Ərzaq malları ilə Azərbaycanın özünütəminat səviyyəsi 50 faiz təşkil edir.
Əksər MDB olkələrinin qida məhsulları ilə özünütəminat səviyyəsi isə yüksələn xətt üzrə gedir. Xüsusən Belarusiya, Ukrayna, Ermənistan, Qırğızıstan, Rusiya kimi ölkələr istehlak normasından çox məhsul istehsal edir. Bu qədər məhsul onların istehlak tələbatını ödəməklə yanaşı həm də ixraca yönəlir, ölkəyə valyuta gətirir. Ümumdünya Səhiyyə Təşkilatın (ÜST) müəyyən etdiyi qida normasına uyğun olaraq adambaşına ət norması il ərzində 84 kiloqram olduğu halda, 2015-ci ildə Belarusiya 131 kiloqram ət və ət məhsulları istehsal etməklə MDB-də liderdir, normadan aşağı olsa da ikinci yerdə 65 kiloqramla Rusiya, üçüncü yeri adambaşına 55 kiloqram ət istehsal etməklə Ukrayna tutur. Azərbaycan il ərzində adambaşına 31 kiloqram ət istehsal etməklə bu siyahıda axırdan ikinci yerdədir. Sonuncu yerdə isə Tacikistandır. Azərbaycan ətə olan təlabatın yalnız 38 faizini təmin edir. Belarusiya süd və süd məhsullarına olan ehtiyacını tam ödəməklə yanaşı təxminən bir o qədər də məhsul ixrac edir. MDB ölkələri sırasında adambaşına 742 kiloqram süd istehsal edərək Belarusiya birinci yerdə, Kazaxıstan 293 kiloqramla ikinci, Ukrayna 249 kiloqramla üçüncü yerdədir. Azərbaycan adambaşına süd istehsalına görə Tacikistan və Moldovadan irəlidə olsa da Ermənistandan və digər MDB ölkələrindən geridə qalır. Bu göstərici Azərbaycan üzrə 202 kiloqram, Ermənistan üzrə isə 242 kiloqram təşkil edir. İstehsal olunan süd və süd məhsulları ölkə əhalisinin təlabatının yalnız 55 faizini təmin edir. Ermənistan Azərbaycandan 2,6 dəfə çox tərəvəz, 2,9 dəfə çox kartof istehsal edir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2015-ci ildə Azərbaycan adambaşına 89 kiloqram meyvə və giləmeyvə istehsal etdiyi halda, Ermənistanda bu göstərici 131 kiloqram təşkil etmişdir. Adambaşına tərəvəz istehsalı Azərbaycanda 134 kiloqram, Ermənistanda isə 349 kiloqram (2,6 dəfə çox) olmuşdur. Adambaşına kartof istehsalı Ermənistanda Azərbaycanla müqayisədə 2,9 dəfə çoxdur. Belə ki, 2015-ci ildə Ermənistan adambaşına 256 kiloqram kartof istehsal etdiyi halda, Azərbaycanda bu göstərici 88 kiloqram təşkil etmişdir. Beləliklə, Azərbaycan kənd təsərrüfatı məhsulu istehsalı və istehlakı üzrə MDB-də ən geridə qalan ölkələrdən biridir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?