesab çəkmək iddiasına düşüb. Bu məsələ isə Fərhad və Rafiq Əliyev qardaşlarının həbsdən azad edilməsindən sonra sürətlənib. Ötən bir neçə gün ərzində Müdafiə Nazirliyi ilə Əmlak komitəsinin sədri arasında baş verən məhkəmə skandalı, Həsənovun "qol gücü" nümayişi onun böyüyən iddialarından xəbər verir. Bir vaxtlar adı həbsə atılan Əliyev qardaşları ilə birgə çəkilən və vəzifəsini itirmək qorxusu ilə üzləşən Həsənovun rəqiblərindən qisas almaq üçün böyük fürsət qazandığı görünür. Maraqlıdır, hakimiyyətin 3-cü ranqlı məmurlarından hesab olunan Kərəm Həsənova bu savaşın ssenarisini kim cızıb? Ona bu qədər səlahiyyətin verilməsinin hansısa pərdərxası məqamları var. Xatırladaq ki, bir vaxtlar sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də oliqarxlar arasında gedən savaşa məhz bu "yol"la gəlmişdi. Sonu isə bəllidir. Görünən odur ki, Kərəm Həsənov da yaxın qohumunun yolunu gedir. Nəticənin necə olacağı zamanın işidir. ELDAR
Sorğu
Yeni dizaynımız necədir?