Quba RİH başçısının birinci müavini olmaq istəyən N. Vəliyev həmkarlarını “baqaja” qoyur
Regionlarda acınacaqlı durum hökm sürür. Məmurların qanunsuz əməlləri, talançılığı bölgələri bərbad hala salıb. Rayonlara rəhbərlik edənlər məsul olduqları sahələrin inkişafı ilə deyil, şəxsi biznes maraqlarını təmin etmək üçün çalışırlar. Büdcə vəsaitlərinin talanması pik həddə çatıb. Təsadüfi deyil ki, daha çox qazanmaq, daha geniş səlahiyyətlərə malik olmaq üçün yerlərdə kadrlar arasında gərgin mübarizə gedir. İcra strukturlarında “çalışan” məmurlar vəzifə iyearxiyasında yüksəlmək üçün ən müxtəlif formalardan və metodlardan istifadə edirlər. Hakimiyyət daxili mübarizənin geniş yayılmış üsullarından biri də kompromat savaşıdır. Məmurlar rəqiblərini sıradan çıxarmaq üçün əllərində olan kompromatları həvəslə mediaya ötürüb tirajlayırlar. Səlahiyyət sahiblərinin hakimiyyət ehtirası bitib tükənmək bilmir. Bu gün çox acınacaqlı durumda olan Quba rayonunda da məmurlar arasında mübarizə son günlər daha da şiddətlənib. Rayona rəhbərlik edən “Şöhrət” ordenli Mübariz Ağayevin vəzifədən alınacağı ilə bağlı yayılan xəbərlər bu mübarizəni daha da kəskinləşdirib. İcra hakimiyyətində işləyənlər öz gələcəklərini təmin etmək, yaranmış vəziyyətdən daha çox yararlanmaq üçün gərgin mübarizəyə başlayıblar. İcra başçısı olmaq arzusu “həmkarları” düşmənə çevirib. Aldığımız məlumatlara əsasən, icra başçısının iki müavini arasında Quba bazarı uğrunda uzun müddətdir ki, davam edən mübarizə son günlər pik həddə çatıb. Başçının müavinləri arasında gedən savaşdan yararlanmaq istəyənlər də tapılıb və onlar xüsusilə fəallaşıblar. İki müavinin davasından karlı çıxmaq istəyən isə Aqrar məsələlər şöbəsinin müdiri Nəsrulla Vəliyevdir. Nəsrulla Vəliyev son günlər daha çox Quba rayon İcra Hakimiyyəti aparatının “mətbuatla əlaqələr şöbəsinin” funksiyalarını yerinə yetirir. O, gizli vasitələrlə müxtəlif məzmunlu materialları ölkə mediyasına ötürür, bu yolla rəqiblərini sıradan çıxarmağa çalışır. Nəsrulla Vəliyev “gizlin mətləbləri” üzə çıxarmaqla digərlərini gözdən salmaq, özünün “qəhrəman” imicini formalaşdırmaq istəyir. İcra Hakimiyyətinə ən son təyin olunan müavin olsa da, artıq tutduğu post onun ambisiyalarını təmin etmir. Başçının müavinləri arasında gedən mübarizədən yararlanaraq birinci müavin olmağı hədəfləyən Nəsrulla Vəliyev qohumları vasitəsilə mətbuata kompromat ötürməklə məşğuldur. Nəsrulla Vəliyevi Qubada təkcə icra başçısının aqrar məsələlər üzrə müavini kimi tanımırlar. O, həm də rayonun tanınmış biznesmenlərindən biridir. Nəsrulla Vəliyevə məxsus olan “Qoşabulaq” restoranı isə xüsusilə məhşuri-cahandır. Daha çox gənclərin “sevimli məkanı” olan “Qoşabulaq” haqqında nəinki Qubada, respublikanın demək olar ki, hər yerində məlumatı olanlar var. Çünki, bu məkan təkcə restoran kimi fəaliyyət göstərməyib. “Qoşabulaq” Qubada daha çox əxlaqsızlıq yuvası kimi ad çıxarıb. Təsadüfi deyil ki, “Qoşabulaq” priton kimi o qədər ad çıxarıb ki, axırda Quba rayon polis şöbəsi restoranda reyd keçirmək məcburiyyətində qalıb. Reyd zamanı burada xeyli sayda əxlaqsızlıqla məşğul olan qadınlar saxlanılaraq məsuliyyətə cəlb olunub. “Qoşabulaq”ın “suyu” uzaqlara axsa da Nəsrulla Vəliyev imkanlarından istifadə edərək obyektinin toxunulmazlığını təmin edə bilib. Göründüyü kimi, biznesmen kimi rayonda heç də “pis tanınmayan” Nəsrulla Vəliyevin vəzifə pillələrində yüksəlmək metodları da özünəməxsusdur. Rayon rəhbərliyi haqqında gizlinləri car çəkməklə özünü təmizə çıxarmaq istəyən N.Vəliyevin “kompromat savaşı” davam edir. Bu savaşdan kimin qalib çıxacağını isə zaman göstərəcək. Nicat MAHMUDOV
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?