Ermənistan Cənubi Qafqazda təkcə işğalçı deyil, demokratiyaya da bir təhdiddir
Ukrayna prosesləri mayın 25-dən sonra yekunlaşacaq, demokratikləşmə sırası yenə bizdə deyil
MDB məkanında baş verən siyasi proseslər o qədər sürətlə hərəkət edir ki, əksər dövlətlərdə iqtidarlar daxilə çəkilərək yalnız ölkə daxilini qapatmaqla məşğuldurlar. Ukrayna inqilabı və sonrakı hadisələr avtomatik olaraq dövriyyəyə girən qapanma sisteminin işləməsini zəruri etdi. Kiçik dövlətlərin Rusiydan ala biləcəyi təhlükələrlə bağlı olaraq narahatlıqları başa düşüləndir. Xüsusilə də Qara Dəniz sahillərində proseslər yekunlaşdıqda, Rusiyanın sərhədlərinə doğru genişlənmə prosesi davam edəcək. NATO Rusiya sərhədlərində tam olaraq möhkəmlənməklə, hərbi imkanlarını artırmaq niyyətindədir. Xüsusilə də Ukrayna ilə yanaşı Moldava və Dnestryanı digər dövlətlərdə Qərbə inteqrasiya, Avropa Birliyi ilə yaxından əməkdaşlıq mühim prioritetlərdən biridir. Məhz Rusiya baş verənlərin fərqindədir. 2005-ci ildən sonra Gürcüstanın tam olaraq dəyişməsi, ruslar üçün çox mühim bir dəyişiklik oldu. Növbə heç də təkdövlətlilik prinsipləri ilə davam etməyəcək. Gözlənilən odur ki, Rusiya Ukraynada daha dərin münaqişə ocaqları yaratmaqla, problemin tezliklə həll edilməsinə mane olacaq. Rusiya Yanukoviç vasitəsilə nəzarəti əlində saxlaya bilməyəcəyini anlayandan sonra, qarışıqlıqlar və separatizmi gücləndirməyə başladı. İndi proseslərin gedişi bir daha sübut edir ki, əslində Avropa üçün yaxınlaşma siyasətində ən uğurlu şəxs elə osmanlılar demiş Yanukoviçin ta kəndisi idi. Yəni Ukraynada başlayan etiraz aksiyalarından sonra Yanukoviç azca cəsarətli olub Avropadan dəstək istəyə bilsəydi, bu gün proseslər indiki kimi davam etməzdi. Lakin mənasız təmkin və gözləmə, sonda Kiyevdə Maydana toplaşmış insanların snayperlərlə vurulması və bununla da qanlı yeni bir dövr başladı. Snayperlərin Kremldən təlimat aldıqları kəsin idi. Çünki artıq Yanukoviçin nəfəsi kəsilmişdi. O, böyük ehtimala snayperlərin atəşindən bir neçə saat əvvəl üzünü Avropaya tutaraq hansısa müraciəti edəcəkdi. Lakin Kreml duyuq düşərək buna imkan vermədi. Proseslərin ikinci fazasında isə artıq hərbi müdaxilə ilə ruslar Ukraynaya daxil olmağa çalışdılar. Krımın ilhaqı əslində bunun başlanğıcı sayıla bilərdi. Lakin yenə də nəticə uğurlu olmadı. İndi Ukrayna bütün dünyaya nəzərlərini 25 mayda keçirilən seçkilərə cəmləyə bilib. Rekord həddə müşahidəçilər Ukraynada seçkiləri izləmək üçün akreditasiyadan keçiblər. Kim bilir, bəlkə də akredditə olunmuş müşahidəçilər elə Avropa və ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Onlar sadəcə olaraq seçkilərin təhlükəsizliyini təmin etmək üçün Kiyevə gəliblər… Amma bütün hallarda mayın 25-dən sonra Ukrayna rus separatizminə qarşı amansız olaraq davranacaq. Bu açıq və konkretdir. Proseslərin mayın 25-dən sonra yekunlaşacağı təqdirdə, Rusiya faktiki olaraq uduzmuş duruma düşəcək. Nəticə etibarilə də yeni bir mərhələ başlayacaq. Şərq tərəfdaşlığı proqramının ikinci mərhələsində növbə çox yəqin ki, Cənubi Qafqaza çatacaq. Cənubi Qafqazda ən problemli ölkə Ermənistandır. ABŞ və Avropada anlayırlar ki, Ermənistan Avropaya can atan Azərbaycan üçün təkcə işğalçı olaraq problem yaratmır. İrəvan həm də Kremlin əlində bir maşa rolunu oynayır. İstənilən vaxt Rusiya Cənubi Qafqazın əsas dövləti olan Azərbaycana təzyiq etmək üçün ermənilərdən istifadə edə bilər. Bu isə təkcə Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması ilə deyil, Azərbaycanın Avropaya inteqrasiyasının qarşısını almış ola bilər. Nəticə etibarilə də Azərbaycan zəif Gürcüstandan və uzaq Avropa və ABŞ-dan heç bir dəstək almadan parçalanmış duruma düşürülə bilər. Həm də Ermənistanı Avropaya sarı dartmaq o qədər çətindir ki, hələlik demokratikləşmə prosesi Cənubi Qafqazla bağlı ikinci planda dayanır. İndilikdə prioritet olan məsələ məhz təhlükəsizlik məsələsidir. Bu səbəbdən də ölkə daxilində daha sərt siyasi yanaşmaların ortada olması və ABŞ və Qərbdən gözlənilən etirazların gəlməməsi başa düşüləndir. Son bir ildə ölkənin həbsxanalarına xeyli sayda tanınmış şəxs salınıb. Hələlik rəsmi Bakı dövlətin sarsılmaması üçün özünüqoruma instinktindən istifadə edir. Məsələ burasındadır ki, bununla bağlı olaraq ortada olan əsas məqamlardan biri də odur ki, Azərbaycan dövləti özünün mövcudluğunu qorumaq üçün bütün imkanlarından istifadə edir. Ölkənin siyasi müxalifət institutlarında isə bunu dəyərləndirə bilmirlər. Yəni demokratikləşmə prosesi ABŞ və Qərbdən Azərbaycana hələ ki, gəlmir. İndi dünyanın demokratiya mərkəzlərindən gələn əsas mesajlar təhlükəsizliklə bağlıdır. Bu səbəbdən də daxildə dini cərəyanlarla bağlı olaraq aparılan sərt reformalar, siyasi institutlarla məsafəli münasibətlərin tətbiq edilməsi məhz təhlükəsizliklə bağlı olan bir məqamdır. Azərbaycanda böyük ehtimalla 2015-ci ilə qədər heç bir mühim siyasi dəyişiklik baş verməyəcək. Çünki Cənubi Qafqazla bağlı ABŞ və Avropa hələ ki, ətalət vəziyyətində dayanmağa daha çox üstünlük verir. Hətta əhəmiyyətli geosiyasi enerji layihələri ilə bağlı neqativ informasiyalar yayılır. Mühim projelərin təxirə salınması ilə bağlı olaraq məlumatlar ötürülür. Bununla da Rusiyanı Azərbaycanla bağlı qıcıqlandırmamaq üçün projenin bütün müəllifləri susurlar. Azərbaycanın daxilindəki həbslər də bəlkə də Rəsmi Bakının dövləti qoruması üçün yeni kart-blanş yaratması üçündür. Siyasi məhbuslar, siyasi motivlərlə həbsə atılan fəallar və jurnalistlər bir gün Azərbaycanın mövcudluğuna görə, özləri də anlamadan mühim faktor olduqlarını zaman gəlincə anlayacaqlar. Bir gün Azərbaycan özünü Rusiyadan, Avropa və ABŞ-ın demokratiya tələblərindən qorumaq üçün əsas danışıqlar mövzusuna çevriləcəklər. Nəticə etibarilə də indiki iqtidar bütün parametrləri ilə ən azı bayrağımızı, sərhəddimizi qoruya biləcək. Təəssüf ki, bu belədir. Lakin reallıqlar və dünyanın şərtləri dəyişmədiyindən Azərbaycanı ən azı qorumaq lazım gələcək. Rusiya parçalanmayınca, zəif düşürülməyincə, Azərbaycanda sərt dəyişikliklər gözləmək ən azı ağılsızlıqdır… Razi ABASBƏYLİ
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?