Türkiyənin Soma vilayətindəki kömür mədənində baş verən insanlıq faciəsi bütün dünyanı ayağa qaldırdı. Son məlumatlara əsasən, 301 insanın həyatını itirdiyi faciə bir daha sübut etdi ki, hələ də dünyada işçi hüquqlarının pozulması, insan həyatına dəyər verilməməsi faktları yetərincədir. Yerin dərin qatlarında min-bir əziyyətlə günü 40 lirəyə (20 manat) çörək pulu üçün çalışan insanların böyük faciəsi göstərdi ki, demokratiyadan, insan hüquqlarından bol-bol danışanların səmimiyyəti bir mədənçinin üzünün qara hisi qədər dəyərsizdir. Hamı göz yaşları axıdırdı- dövlət başçıları da, siyasilər də, iş adamları da...Amma, bu göz yaşları bütün dünyanı şoka salan bir ananın “Mustafam” hayqırtılarının yanında çox süni idi. Soma tək Türkiyənin yox, bütün dünyada hüquqları tapdalanan, haqqı yeyilən milyonlarla qara fəhlənin faciəsidir. Həyat göstərdi ki, Soma qurbanları təcili yardım maşınına minərkən ölüm anında belə “ qoy ayaqqabılarımı çıxarım, içərini çirkləndirməsin” deyəcək qədər pakdır, təmizdir. Onların qanı ilə milyardlar qazananlar isə o an nə qədər cılız, nə qədər miskin idi... Somada qurban güdənlər xilas olunduğu anda özünü yox, dostunu düşünərək “ Mahmud hanı, məni buraxın, onu tapın, onu yoldaşı hamilədir” deyəcək qədər uca idi. O anda İstanbulun mərkəzində “Soma Holdinq”in 191 metr hündürlüyündəki göydələni çox alçaq görünürdü. Mədənin dərinliyindən də alçaq... Türkiyə mediasında gedən çoxsaylı məlumatlarda bildirilir ki, faciənin əsas səbəbi laqeydlik, təhlükədə çalışan insanların həyatına olan biganəlikdir. Mədən sənayesi bütün tarix boyu ən riskli sahələrdən biri hesab olunur. Lakin, axı indi XXI əsrdir, dünya texnologiyanın son nailiyyətləri ilə öyünür. Özünə lyuks həyat tərzi seçənlər, zənginliklər içərisində üzənlər Soma mədənlərinə hər gün kəlmeyi-şəhadətini deyib girənlərin həyatı barədə gərəkən qədər düşünsəydilər, faciə bu qədər böyük olmazdı. Amma, pul, sərvət hissi insanlığı bitirib, məhv edib. 301 mədənçi üçün milyardlar göz yaşı axıdır. Bəs bir neçə milyon puldan keçib onlar üçün təhlükəsiz iş şəraiti yaratmaq olmazdımı? Bu gün Soma qurbanlarına hamı yardım edir-kimisi borclarını ödəyir, kimisi Həcc ziyarətinə göndərir, müalicə etdirir. Hardaydınız, ağalar, xanımlar, o insanlar məşəqqətlər yaşayanda, borclananda, imkansızlıqdan övladının üzünə baxmaz olanda? Ölmüşdünüzmü, batmışdınızmı, kor idinizmi, qulaqlarınız karlaşmışdımı? Ölümündən sonra bu qədər dəyər verdiklərinizə sağlığında bunun mində birini etsəydiniz faciə baş verməzdi. Soyuq torpaqlar altında yatan cansız cisimlər üzərində stimulyasiya edib siyasi xal yığmaq nəyə gərəkdir. Sağlığında dəyər vermədiklərinizə öləndən sonra ağlamayın. Diriykən sahiblənmədiklərinizə ölüykən sahiblənməyin. Soma insanlığın faciəsidir, insanlığın bitdiyi yerdir. Dünyada haqsızlığın, ədalətsizliyin hayqırdığı məkandır. İnsan hüquqlarından danışanlar, bərabərlikdən, hürriyyətdən dəm vuranlar üçün bir utancdır bu faciə. Soma dünyada əzilən, sürünən milyonlara ucaldılan bir abidədir. Bilirsinizmi, bu dünyada nə qədər diriykən ölü gəzən insanlar var? O mənəm, o sənsən, o bizik! Ey dünya, ey böyük siyasilər, diplomatlar! Saxlayın bu insan hüquqları, demokratiya təbliğatınızı, pafoslu çıxışlarınızı! İnsanlara yaşamaq hüququ verin! İnsan kimi yaşamaq haqqını tanıyın! Hər gün bir parça çörək üçün qul kimi çalışanlara, əzilənlərə gərək deyil sizin seçki təbliğatınız, bər-bəzəkli sözləriniz. Həyatın dibində əzilənlərin üzərində ucaltdığınız möhtəşəm saraylarınızdan onların faciəsini görə bilməzsiniz. Aşağı enin, gözlərinizi açın, bir dəfə bu dünyaya Allah eşqinə baxın, Allah xofu ilə boylanın. Görəcəksiniz ki, dünyada nə qədər somalar var, nə qədər “Mustafam” deyib şivən qoparan analar var! Sizi bir ana doğmadımı, sizin üçün ağlayacaq bir ana yoxdurmu? Ölərkən dəyər verdiklərinizə niyə diriykən zülm edirsiniz, haqqını çeynəyirsiniz, əzirsiniz? Sonunda hamımız bir insan, tanrı qulu deyilikmi? Hamımız Somada ölənlərin yatdığı o torpağa köçməyəcəyikmi? İnsan hüququ dediyiniz termin Soma mədənlərində gömüldü. Soma mədənçisinin üzünün qarası bütün insanlığın üz qarasıdır. Bu gün axıtdığınız saxta göz yaşları ilə o qaranı silə bilməzsiniz. O üz qarasını silmək üçün insanlara dəyər verin, onların əllərindən aldığınız halal haqqını geriyə qaytarın. Dünyanın dəyəri tək pulda, zənginlikdə, vəzifədə, yüksək kürsüdə deyil. Tutduğunuz məqamdan aşağı boylanmayın, yuxarı baxın. Görəcəksiniz ki, sizdən də yuxarı olanlar var. İnsanlıq ən uca məqamdır. O məqamda siyasət yoxdur, diplomatiya yoxdur, biznes yoxdur. İnsanlığa səcdə edin, insanlara əyilməyin. Sonunda hamımız bir Somalıyıq. Üzümüzün qarası, vicdanımızın ləkəsi ilə. Bəlkə o ləkəni təmizləyək, insanlara sağ ikən qiymət verək, öldürüb gözümüzün qorasını sıxmayaq. Aynaya baxın, amma, vicdanınızın gözü ilə. Sizin üzünüz qara deyil ki??? Sərdar MUSA
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?