Hər bir dövlətin ərzaq təhlükəsizliyinin təmin edilməsi ən vacib sahələrdən biridir. Lakin, görünən odur ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra keçən müddət ərzində ölkəmizin ərzaq təhlükəsizliyi hələ də tam təmin olunmayıb. Bu gün bazarlarımız xarici ölkələrdən gətirilən genetiyi dəyişdirilmiş bər-bəzəkli, əslində isə keyfiyyətsiz, təhlükəli məhsullarla doludur. Sirr deyil ki, kimi dindirsən ölkənin ərzaq təhlükəsizliyinin bərbad durumda olmasından danışacaq. Çünki, tarix boyu bol məhsullu, bərəkətli Azərbaycan torpağının ağız dadı olan məhsulları bu gün az qala xatırələrə çevrilir. Bütün imkanların olmasına rəğmən, ölkəmiz özü-özünü ərzaqla tam təmin edə bilmir. Ümumiyyətlə, dünya praktikasında əhalisinin ərzağa olan tələbatının ən azından 80 faizini daxili imkanlar hesabına ödəyə bilən dövlətlər ərzaq təhlükəsizliyini təmin edən ölkələr hesab olunur. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, ölkəmiz imkanların geniş olmasına baxmayaraq təhlükəli ölkələr kateqoriyasına daxildir. 2012-ci ilin yekunlarına əsasən, Azərbaycan Qazaxıstandan buğda alan ölkələr siyahısında Əfqanıstan və Qvatemaladan sonra üçüncü yerdədir. Ölkəmiz öz buğda tələbatının 43 faizini idxal hesabına ödəmək məcburiyyətindədir. Halbuki, mütəxəssislər kənd təsərrüfatı sahəsində düzgün siyasət aparılmaması səbəbindən vəziyyətin bu qədər acınacaqlı olması qənaətindədirlər. Kənd təsərrüfatında hökm sürən kütləvi korrupsiya və rüşvətxorluq halları bu sahənin inkişafına mane olan əsas səbəblərdir. Dövlət tərəfindən bir çox güzəştlərin tətbiq edilməsinə, subsidiyaların ayrılmasına baxmayaraq kənd təsərrüfatı sahəsində böhran günbəgün artır. Azərbaycanın idxaldan asılılığı buğdada 43, kərə yağında 70, balıqda 27, düyüdə 88, şəkərdə 97, çayda 35, bitki yağında 58 faiz təşkil edir. Göründüyü kimi, vəziyyət heç də ürəkaçan deyil. Aqrar sahənin inkişafı üçün əlverişli iqlim və torpaq ehtiyatlarına malik olmasına baxmayaraq ən zəruri ərzaq ehtiyatları ilə təminatda ölkəmiz xarici bazarlardan asılı durumdadır. Kənd təsərrüfatının inkişafını ləngidən səbəblərdən biri də ölkədə toxumçuluq sahəsində vəziyyətin qeyri-qənaətbəxş olmasıdır. Mütəxəssislər hesab edirlər ki, Avropa ölkələri ilə müqayisədə Azərbaycanda məhsuldarlıq ən azı iki dəfəyə qədər aşağıdır. Məsələn, Avropada pomidorun məhsuldarlığı hər hektardan 70-90 ton olduğu halda ölkəmizdə bu göstərici 25-30 tonu üstələmir. Məhsuldarlığın belə aşağı olmasının əsas səbəbi kimi keyfiyyətsiz toxum və gübrələrdən geniş istifadə olunması səbəb göstərilir. Mütəxəssislərin dediyinə görə, keyfiyyətli toxum məhsuldarlığın 30 faiz artmasına şərait yaradır. Lakin, fermerlərə əksər hallarda baha qiymətlərlə keyfiyyətsiz, vaxtı keçmiş gübrələrin, toxumların satılması faktları məlumdur. Elə bunun səbəbidir ki, Azərbaycan meyvə-tərəvəz ixracatçısı olmalı halda xaricdən gətirilən keyfiyyətsiz məhsullar ölkə bazarlarında üstünlük təşkil edir. Bu gün yaranmış vəziyyət o qədər təhlükəlidir ki, gələcək milli genefondumuzun taleyi təhlükə altındadır. Ölkə bazarlarında inhisarçı mövqe tutan məmurlar xarici ölkələrdən gətirdikləri ucuz və keyfiyyətsiz məhsullarla daxili tələbatı ödəyir, əvəzində böyük məbləğdə qazanc əldə edirlər. Öz torpağımızın keyfiyyətli məhsulları olduğu halda zorən İranın, Türkiyənin qidaları ilə tələbatımızı ödəmək zorundayıq. Kimlərinsə daha çox qazanmaq ehtirası həm xalqımızın sağlamlığını təhlükə altında qoyur, həm də əhalinin əhəmiyyətli qisminin dolanacaq mənbəyi olan kənd təsərrüfatının inkişafını ləngidir. Kənd təsərrüfatı sahəsində yaranmış bu acınacaqlı vəziyyətin əsas səbəbi məmur özbaşınalığının güclü olması, idarəetmə mexanizminin düzgün qurulmaması, habelə total korrupsiya və ayrılan vəsaitlərin mənimsənilməsidir. Fermer təsərrüfatlarının inkişafı, əkinçiliyin stimullaşdırılması üçün ayrılan subsidiyalar əksər vaxtlarda lazımi ünvanlarına çatdırılmır, məmurlar tərəfindən mənimsənilir. Sirr deyil ki, subsidiyaları mənimsəmək üçün əksər rayonlarda əkilən sahələrin həcmi süni şəkildə şişirdilir, saxta rəqəmlər göstərilir. Təsadüfi deyil ki, rəsmi məlumatlarda Azərbaycanın ərzaq təhlükəsizliyini təmin etdiyi bildirilsə də, reallıq bunun tamamən əksini göstərir. Çünki, sənədlərdə göstərilən rəqəmlərlə mövcud durum daban-dabana ziddir. Həmçinin, bir çox hallarda məhsulların xammalının xaricdən gətirilməsinə baxmayaraq emal prosesindən sonra yerli istehsal kimi sənədləşdirildiyi məlumdur. Şəkərin xammalının təqribən 98 faizə qədəri xaricdən idxal olunmasına baxmayaraq, emaldan sonra bu yerli istehsal kimi təqdim olunur. Eyni vəziyyət un məmulatları sahəsində də aktualdır. Azərbaycan ərzaq buğdasını yüz faiz xaricdən idxal etsə də, sonradan üyüdülmüş un daxili istehsal kimi göstərilir. Ət istehsalı, süd istehsalı sahəsində də eyni əməliyyatlar aparılır. Digər ölkələrdən gətirilən mal-qaranın kəsilməsi nəticəsində əldə olunan ət yerli istehsal kimi bazarlara çıxarılır. Beləcə, ölkənin potensial imkanları olduğu halda saxta rəqəmlərlə guya ərzaq təhlükəsizliyinin təmin olunduğu barədə rəy formalaşdırılır. Məmur korrupsionerlər bu yolla ikiqat qazanc əldə edirlər. Bir tərəfdən kənd təsərrüfatının inkişafı məqsədilə ayrılmış iri məbləğli vəsaitləri mənimsəyirlər, digər tərəfdən isə ölkə bazarlarını keyfiyyətsiz və ucuz xarici məhsullarla doldurmaqla qazanırlar. Mütəxəssislərin dediyinə görə, məhsuldarlığın aşağı olmasının səbəblərindən biri də toxumçuluq, damazlıq sahəsində çox ciddi problemlərin hökm sürməsidir. Fermerlərə bir çox hallarda xaricdən gətirilmiş vaxtı keçmiş gübrələr təqdim olunur ki, bu da məhsuldarlığın nəinki inkişafına, əksinə aşağı düşməsinə gətirib çıxarır. Ölkədə bu sahə ilə məşğul olan Genetika və Seleksiya İnstitutunun fəaliyyət göstərməsinə baxmayaraq, onların kəndlilərə yardım imkanları sıfıra bərabərdir. Bu institutun Sovet dövləti dağılandan sonra heç bir əməli fəaliyyəti nəzərə çarpmayıb. Ekspertlər kənd təsərrüfatı sahəsində ixtisaslı kadr qıtlığının da hökm sürməsi qənaətindədirlər. Yerlərdə kənd təsərrüfatı mütəxəssisləri çatışmır, olanlar da mövcud tələbata uyğun gəlmir. Beləcə, mövcud mənzərə bir daha sübut edir ki, ölkəmizin ərzaq təhlükəsizliyi sahəsində vəziyyəti barəsində deyilənlər heç də mövcud reallığı əks etdirmir. Hələ də idxaldan asılı durumda olan Azərbaycan bazarlarında genetiyi dəyişdirilmiş məhsulların hegomoniyası davam edir. Məmurların qazanmaq eşqi həm ölkədə kənd təsərrüfatının inkişafını iflic edib, həm də sağlamlığımız təhlükə altında qalıb. N. Çarhanlı
Sorğu
Yeni dizaynımız necədir?