Azərbaycan hakimiyyəti tərəfindən azad fikir ifadə edən qəzetlərə qarşı təzyiq kompaniyası davam edir. İqtidar hər vəclə çalışır ki, onu tənqid edən mətbu orqanları susdursun. Bunun üçün də onları ələ alır. Bu mümkün olmadıqda isə, müstəqil düşünən mətbuata qarşı səlib yürüşü təşkil edir. İqtidarın boğmaq istədiyi müstəqil mətbuatdan biri də "Gündəm xəbər" qəzetidir. Hansı ki, hakimiyyətin ona qarşı yönəltdiyi qərəzli təzyiq kompaniyası nəticəsində bu gün qəzetin durumu ağır vəziyyətə düşüb. Qəzet dayanma təhlükəsi ilə üz-üzədir. Vergilər Nazirliyi tərəfindən mətbu orqan heç bir qanuni əsas olmadan 135 min manat məbləğində cərimələnib. Bundan başqa qəzetin baş redaktoru 3 il müddətinə şərti həbs cəzasına məhkum edilib. Mirmahmud Mirəlioğlu: "Gündəm xəbər" qəzetinə edilən təzyiqlərə son qoyulması üçün bəyanat formasında, piketlər təşkil etməklə hər zaman dəstək olmuşuq və bundan sonra da dəstək olacağıq"
KXCP sədri Mirmahmud Mirəlioğlu qeyd etdi ki, "Gündəm xəbər" kimi müstəqil mətbuata edilən təzyiqlər kimlərinsə sifarişidir: "Gündəm xəbər" qəzetinə qarşı hakimiyyətin təzyiq kompaniyasına başlaması barədə məlumatımız var. Bu barədə partiyamızın bəyanatı da var. Bununla bağlı olaraq məni Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ifadə almağa da çağırmışdılar. Prosesdən xəbərdar olduğumdan qəzetə yönəlik repressiv addımları təbii ki, qəti şəkildə pisləyirik. Hakimiyyətin azad mətbuata qarşı atdığı bu addımlar qanunsuzdur və kiminsə xüsusi sifarişi ilə ortaya atılan bir məsələdir. Bu istiqamətdə aparılan istintaqın da heç bir perspektivi yoxdur. Burada nə vergidən yayınma, nə də başqa məsələlər var. Sadəcə, kiminsə kimdənsə xoşu gəlmədiyindən, bu yolu tutub. Ona qalanda bir hakimiyyəti xoşlamırıq və o getməlidir, amma gedir ki? Qəzetlərin əksəriyyəti artıq hakimiyyət tərəfindən özəlləşdirilib. Mətbu orqanların çoxu bu və ya digər strukturların himayəsindədir. Qəzetlərə yardımla bağlı olaraq da görünür, kimsə kimin üçünsə saqqal tərpətməli, xahiş etməlidir. Bunu etməyənlər, müstəqil düşünməkdə davam edən qəzetlər də ona görə KİV-ə edilən yardımlardan öz inkişafları üçün bəhrələnə bilmir. Rejimin yeritdiyi siyasətin nəticəsidir ki, azad qəzetlərə bu tip yardımlar olmur. Bu xoşəgəlməyən siyasətdir. Hökumət təəssüf ki, belə bir siyasəti dövlət səviyyəsinə qaldırıb. Hakimiyyətin azad mətbuatı susdurmaq cəhdləri ölkəmiz üçün yaxşı heç nə vəd etmir. "Gündəm xəbər" qəzetinə və ümumiyyətlə haqsız yerə cəzalandırılan bütün mətbu orqanlara, o cümlədən vətəndaşlara edilən təzyiqlərə son qoyulması üçün bəyanat formasında, piketlər təşkil etməklə hər zaman dəstək olmuşuq və bundan sonra da dəstək olacağıq".
Əli Orucov: "Hökumət mətbuata yönəlik repressiv metodlarla çalışır ki, öz maraqlarına sərf edən siyasi sistem yaratsın" AMİP üzvü Əli Orucov hakimiyyəti azad mətbuatı boğmaq siyasətindın əl çəkməyə çağırdı: "Bu gün Azərbaycan hakimiyyətinin daha çox çəkindiyi, ehtiyat etdiyi sahələrdən biri də azad mətbuatdır. Hakimiyyət son illər ərzində mətbuatın bir hissəsini pulla alıb, bir hissəsini də sıxışdırıb çıxarıblar. Amma azad fəaliyyət göstərməkdə davam edən az-çox mətbuat orqanı qalıb ki, iqtidar onu da təzyiqlərlə sıxışdırıb çıxarmağa çalışır. Hazırki repressiv şəraitdə belə, azad fikri ifadə etməkdə davam edən qəzetlərdən biri də "Gündəm xəbər" qəzetidir. Hökumət bu kimi repressiv metodlarla çalışır ki, öz maraqlarına sərf edən siyasi sistem yaratsın. Bu sistemin yaradılmasında ona maneə olan amillərdən biri də məhz müstəqil medianın olmasıdır. Bu səbəbdən də bütün vasitələrdən istifadə etməklə müstəqil medianı susdurmaq niyyətindədir. Bu hal azad fikirli digər insanlar kimi, bizim tərəfdən də pislənilir. Müstəqil mətbuatın boğulması əslində demokratiyanın boğulması deməkdir. Hakimiyyət buna getməklə, bir daha özünün avtoritar niyyətini ortaya qoymuş olur. Müstəqil mətbuat olmadan ölkədə hər hansı bir inkişafdan danışmaq belə olmaz. O olmadan mövcud eybəcərliklərin aradan qaldırılmasına nail olmaq da mümkünsüzdür. Bu baxımdan hesab edirəm ki, hökumətin "Gündəm xəbər" qəzeti timsalında mətbuata münasibətdə belə aqressiv siyasəti təkcə ölkə daxilində deyil, dünya ictimaiyyəti tərəfindən də qınaqla qarşılanacaq və qarşılanır da. Onların bu əməlinə qarşı ictimai qınaq olmalıdır və bu qınaq da var. Sadəcə indilikdə, bu qınağın səsi o qədər də yüksək olmadığından yaxşı eşidilmir. Amma istər-istəməz azad mətbuatın sıxışdırılmasına qarşı etirazlar artdıqca, hökumət də öz addımlarında müəyyən korrektlər etməyə məcbur olacaq. Digər tərəfdən, cəmiyyət özü də anlamalıdır ki, onun problemlərinin həllində azad mətbuatın müstəsna rolu vardır. Ona görə də maksimum çalışmalıdırlar ki, azad mətbuat qorunsun. Təşkilatımız həmişə azad mətbuatın yanında olub. Bundan sonra da partiya üzərinə düşən bütün dəstəyi göstərməyə hazırdır. İqtidarın müstəqil mətbuatı susdurmağa yönəlik bu kimi çirkin addımlarını pisləyirik".
Büllur Hümbətov: "İqtidar fərqli düşüncə tərzinə düşmən münasibətindən imtina edə bilmir" VİP sədrinin müavini Büllur Hümbətov haqsız təzyiqlə üzləşən "Gündəm xəbər" qəzetinə hər zaman dəstək verməyə hazır olduqlarını söylədi: "Ümumiyyətlə, hazırki hakimiyyətin öz mövqeyi ilə üst-üstə düşməyən bütün digər fərqli fikirlərə qarşı hərəkətləri eynidir. Buna da təbii baxıram. Çünki hazırki iqtidar fərqli düşüncə tərzinə düşmən münasibətindən imtina edə bilmir. Uzun müddətdir ki, onlar bu siyasəti davam etdirir. Hesab edirəm ki, iqtidar bu çirkin niyyətindən əl çəkən də deyil. Hakimiyyət iqtisadi, hüquq sferasını nəzarətə aldığı kimi, çalışır ki, təbliğat prosesində mühüm komponent olan mətbuatı da öz əlində cəmləsin. Artıq mətbu orqanların əksəriyyəti də iqtidarın inhisarındadır. Müstəqil düşünməkdə davam edən az miqdarda qəzetlər qalıb. Onlardan biri də "Gündəm xəbər" qəzetidir. Bu kimi azad qəzetləri ələ ala bilmədiyindən onları repressiya, təzyiq yolu ilə susdurmağa çalışırlar. Əfsus ki, iqtidar belə bir təzyiq yolu tutub. Bu da bizdə təəssüf hissi doğurur. Təşkilatımız bu kimi çirkin hərəkətləri hər zaman pisləyib və pisləməkdə davam edir. Azad fikirli insanlara qarşı təzyiqləri pisləyən, bu istiqamətdə mövqeyini ortaya qoyan partiyalardan biri də VİP-dir. Bu istiqamətdə hər zaman mövqeyimizi ortaya qoyacağıq".
Sərdar Cəlaloğlu: "Nə qədər ki, mətbuat öz arasında birlik yarada bilməyib, hakimiyyətin müstəqil mətbuata təzyiqləri də davam edəcək" ADP sədri Sərdar Cəlaloğlu isə düşünür ki, nə qədər ki, birlik yoxdur müstəqil mətbuat sıxışdırılmaqda davam edəcək: "Hazırda hakimiyyət tərəfindən müstəqil institutların sıxışdırılması prosesi gedir. Bu istiqamətdə də ilk növbədə müxalifət partiyaları, müxalif qeyri-hökumət təşkilatları, müstəqil mətbuat sıxışdırılır. "Gündəm xəbər" qəzeti də bu konteksdə qurban gedən mətbu orqanlardan biridir. Qəzetlər vaxtilə Redaktorlar Şurasının üzvü olanda bilməli idi ki, bu istiqamətdə normal bir qurum, Həmkarlar İttifaqı Təşkilatı yaradılmalı idi. Həmçinin, Mətbuat Şurasının tərkibini də mətbuatın sərbəst inkişafına xidmət edən nümayəndələrdən formalaşdırmaq lazımdır. Niyə redaktorlar Şurası yığışıb qəzetlərə qarşı təzyiqlərə reaksiya vermir, etirazını bildirmir? Nə qədər ki, mətbuat öz arasında birlik yarada bilməyib, hakimiyyətin müstəqil mətbuata təzyiqləri də davam edəcək. Həmrəylik yolu ilə bu halların qarşısını almaq olar. Siyasi təşkilatlar isə mətbuatın sıxışdırılmasına qarşı bəyanat verə bilər ki, partiyamız bunu edib. Bundan artıq nə edə bilərik?"
Arzu Səmədbəyli: "Azad mətbuata təpkilər yanlış siyasətdir və onu qınayıram" Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli hər zaman azad mətbuat və fərqli fikirləri dəstəklədiklərini diqqətə çatdırdı: "Azərbaycan hakimiyyəti azad sözdən, gerçəkliyin ictimailəşməsindən qorxur. Ona görə də, azad sözə qarşı basqılarından hələ də əl çəkməyib. Hazırda ölkədə çoxsaylı siyasi məhbus həbsdədir. Lakin Azərbaycan hakimiyyəti bu məsələdə dirəniş göstərməklə, bir daha özünün avtoritar rejim olduğunu ortaya qoymuş olur. Artıq Avropanın önəmli ölkələrindən biri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü Fransa prezidentinin ölkəyə gələrək, aparıcı partiya rəhbərləri və ictimai nümayəndələrlə görüşdə, ölkə başçısı ilə əsasən siyasi məhbus, sərbəst toplaşma, söz azadlığı məsələlərinin müzakirə olunduğunu deməsi, avtoritar rejimin azad və gerçək sözdən qorxmasının təzahürüdür. Bu hakimiyyəti qane etməyən mövqe sərgiləyirsənsə, onu tənqid edən yazı və məqalələrlə çıxış edirsənsə, iqtidar onlara qarşı belə repressiv metodlardan istifadə edir. Amma bu yanlış siyasətdir və onu qınayıram. İndilikdə hansısa bir qəzeti bağlamaq olar. Amma artıq internet əsridir. Sosial şəbəkələt, internet portalları, facebook var. Burada isə alternativ fikirləri əngəlləyə bilməyəcəklər. Ona görə düşünürəm ki, iqtidarın mətbuatı sıxışdırması, gözü yumaraq hər yerin qaranlıq olduğu düşüncəsindən irəli gələn geri qalma zehniyyətin məhsuludur. İndiyə kimi, Müsavat Partiyası mediaya haqsız basqılara, ölkədə söz azadlığının boğulmasına, siyasi məhbus məsələsində hakimiyyətin tutduğu mövqeyə qarşı hər zaman haqq səsini ucaldıb, müdafiə və dəstəyini verib və dəstək verməkdə davam edəcək. Amma təəssüf ki, hakimiyyət kardır. Özlərini eşitməməzliyə qoyurlar. Bu da avtoritar düşüncə və zehniyyətin təzahürüdür. Ölkədə normal cəmiyyət olsaydı, bu vəziyyətdən iqtidarda olanlar nigaran, narahat olmalı və deyilən neqativləri aradan qaldırmağa çalışmalı idilər. Onlar isə olan pisliklərin üzərini örtməyə və inkar etməyə çalışırlar. Amma gerçək gerçəkdir və o, yüz yalanın olduğu yerdə də aydın şəkildə görünür. Hakimiyyətin bütün məsələlərdə hamıya eyni gözlə deyil, fərqli baxdığı da göz önündədir. Özünə yaxın olan mətbuata hər cür dəstək nümayiş etdirir. Amma bəzi əks fikirli qəzetləri bu dəstəkdən kənar qoyur. Bunun özü də, hazırki iqtidarın cəmiyyətin, xalqın maraqlarından deyil, ancaq öz şəxsi maraqlarından çıxış etdiyinin bariz nümunəsidir". Rüfət Sultan
Sorğu
Yeni dizaynımız necədir?