Yaxın dövrümüzün tarixində Quba rayonunun adı Azərbaycanda məmur özbaşınalığına qarşı ilk kütləvi xalq hərəkatının baş verdiyi bölgə kimi əbədiləşib. Yəqin ki, 2012-ci ilin mart hadisələrini unutmayanların sayı hələ ki, yetərincədir. Məmur özbaşınalığı, qudurğanlığı nəticəsində rayonda əsl üsyan ab-havası yaranmış, sonda İcra Hakimiyyətinin başçısı Rauf Həbibov vəzifəsindən azad olunmuşdu. Azərbaycanda əksər rayonların ayrı-ayrı məmurların kurasiyasında olduğu heç kimə sirr deyil. Quba rayonu da bu bölgüdə ölkənin ən böyük məmur-oliqarxlarından olan nəqliyyat naziri Ziya Məmmədovun payına düşüb. Məhz onun kurasiyasında olan bir rayonda xoşagəlməz olay yaşanması zamanında Ziya Məmmədov üçün əlavə problemlər yaratsa da nazir burada öz mövqelərini qoruyub saxlamağı bacarmışdı. Quba rayonuna rəhbərliyə nazirin “kadrlarından” hesab olunan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Alı oğlu Ağayev gətirilməklə burada “status-kvo” nəqliyyat nazirinin xeyrinə dəyişməz qalmışdı. Həmin dövrlərdə bir çox iri ranqlı məmurlar Qubaya öz adamlarını rəhbər təyin etdirməyə çalışsalar da, sonda Ziya Məmmədov Qubanı kimsəyə “güzəştə getmədi”. Düşünmək olardı ki, nəqliyyat naziri buraya öz adamını təyin etdirməklə keçmiş “xətalarını” düzəltdirmək istəyir. Ancaq “Şöhrət” ordenli yeni İcra başçısının fəaliyyəti nəinki Quba üsyanının acı xatirələrini unutdurdu, əksinə “köhnə yurdun qədrini təzə yurdda bilərlər” effekti yaratdı. Qubada adlar dəyişsə də siyasət dəyişmədi - məmur özbaşınalığı, korrupsiya və rüşvətxorluq artaraq pik həddə çatdı.
Abadlığın “Mübariz Ağayev modeli”
Yerlərdə İcra Hakimiyyəti başçılarının ən çox sevdikləri iş üsullarından biri təmir-tikinti işləri aparmaqdır. Bu həm onların əhali arasında “qurucu” imici formalaşdırması üçün vacibdir, həm də daha çox qazanmağın ən optimal yollarından biridir. Hətta elə olur ki, yeni təyin olunan icra başçıları özündən əvvəlki rəhbərin dövründə görülən və yaxşı vəziyyətdə olan quruculuq işlərinin də üstündən xətt çəkib bütün işlərə yenidən start verirlər. Mübariz Ağayev də yeni təyinat aldığı Qubada “abadlıq-quruculuq” işlərinə xüsusi diqqət yetirərək rayonun inkişaf tarixinə “silinməz” izlər qoyub. Rayonda iri həcmli tikinti-quruculuq işləri aparılsa da görülən işlər zamanı elə talançılıq və mənimsəmə hallarına yol verilib ki, rəqəmlər əsl mənada əl yandırır. Rayon mərkəzinin kanalizasiya sistemləri yenidən qurularaq istifadəyə verilib. Təbii ki, böyük vəsaitlərin sərf olunması hesabına yenilənmiş kanalizasiya sisteminin ömrü elə ilk yağışa qədər olub. Yağan yağışa dözməyən “yenidən qurulmuş” kanalizasiya xəttləri dərhal partladığı üçün Quba şəhərinin mərkəzi kanalizasiya suları altında qalıb. Amma, ruhdan düşməyən İcra Hakimiyyətinin başçısı yenidən yüz minlərlə manat sərf etməklə şəhərin kanalizasiya sistemini bir daha yenidən qurdurub. Bu dəfəki sistemlərin ömrü nə qədər çəkəcək, onu icra başçısından başqa bilən yoxdur. Bu gün Qubanın mərkəzində və bir neçə kəndində quraşdırılan işıq dirəkləri isə Mübariz Ağayevin “nurlu fəaliyyətinin” canlı abidələridir. Rayondan verilən məlumatlara əsasən, bu dirəklərin hər biri ağılagəlməz qiymətlərə sənədləşdirilərək dövlətin külli miqdarda vəsaiti mənimsənilib. Ümumilikdə 300-ə qədər alınan işıq dirəklərinin hər biri 1500 manata sənədləşdirilib. 1500 manatlıq işıq dirəkləri rayonun mərkəzi küçələrinə və Heydər Əliyev parkına quraşdırılıb. Ümumiyyətlə, rayonda aparılan abadlıq işləri zamanı qiymətlərin fantastik həddə şişirdilməsi adi hal alıb. Xüsusilə, Heydər Əliyev parkının abadlaşdırılması zamanı ciddi maliyyə pozuntularına yol verildiyi bildirilir. Parkda əkiliş 1000-dən çox dekorativ ağacın, 35 min ədəd dekorativ kolun və digər bitkilərin qiymətlərinin sənədləşdirilməsində saxtalaşdırma aparıldığı, rəqəmlərin dəfələrlə şişirdildiyi iddia olunur. Əslində rayonda aparılan təmir-tikinti işlərinin böyük qismi zorla yerli sahibkarlara, idarə və müəssisə rəhbərlərinə gördürülür. Abadlıq işlərinin aparılması adı ilə rayonda pul toplanılması adi hal alıb. Sahibkarlar, rəhbər vəzifələrdə çalışanlar xüsusi “ aylıq haqqa” oturdulub. Alayarımçıq görülən işlər üçün icra başçısı bir neçə mənbədən “qazanmağın” yolunu əla bilir. Rayonda aparılan abadlıq işləri zamanı Mübariz Ağayev əsl “yaşıl soyqırım” siyasəti də həyata keçirib. Rayondan aldığımız məlumatlara əsasən, abadlıq-yenidənqurma adı ilə rayon mərkəzində və kəndlərdə yüzlərlə “Xan çinar” ağacları kəsilərək məhv olunub. Hər birinin 200-300 yaşı olan bu ağaclar heç bir ehtiyac olmadan və səbəb göstərilmədən kəsilib və 2000 dollara satılıb. Əsrlərlə yaşı olan “Xan çinarları” məhv edib yerində dekorativ ağaclar əkilməsinə Azərbaycan sayağı abadlıq-quruculuq işləri deyilir. Həmçinin rayonda aparılan abadlıq işlərində artıq “pul itkisinə” yol verməmək üçün İcra başçısı büdcə təşkilatlarında çalışan müəllimləri, həkimləri, digər işçiləri məcburi şəkildə iməcilik adı ilə müxtəlif işlərə cəlb edir. Rayon ziyalıları küçələrdə işləməyə, fəhlə kimi çalışmağa məcbur edilirlər. Qubada dövlət təşkilatlarında çalışanların hamısı İcra başçısının “fəhlələrdir”. Böyük məbləğdə vəsaitlərin mənimsənildiyi təmir-tikinti işləri yalnız rayon mərkəzinin kiçik bir hissəsini əhatə etdiyi üçün digər ərazilər bərbad vəziyyətdədir. İllərdir təmir üçün qazılıb dağıdılan yollar keçilməz olub, yayda toz-torpaqdan, qışda palçıqdan hərəkət etmək olmur. Ancaq, bunların heç biri Mübariz Ağayev üçün heç bir əhəmiyyət kəsb etmir. Əvəzində qubalılar icra başçısının dəbdəbəli malikanələrinə baxıb “inkişaf sürətindən” qürur hissi keçirirlər.
“Şöhrət”-li İcra başçısı
Ümumiyyətlə, rayonda Mübariz Ağayevin sakinlərlə qaba rəftarı, tabeliyində olanlarla təhqiramiz ifadələrdən istifadə edərək danışması haqqında bilməyən yoxdur. Qubalılar bildirir ki, bütün rayonu təhqir edərək qarışıqlıq salan Rauf Həbibovdan sonra belə bir şəxsin rayona başçı təyin olunması ən azından təhqirdir. Mətbuat səhifələrində Mübariz Ağayevin “dastana dönən” əməllərindən dəfələrlə bəhs olunub. Onun xanım jurnalistlərə xüsusi “sevgisi” isə məhşuri-cahandır. Bu yaxınlarda isə onun Qubanın “general-qubernatoru” Ziya Məmmədov tərəfindən sərt şəkildə cəzalandırıldığı barədə ölkə KİV-lərində məlumatlar verilmişdi. Bildirilirdi ki, rayonda yaranmış gərgin vəziyyətlə bağlı nazirlə yaranan münaqişə icra başçısının döyülməsi ilə nəticələnib. Çünki, rayonda vəziyyət o dərəcədə acınacaqlı durumdadır ki, hətta Ziya Məmmədov belə bunu qəbul edə bilməyib. Göyçay rayonuna və Mingəçevirə rəhbərlik etdiyi dövrlərdə yol verdiyi qanunsuzluqlar, korrupsiya faktları ilə həmişə sərt tənqidlərə tuş gələn M. Ağayevin fəaliyətinin “Quba mərhələsi” onun “karyerasının” ən uğursuz dönəmi hesab oluna bilər. Digər regionlarda icra başçıları kosmetik də olsa yenidənqurma işləri apardığı halda Quba müasir görkəmi ilə tamamilə unudulmuş, yaddan çıxarılmış bir əyalət təsiri bağışlayır. Qubada son dövrlərdə göz oxşayan, yüksək keyfiyyətlə inşa olunan bütün tikililər, obyektlər hamısı İcra başçısına məxsusdur. Rayonda geriləmə hər gün bir az daha sürətlənsə də bunun hesabına M. Ağayev dəbdəbəli villalar, ticarət obyektləri, istirahət mərkəzləri inşa etdirməklə Qubada özü üçün əməlli-başlı biznes şəbəkəsi yarada bilib. Göyçayda və Mingəçevirdə çoxsaylı obyektləri olan icra başçısı Qubada da “bekar dayanmayıb”. Turizm baxımından əlverişli olan rayonun Qəçreş, Təngialtı adlı ərazilərində M. Ağayevin restoran və istirahət mərkəzləri fəaliyyət göstərir. Qubaya rəhbərlik etdiyi dövrdə ancaq şəxsi biznes maraqlarını təmin etməyə çalışan başçı rayonun inkişafı üçün elə bir ciddi uğura imza atmasa da bu sahədə xeyli “uğurlu layihələr” reallaşdıra bilib. Son dövrlərdə nəqliyyat naziri Ziya Məmmədova qarşı aparılan kompaniyanın daha da güclənməsi fonunda onun səlahiyyətlərinin əlindən alınması prosesi gedir. Uzun illər bir çox sahələrdə hegomonluğunu qoruyub saxlayan nazirin tədricən mövqeləri zəiflədilir. Verilən məlumatlara əsasən, artıq Ziya Məmmədovun kurasiyasında olan rayonlar da onun nəzarətindən alınır. Göyçay, Zərdab, Ucar rayonları nəqliyyat nazirinin “səlahiyyət dairəsindən” çıxarılaraq digər iri məmur oliqarxların kurasiyasına verilib. Ziya Məmmədovun doğma Ucar və xüsusi önəm verdiyi Quba rayonlarını əldən verməmək üçün xeyli çaba sərf etdiyi bildirilir. Lakin, Mübariz Ağayevin Qubanı bərbad vəziyyətə qoyması rayonun əldən getməsinə səbəb olub. Qubada turizm sahəsində bir çox layihələr reallaşdırmağı hədəfləyən Z. Məmmədovun ümidlərini məhz sadiq kadrı hesab etdiyi M. Ağayev puça çıxardıb. Aldığımız məlumatlara əsasən, 2012-ci ildə nəqliyyat nazirinə güzəşt olunsa da, artıq onun heç bir şansı qalmayıb. Məhz bu səbəblərdən axır vaxtlar Ziya Məmmədovla Mübariz Ağayev arasında münasibətlər son dərəcə kəskinləşib. Özü də başçı karyerasının sona yaxınlaşdığını hiss edən M. Ağayev Qubaya daha dəhşətli divan tutmağa başlayıb. Torpaqların satışı kütləvi hal alıb, hektarlarla ərazilər ucdantutma satışa çıxarılıb. Hətta parklar, istirahət guşələri belə ayrı-ayrı şəxslərə satılaraq pulu mənimsənilir. Rayonda da Mübariz Ağayev “dövrünün” sona çatmaq üzrə olduğunu bilirlər. Odur ki, axır-axırda yeni bir Quba üsyanının baş verməməsi üçün hələ ki, səbr nümayiş etdirilir. Yoxsa rayonda deyildiyi kimi, bunun üçün Mübariz Ağayev heç də sələfindən az “iş görməyib”. Qubalılar bir daha “Mübariz”ə aparmaq istəmirlər, ortada qosqoca dövlət iradəsi var. Nicat Mahmudov
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?