Son 5 ildə Nazim İbrahimovun fəaliyyəti fəaliyyətsizliyə pul xərcləmək olub
Azərbaycan dövləti tərəfindən kifayət qədər vəsait ayrılmasına baxmayaraq xaricdəki diaspora təşkilatının fəaliyyətləri qənatbəxş deyil. Diaspora təşkilatlarına ayrılan vəsaitlərlə müqayisədə ortada olan nəticə formal nəticədir və bu nəticədə diaspora təşkilatlarının fəaliyyəti nəzərə çarpmır. Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi fəaliyyətlə, daha doğrusu fəaliyyətsizliklə bağlı daxil olan məlumatda bildirilir ki, bütövlükdə komitəninin və komitə sədri Nazim İbrahimovun fəaliyyəti ölkə rəhbərliyini razı sala bilməyib. Çünki Azərbaycanın xaricdəki diaspor təşkilatları, xüsusən də Avropa ölkələrində və ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti ölkəmizin maraqlarını Qərbdə qorumaq üçün yetərli deyil. Daxil olan məlumatda göstərilir ki, Nazim İbrahimov dünyanın müxtəlif ölkələrində diaspora təşkilatları yaratsa da əslində bu qurumlar bir çox məsələlərdə komitə rəhbərliyi ilə hesablaşmamış müstəqil işlər görməklə məşğul olur və dövlət vəsaitləri daha çox şəxsi maraqların təmin edilməsinə yönləndirilir. Xüsusən bir neçə yerə parçalanmış DAK-ın pərakəndə fəaliyyəti daha çox ayrı-ayrı şəxslərin şəxsi və biznes maraqlarına xidmət göstərir. Bütün bu məsələlərin uzun illər boyu həll olunmaması və Azərbaycanın əsas diaspor təşkilatlarının birində parçalanmanın qarşısının alınmaması da bir daha Nazim İbrahimovun xaricdə yaşayan azərbaycanlılar arasında nüfuzunun yetərli qədər olmadığının göstəricisi kimi qəbul olunur. Ən əsası isə son 2 ildə Namiz İbrahimovun və Diasporla İş üzrə Dövlət Komitəsinin Amerika və Avropa ölkələrində diaspora işlərində xeyli zəiflədiyi açıq şəkildə hiss olunur. Məlumatda iddia olunur ki, Taleh Heydərovun Avropa Azərbaycan Alyansı İngiltərədə, Fransada, Hollandiyada, Danimarkada, İtaliyada, İspaniyada, Almaniyada, Norveçdə, İsveçdə, İsveçrədə və digər Avropa ölkələrində, Anar Məmmədovun isə Amerika Azərbaycan Alyansının ABŞ-dakı fəaliyyəti Dövlət Komitəsinin fəaliyyətindən daha ciddi effekt verir və ölkəmizin adının yüksək siyasi cəmiyyətlərdə tanınmasında bu iki nazir oğlunun gördüyü işlər sözün həqiqi mənasında Nazim İbrahimovun vəziyyətini ağırlaşdırıb. Çünki dövlət tərəfindən maliyyələşdirilən diaspor təşkilatlar bu günə qədər Azərbaycanın maraqlarını beynəlxalq siyasətin nəbzinin atdığı nə köhnə dünyada, nə də okeanın o tayında qoruya bilməyib. Ən əsası isə erməni diaspor təşkilatlarından Avropa və ABŞ-da və Rusiya və İrandada ortaya qoyduğu effektin 10 faizini ortaya qoya bilməməsi ölkə rəhbərliyninin narazılığına səbəb olduğu qeyd olunur. Bunun müqabilində Azərbaycanın Xarici İşlər Nazirliyi bəzən Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətsizliyinin meyvələrini toplamalı olur və diplomatlarımızın üzərinə ikiqat iş düşür. Məlumatda qeyd edilir ki, ölkə rəhbərliyndə yaranmış qənatə görə son 5 ildə Diasporla İş üzrə Dövlət Komitəsinə dövlət rəhbərliyi tərəfindən Amerikada və Avropanın aparıcı ölkələrində ciddi şəkildə diaspora faliyyətinin aparılması üçün külli miqdarda vəsaitlər ayrılmasına baxmayaraq Nazim İbrahimov qarşıya qoyulan vəzifəni lazımınca yerinə yetirə bilməyib. Elə bu üzdən də Avropada Tale Heydərovun göstərdiyi səmərəli fəaliyyət hakimiyyətin üst qanadında Amerika, Rusiya, Asiya və Avropanın aparıcı ölkələrində rəhbərliklərlə, yüksək nüfuzlu şəxslərlə, şirkətlərlə, lobbiçi təşkilatlarla, siyasətçilərlə və tanınmış incəsənət xadimləri ilə münasibətlərin qurulmasını, həmçinin həmin ölkələrdə yaşayan həmvətənlərimizin yaratdıqları təşkilatlarla münasibətləri fərdi şəxslərin öhdəsinə buraxmaq qənatini yaradıb. Məhz Tale Heydərovun və Anar Məmmədovun bu yöndə faliyyətləri də diaspora işlərinin fərdi şəxslərə ötürülməsinin bir nümunəsi olaraq dəyərləndirilir. Məlumat mənbə iddia edir ki, Amerika Azərbaycan Alyansının və Avropa Azərbaycan Alyansının son 2 ildə həyata keçirdiyi diaspor fəaliyyətləri ölkəmizə gətirilən nüfuzlu siyasətçilər, elm adamları, iş adamları, həmçinin Xocalı soyqırımının, 20 Yanvar hadisələrinin Vaşinqtonda, Londonda, Parisda anılması, Bu ölkələrin mətbu orqanlarında geniş işıqlandırılması Nazim İbrahimovun xidməti olaraq dəyərləndirilmir. Bu isə komitə sədrinin sonunu gətirir. Çünki bu neçə ildə komitə sadəcə qeyd etdiyimiz ölkələrdə yaşayan soydaşlarımızın yaratdıqları təşkilatlarla münasibətlərin qurulmasından başqa heç nə etməyib. Daha doğrusu, komitənin bu günə qədər gördüyü tək iş milyonlarla manat vəsait hesabına xaricdəki azərbaycanlıları təşkilatlandırmaq olub. Lakin bu təşkilatlanma belə yarımçıq xarakterli olub və Azərbaycan dövlətinin maraqlarından daha çox ayrı-ayrı şəxslərin maraqlarının təmin olunmasına yönləndirilib. Bundan başqa qonşumuz olan Rusiya kimi dünyanın ən böyük ölkəsində isə diaspora işlərinin demək olar ki, 90 %-ni Heydər Əliyev Fondunun rusiya filialı həyata keçirir. Eyni şeyi bir çox Avtopa və Asiya ölkələri haqqında da demək mümkündür. Məlumatda göstərilir ki, elə bu üzdən də 2014-cü ilə üçün nəzərdə tutulmuş büdcə bölgüsündə ən az pay alan qurum məhz Nazim İbrahimovun Diasporla İş üzrə Dövlət Komitəsi olub. 2011-2012-2013 cü illərlə müqayisədə 2014-cü il büdcəsi 60% azaldılıb. Üzümüzə gələn ildə isə Diasporla İş üzrə Dövlət Komitəsinin ləğv olunması istisna olunmur. Çünki komitə və onun sədri gözləntiləri doğrultmayıb və qarşıya qoyulan vəzifələri reallaşdıra bilməyib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?