Keçən ilin 1 mart hadisələrinin ardından Quba rayonuna icra başçısı təyin olunan Mübariz Ağayev əslində böyük öhdəliklərlə Mingəçevirdən transfer olunmuşdu. İlk baxışdan Mübariz Ağayevin üzərinə düşən missiyanı layiqincə yerinə yetirdiyini söyləmək olar. Amma məsələ heç də göründüyü kimi deyil və daxil olan informasiyalar da təsdiqləyir ki, Quba bir rayon olaraq yenidən qaynaya bilər. Buna səbəb həm bir il əvvəlki hadisələr zamanı yaxınları həbs edilmiş, işgəncələr görmüş qubalıların hələ də narazı qalmaları, həm də Qubanın hazırki icra başçısının rayonda əvvəlki icra başçısı Rauf Həbibova şükür oxutduran əməllərdə bulunmasıdır. Rayondakı mənbənin söylədikləri: «Mübariz Ağayev bu gün rəsmən Qubada sosial narazılıqlar yaratmaqdadır. Belə ki, onlarla sahibkara «Gül Bayramı» ilə əlaqədar icra başçısı tərəfindən 3000 manat öhdəliyi qoyulub. Bundan isə sahibkarların hamısı narazı olsa da, kimsə səsini çıxara bilmir. Çünki hərənin icra hakimiyyətindən bir cür asılılığı var». Mənbə iddia edir ki, bu günlərdə nəqliyyat naziri Ziya Məmmədov Qubada səfərdə olarkən də yaşanan insident rayon sakinlərinin gözləri qarşısında baş verib: «Ziya Məmmədov Mübariz Ağayevi icra hakimiyyətinin binası qarşısında rəsmən danlayıb. Sakinlər başçının nədən danlandığından xəbərdar olmasalar da, bunu görənlər çox olub. Bu isə nazirin başçıdan heç də razı qalmadığının göstəricisidir». Xatırladaq ki, Ziya Məmmədov keçən il Qubada baş verən üsyan zamanı Bakıdan göndərilən xüsusi missiyanın tərkibində idi və o, qubalıların qarşısına çıxaraq icra başçısının həqarətinə görə şəxsən üzr istəmişdi. İndi isə görünür, Ziya Məmmədov Mübariz Ağayevin əməllərindən xəbərdardır və bir daha üzr istəmək kimi bir diskomfort şəraitə düşmək istəmədiyindən bəri başdan işini ehtiyatlı tutmağa çalışır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?