Sülhəddin Əkbər: “Vaşinqton Ukrayna konfliktinin çərçivəsinin bir qədər də genişlənməsində maraqlıdır”
Azad Demokratlar Partiyasının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərin müsahibəsini təqdim edirik. - Azərbaycan müxalifətinin düşdüyü stress vəziyyətindən çıxmaq yaxın dövr üçün hansısa münasib xarici şərait yarana bilərmi? - Hər seçkidən sonra belə vəziyyət yaranır. Hesab edirəm ki, hazırda regionda geopolitik proseslər gedir və bu qarşıdurma böhran həddinə yaxınlaşır. Azərbaycanda GUAM üzvü olaraq bu geopolitik qarşıdurma cəbhəsində yerləşir. Başqa sözlə, geopolitik qarşıdurma həddi Azərbaycandan keçdiyi üçün bunun daxili siyasətə təsir edəcəyi qənaətindəyəm. - Ukraynada baş verən mürəkkəb proseslər hələ də davam edir. Bu ölkədə nə baş verir? - Öncəki fikrimi davam etdirərək deyim ki, geopolitik mübarizəninin SSRİ məkanında davamı baş verir. Rusiya 2005-ci ilin 13 mayında Əndincanda baş verən məlum hadisələrdən başlayaraq əks hücuma keçib və MDB məkanında itirilən mövqelərini mərhələ-mərhələ geri qaytarmaq niyyətindədir. Rusiya Mərkəzi Asiyada məsələni həll edilmiş hesab edir. Azərbaycanda və Ermənistanda isə durumu sabit qiymətləndirir. Yalnız Gürcüstan, Ukrayna və Moldovada mövqelərinin itirildiyini düşünür və hazırda bu mövqelərini geri almaq niyyətindədir. Rusiyanın son geopolitik həmləsi, əvvəlcə Krımı Ukraynadan qoparması, indisə Cənubi Şərqi Ukraynada sabitliyi aktiv şəkildə pozması, Ukrayna mərkəzi hakimiyyətini tanınmaması qeyd etdiyim bu üç ölkədə özünün mövqelərini geri qaytarmağa və bu ölkələrin Avropa və NATO-ya inteqrasiyasının qarşısını almağa hesablanıb. Bilirsiniz ki, Ukrayna böhranı əslində bu ölkənin Avropa Birliyi ilə sazişi imzalamaması ilə başladı, Avrointeqrasiya tərəfdarları meydana axışaraq buna qarşı çıxdılar, nəticədə hakimiyyət dəyişikliyi baş verdi. Və hakimiyyətə yeni gələn qüvvələr ölkənin xarici siyasət vektorunu yenidən Avropa Birliyinə və NATO-ya doğru çevirdilər. Bu da hazırda Rusiyanın əks hücumu ilə müşahidə olunur. Bir daha qeyd edim ki, Ukraynada baş verənlər Kremlin son 20 ildə itirdiklərini geri qaytarması uğrunda mübarizəsinin təzahürüdür. - Bu prosesdə qərb hansı formada iştirak edir? - Əlbəttə, bu məsələdə bir tərəfdən ABŞ, Avropa Birliyi, digər tərəfdə isə Rusiya durur. - Şərqi Ukraynada artıq ölüm hallarına rast gəlinir, qeyri stabillik hökm sürür, Rusiya meylli şəxslər hökumət binalarını zəbt edirlər. Bundan nə gözləmək olar? - Rusiya Krımı Ukraynadan qoparandan sonra əksər siyasi təhlilçilər qeyd edirdilər ki, Moskva bununla dayanmayacaq. Çünki, Rusiyanın siyasi məqsədi var. Söhbət itirilən mövqelərin geri qaytarmaq və sovet məkanında nəzarəti tam bərpa etməkdən gedir. Siyasi məqsəd isə indiki halda Kiyevdə Rusiyameylli siyasi hakimiyyəti bərpa etmək, Ukraynanın təsir dairəsinə salmaq, bu ölkənin Avropa Birliyinə getməsinin qarşısını almaqdır. Bu siyasi məqsədə çatmayana qədər Kreml durmayacaq. Bu gün Rusiyanın apardığı siyasi strategiyanın məqsədi budur. Məndə hesab edirəm ki, bu məqsədə çatmayana qədər Rusiya dayanmayacaq. Hazırda Rusiya bu məqsədinə çatmaq üçün bütün vasitələrdən istifadə edir. - Hansı vasitələri qeyd edə bilərsiniz? - Siyasi, diplomatik, iqtisadi, hərbi və həm də xüsusi vasitələrdən maksimum istifadə edir. Krımı qopardıqdan sonra isə Şərqi Ukraynada sabitliyi aktiv şəkildə pozmaq, separatizmi dəstəkləmək üçün aktiv kəşfiyyat-təbliğat işləri aparır, yerli hakimiyyət orqanlarının inzibati binaları nəzarət altına alır, mərkəzi hakimiyyəti tanımır, Ukraynanın federallaşması tələbini irəli sürür, rus dilinə dövlət dili statusu verilməsini istəyir. Və nəhayətdə Ukraynanın neytral dövlət elan olunmasını tələb edir. Bütün bunları ümumiləşdirsək məlum olar ki, məqsəd Ukraynada rus yönümlü hakimiyyətin yaranması, bu ölkənin yenidən Rusiyanın sferası altına qaytarılmasıdır. - Artıq neçə aydır ki, Qərblə Rusiya Ukraynada üz-üzə gəliblər. İlkin nəticələri necə qiymətləndirirsiniz, sizə elə gəlmirmi ki, Rusiya qalib kimi görünür? - Xeyr. Mən sizin kimi düşünmürəm. Siz əgər prosesə Ukrayna sərhədləri çərçivəsindən baxsanız, belə görünə bilər. Amma məsələyə regional və qlobal çərçivədə baxsanız bu qənaətə gəlməzdiniz. Gələk konkret qısamüddətli nəticələrə. Amerka nəyə nail oldu, ilkin nəticələr nədən ibarətdir? Birincisi ABŞ zəifləyən transatlantik əlaqələrin güclənməsinə nail oldu. Çünki, ABŞ və Avropa arasında müxtəlif səbəblərdən münasibətlərdə həm problemlər yaranmışdı, həm də bir soyuqluq hökm sürürdü. Amma Rusiya təhlükəsinin üzə çıxması Avropanı Amerikaya yaxınlaşdırmaq üçün gözəl şərait yaradır. İkincisi, ABŞ-ın Avropada iştirakı, xüsusilə hərbi iştirakının artırılması üçün yeni şərait formalaşdırır. Üçüncüsü, ABŞ-ın Şərqi Avropada raket əleyhinə müdafiə sisteminin milli elementlərinin yerləşdirilməsi. Hansı ki, Rusiya buna qarşıdır. Xatırlayırsınızsa, bu sistemin əvvəlcə Polşada, sonra isə Ruminiya və Polşada yerləşdirilməsi nəzərdə tutulurdu. Dördüncüsü, ABŞ-ın hərbi müttəfiqləri ildən-ilə öz xərclərini azaldır, ixtisarlar aparırdı. İndi ABŞ-ın müttəfiqlərindən hərbi xərcləri artırmaq üçün tələb irəli sürməyə haqqı çatacaq. Bu həm də NATO-nun genişlənməsi üçün yeni şərait yaradır. Bu günə qədər Rusiya ilə əməkdaşlıq, Kremli ilə əlaqələrin pozulmaması imkan vermirdi ki, Gürcüstan və Ukraynanı NATO-ya dəvət etsinlər. Fikrimcə, indi bu aradan qalxır. Zənnimcə, bu il keçiriləcək NATO sammitində Gürcüstanda dəvət olunacaq və ona üzvülük-hərəkat planı veriləcək. Əlbəttə, indiki halda Ukraynaya bu təklif edilməyəcək. Çünki, Ukrayna böhran həddindədir və vəziyyəti gərginləşdirmək istəmirlər. Amma seçkidən sonra yaranacaq yeni hakimiyyət dövründə bu vəziyyət dəyişəcək. Qeyd edim ki, indiyə qədər Rusiya ilə olan münasibətlər, eləcə də Fransa, Almaniya və Roma deklorasiyası imkan vermirdi ki, NATO-nun hərbi strukturu Şərqi Avropada artırılsın. İndi isə Şərqi Avropa ölkələri ABŞ və NATO-dan xahiş edirlər ki, burada hərbi iştirakını artırsın. Artıq NATO Şərqi Avropada öz hərbi varlığını artırır. Onu da qeyd edim ki, ABŞ və NATO Qara dənizdə hərbi iştirakı artırmağa nail olub və bu prosesdə gedir. Avropa Birliyinin qazancı isə üç ölkə olacaq. Hesab edirəm ki, Ukraynada seçkilərdən sonra bu ölkə Gürcüstan və Moldova kimi Avropa Birliyi ilə saziş imzalayacaq. Bu da hər üç ölkənin Rusiyanın təsir dairəsindən çıxarılmasının legitimlləşdirilməsi deməkdir. Yəni məsələyə quş uçuşu hündürlüyündən baxanda tamam başqa mənzərənin şahidi oluruq. - Bəs Rusiyanın qazancı nədir? - Mənə elə gəlir ki, Rusiyanın indiki qazancı ABŞ və Avropanın qazancının yanında çox cüzidir. Əgər Ukrayna çərçivəsində yanaşsaq ABŞ və Avropa Ukraynanı qazanır. Rusiyanın qazancı isə Krım olur. Bunun ardınca Kremlə qarşı təcrid siyasəti işə düşür, növbəti mərhələdə sanksiyalar işə salınacaq. Beləliklə Rusiya daxilində problemlər başlayacaq. Artıq Rusiyada maliyyə itkisi 170 milyard dolların üzərindədir. Bunun daxildə hansı sosial-iqtisadi nəticələrinin olacağını da gələcək göstərəcək. Bu arada bir məqamı xüsusilə qeyd etmək istərdim. Hazırda Rusiya kiçik idarəolunan konfliktlər strategiyasını izləyir. Çünki, Rusiyanın resursları ancaq kiçik konfliktləri idarə etməyə imkan verir. ABŞ isə çalışır ki, konfliktin sərhədləri böyüsün və Moskvanın resursları onu idarə edəcək səviyyədə olmasın, beləcə proses Kremlin nəzarətindən çıxsın. ABŞ və Rusiya bir-birinə zidd strategiya həyata keçirir. Hazırda Kremli kiçik və idarə olunan konfliktin yaranmasında maraqlıdır və buna çalışır. Ondan fərqli olaraq Vaşinqton Ukrayna konfliktinin çərçivəsinin bir qədər də genişlənməsində maraqlıdır. - Bu prosesdə Türkiyənin rolu və qazancı nədən ibarətdir? - İndiki halda Ankaranın qazancı Rusiya ilə münasibətlərdə imtiyaz qazanmasıdır. Başqa sözlə, Rusiyanın beynəlxalaq izoliyasiyası gücləndikcə, xüsusilə ciddi maliyyə sanksiyaları tətbiq olunduqca Moskvanın Türkiyəyə ehtiyacı böyük olacaq. Ankara da çalışacaq ki, Rusiya ilə münasibətləri pozmasın. Rusiya da çalışacaq ki, Türkiyə üzərindən bu sanksiyaları aşsın. Digər tərəfdən, Rusiya çalışacaq ki, Krım məsələsinə, habelə Cənubi Qafqaz məsələləri baxımından Türkiyə ilə münasibətlər pozulmasın. Bu da Ankaraya Moskva ilə münasibətlərdə müəyyən taktiki üstünlüklər verəcək. Ona görə də, Türkiyə bir tərəfdən NATO üzvü olaraq Amerika ilə birgə hərəkət etməyə məcburdur, digər tərəfdən isə Rusiya ilə olan imtiyazlı münasibətlərdə üstünlüyünü qoruyub saxlasın. Əlbəttə, bu bir yerə qədər ola bilər. Rusiya xüsusən, Cənubi Qafqazda və Azərbaycanda öz geopolitik tələblərini diktə etsə, bu zaman Ankara Azərbaycana görə, ortaya mövqe qoymağa məcbur olacaq. Bu da, imtiyazlı münasibətlərin itirilməsi ilə başa çatacaq. - Gürcüstan demokratiya əldə etmək və Avropanın bir parçası olmaq naminə Abxaziya və Cənubi Osetiyanı qurban verdi. Ukrayna Krımı, Moldova isə Dnestryanı bölgəni qurban verməklə demokratiya üçün çabalar göstərir. Azərbaycan isə Dağlıq Qarabağı versə də, bunun nə demokratiyaya, nə də Avropaya inteqrasiyaya aidiyyəti olmamış kimi görünür. Səbəb nədir? - Müşahidəniz doğrudur. Hesab edirəm ki, bu Azərbaycanın yanlış strategiya izləməsinin nəticəsidir. Məhz qeyd etdiyiniz hər üç ölkə sözdə və əməldə Avropaya inteqrasiya olmaq üçün iş apardığına görə, ərazilərinin bir hissəsini itirsələr də, bu reallığı dünya birliyi qəbul edir və həmin əraziləri bir qurum kimi tanımır. Həm də bu üç ölkənin ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən də tanınır. Üstəlik bu ölkələrin ərazilərinin bir hissəsini itirməsi müvəqqəti xarakter daşıyır. Əvvəl-axır Moldovanın, Gürcüstanın və Ukraynanın ərazi bütövlüyü təmin ediləcək. ABŞ, NATO və Avropa Birliyi də buna güclü dəstək verəcək. Azərbaycan isə Avropa Birliyinə və NATO-ya üzvülük xəttini seçmədiyinə görə, həm ərazisini itirib, həm də bu ölkələrin dəstəyini itirib. Bu səbəbdən də münaqişələrə yanaşma tamamilə fərqlidir. (Davamı gələn sayımızda)
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?