Komitə sədrinə qarşı bir neçə ilginc dosye “yuxarılara” da müzakirə olunur
Son zamanlar Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovla bağlı redaksiyamıza olduqca ilginc bilgilər daxil olur. Məlumatlara əsasən, Kərəm Həsənov ən qısa zamanda işindən uzaqlaşdırılacaq. Xüsusilə də ölkənin regionlarında dövlət əmlakının talan edilməsi faktları da var ki, bütün bunlar da artıq yuxarıların səbr kasasını daşdırıb. Məlumatlara görə, son günlər Göyçayda bazar qalmaqalı ilə bağlı olaraq dövlət əmlakının özəlləşdirilməsi məsələsinə dair də bir sıra qaranlıq məqamlar ortaya çıxıb. Belə ki, Göyçayda bazarın köçürülməsi ilə bağlı olaraq aparılan islahatlar əhlinin ciddi narazılığına səbəb olub. Nəticə etibarilə də bəlli olub ki, Göyçayda bazar kimi fəaliyyət göstərən «Avtobaza» deyilən ərazi əslində müəmmalı şəkildə özəlləşdirməyə çıxarılacaq. Bundan başqa, H.Z.Tağıyev adına əyrici-toxucu kombinatının əmlakının talan edilməsi faktları da var ki, bununla bağlı da araşdırmaların aparıldığı bildirilir. Və artıq Kərəm Həsənov təmamilə ifşa edilmiş durumdadır. Məlumatlara əsasən, komitə sədrinin pulyığma mexinazimləri tamamilə ifşa olunub.
Əmlak komitəsinin sədri ilə bağlı müdhiş məlumatlar
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, 2009-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ləğv olunaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə birləşdirilikdən sonra Kərəm Həsənov xidmətin sabiq rəisi Arif Qaraşovla işləmiş 100 nəfərə yaxın təcrübəli əməkdaşı ləğv etmə komissiyası öz işini başa çatdırdıqdan sonra işə qəbul etməyib. Kərəm Həsənov Daşınmaz Əmlakın Reyestri Xidmətinə əvvəllər komitədə işləmiş, sonralar pedoqoji fəaliyyətlə məşğul olmuş Damət Bağırovu rəis təyin edib. Heç bir səlahiyyəti olmayan bu şəxs təxminən bir il bu vəzifədə işləyib. Sonda Kərəm Həsənovla işləməyin qeyri-mümkün olduğunu başa düşüb öz xahişi ilə işdən azad olunub. Reyestr xidmətinin ürəyi sayılan Bakı şəhər Ərazi İdarəsinə (BTI) rəis vəsifəsinə komitənin bir neçə əməkdaşını göndərib onlara vəd versə də, sonda himayədarına özünün namizədliyi və cavabdehliyi ilə təyin etdirdiyi Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Cəlilabadda taxıl satışı üzrə şəriki olmuş, ixtisasca coğrafiya müəllimi, komitənin tabeliyindəki hələ özəlləşdirilməmiş ticarət və xidmət obyektlərinin fəalliyətini tənzimləyən, bu obyektlərdən hər ay yüz min manatlarla nəğd pul alıb, dövlət büdcəsinə 5-10 min manat köçürən, onlara aldıqları pulun müqabilində qəbz verməyən idarənin rəisi Fərahim Mirzəyevi təyin edib. Ərazi İdarəsinə rəis müavini Rafiq Cəlilovun dostu və tələbə yoldaşı İsmayıl Rəhimov təyin olunub. Bakı ərazi idarəsinin baş mühəndisi vəzifəsinə əmisi oğlu Məmməd Həsənovu, bağ sahələrinin özəlləşdirilməsi şöbəsinə bacanağı Elçin Əliyevi, qeydiyyat şöbəsinin müdiri vəzifəsinə Nigar Quliyevanı, yüklülük arayışı (forma 1) verilən şöbəyə Xəyalə Mərdanovanı təyin edib.
Əmlaka “kontrol baxış”
Fərahim Mirzəyev rəhbərlik etdiyi idarədə və onun tabeliyində olan Qaradağ, Xətai, Sabunçu, Suraxanı, Əzizbəyov, Binəqədi rayon şöbələrində əməkdaşlara güclü nəzarət üsulu tətbiq edib. Dəhlizlərdə gizli kameralar quraşdırılıb. Əməkdaşlara dəhlizdə gəzmək, mobil telefonla danışmaq, arayış, sənəd təqdim etmək istəyən, almağa gələn vətəndaşlarla təmasda olmaq qadağan olunub. Arif Qaraşovun komandasından qalmış bir neçə nəfər də, bu nəzarətin qurbanı olub. Daşınmaz Əmlakın alqı-satqısı ilə məşğul olan notarius tərəfindən verilmiş etibarnamə ilə hərəkət edən şəxslər nəzarətə götürülüb. Onlardan Fərahim Mirzəyev və Nigar Quliyeva tərəfindən icazə verilən müəyyənləri çıxmaq şərti ilə əksəriyyətinin təqdim etdikləri etibarnamələr qəbul olunmayıb. Baxmayaraq ki, bu “Notariat Haqqında Qanun”un tələblərinə ziddir. Daşınmaz Əmlaka baxış keçirib, müayinə aktı tərtib edən texniki işçidən sonra həmin əmlaka təkrar olaraq Fərahim Mirzəyev və Məmməd Həsənova yaxın şəxslər tərəfindən “kontrol baxış” keçirilib. Əgər yüklülük arayışı almaq istəyən şəxs 20-30 il əvvəl öz həyat şəraitini yaxşılaşdırmaq üçün balkonu bağlayıbsa, artırıbsa, mənzilin, evin konstruksiyasında, interyerində dəyişiklik aparıbsa, yüklülük arayışı şəxsən Fərahim Mirzəyev və Xəyalə Mərdanovanın birgə razılığından sonra verilə bilərmiş.
Müdhiş saxtakarlıqlar
Bakı şəhər Ərazi İdarəsinin tabeliyində olan rayon şöbələrinin vəzifəsi sənədləri qəbul edib, ərazi idarəsinə təqdim etməkdən müayinə aktı tərtib etməkdən, daşınmaz əmlakın əslində kimə məxsus olması haqqında məlumatı Fərahim Mirzəyev vasitəsi ilə Rafiq Cəlilova, Kərəm Həsənova məruzə etməkdən ibarət olub. Vəzifəli şəxsin isə kiçik problemli daşınmaz əmlaka aid çıxarış və ya yüklülük arayışının Rafiq Cəlilovun razılaşdırma siyahısında göstərilən məbləği vətəndaşdan almaqdan ibarətdir. Burada məqsəd ərazi idarələrinin adının çox hallandırılmaması olub. Bütün iri məbləğlər isə Bakı şəhər ərazi idarəsində alınır. Fərahim Mirzəyevin Rafiq Cəlilovdan aldığı razılaşmaya əsasən, qeyd onunan məbləği vətəndaşdan alıb “katyola” vermək məsuliyyəti rayon şöbəsinin üzərində qalıb. 30-40 il əvvəl sərəncamla tikilmiş yaşayış evlərinə mülkiyyət haqda sənəd verilmədiyi halda Nəsimi rayonu 20 Yanvar küçəsi 37 nömrəli binanın arxasında 1000 mm-lik magistral su kəmərinin üzərində, mühafizə zonasında tikilmiş “Limon” restoranına və onun yerləşdiyi torpaq sahəsinə Ələkbərova Lamiyə Nazim qızının adına çıxarış verilibmiş. Fərahim Mirzəyevin işlədiyi dövrdə yüzlərlə bu cür saxtakarlıqlar edilib. Kərəm Həsənov magistral neft kəmərinin, qaz xəttinin, su kəmərinin, yüksək gərginlikli elektrik xətlərinin, ARDNŞ-in balansında olan muhafizə zonasında inşa olunan yalnız imkanlı şəxslərə məxsus, yaşayış və qeyri-yaşayış sahələrinə, vətəndaşın 30-40 il əvvəl tikdiyi, orada yaşadığı sahəyə konstruksiyalarında və interyerində aparılmış dəyişikliyə, balkon artırmağa heç bir hüquqi sənədi olmayan tikililərə çıxarış verməklə qısa vaxtda ardıcıl olaraq bir neçə ay “katyola” daxilolmanı Arif Qaraşovun işlədiyi dövrə nisbətən 2-3 dəfə artırıb. O, bununla Arif Qaraşova çoxdan arzuladığı ikinci zərbəni vurub. Yuxarılarda belə fikir formalaşdırıb ki, Arif Qaraşov daxilolmaları gizlədib, mənimsəyib. Onların təzyiqi ilə Arif Qaraşov illərlə yığdığı sərvətdən imtina etməli olub. Onun üzərinə ağılasığmaz öhdəliklər qoyulub.
“Birka” metodu nədir?
Kərəm Həsənova Fərahim Mirzəyevi başqa mədəni bir şəxslə əvəz etməyi tapşırıblar. Fərahim Mirzəyev və Damət Bağırov, Rüstəm Şahbazovun tələbə yoldaşları və dostu Ehtiram Səmədovla və Məhəmməd İmanovla əvəz olunub. “Razılaşma karuseli” “birka” ilə əvəz edilib. Yüklülük arayışı verən şöbənin müdiri Xəyalə Mərdanova əvvəllər Sumqayıt aliminium zavodunu idarəetməyə götürən “Detal” şirkətində kiçik bir vəzifədə işləyirmiş. Kərəm Həsənovun şəxsi təşəbbüsü ilə xidmətin ərazi idarəsinə məsul vəzifəyə təyin olunan Xəyalə Mərdanovaya əvvəlki vaxtlara nisbətən arayışın verilməsində 50-100 manat güzəşt etmə səlahiyyəti verilib. “Birka” metoduna görə maraqlı şəxs Rafiq Cəlilovun tələb etdiyi məbləği ödədikdən sonra onun imza etdiyi xüsusi vərəq Bakı Ərazi Idarəsinə göndərilir. “Birka”nı qəbul edən qeydiyyat şobəsinin müdiri Nigar Quliyeva sənədin hazırlanması haqqında göstəriş verir. Qeydiyyat şöbəsinin müdiri Nigar Quliyeva əvvəllər Nəqliyyat Nazirliyində kiçik bir vəzifədə işləyib. Kərəm Həsənovun qardaşı Malikin namizədliyi ilə komitəyə işə qəbul olunub. Qısa vaxtda şöbə müdiri Kərəm Həsənovun “xeyirxahlığı” nəticəsində şöbə müdiri vəzifəsinə qədər yüksəlib. Zirzəmi alqı-satqısında Rüstəm Şahbazovun köməkliyi ilə səhmdar cəmiyyətlərinin səhm paketini ələ keçirmiş şəxslərə mülkiyyət hüququ verən şəhadatnamə verilməsində qibtə ediləcək dərəcədə təcrübə toplayan bir şəxsdir. Onun bildirdiyi məbləği eşidən şəxs bir qədər güzəşt olunmasını xahiş edərsə, 2-ci dəfə Nigar Quliyevanın qəbuluna düşə bilməz. Kərəm Həsənov və Rafiq Cəlilov, Ehtiram Səmədovdan çox Nigar Quliyevaya tapşırıq verir və ona inanırlar.
“Katyol”a əl uzatmaq olmaz
Reyestr xidmətinin rəisi Məhəmməd İmanova, Damət Bağırovdan fərqli olaraq müəyyən səlahiyyətlər verilib. Rayon ərazi şöbələrindən razılaşma üçün daxil olan, həlli 5 min manata qədər başa gələn sənədləri Məhəmməd İmanov razılıq verə bilir. Kərəm Həsənov əvvəllər komitədə şöbə müdirinin müavini işləmiş, komitədə yığılan pulun, işçilərə verilən “zərf maaşı”nın hesabatını aparan Nazim İsmayılovu Məhəmməd İmanova müavin - qeyri rəsmi nəzarətçi təyin edib. Kərəm Həsənovun əmisi oğlu Məmməd Həsənov öz vəzifəsini yerinə yetirməkdən çox idarə əməkdaşlarına nəzarət vəzifəsini icra edir. Rəis müavini İsmayıl Rəhimov Fərahim Mirzəyevə nisbətən vətəndaşla daha mədəni davranışına görə hörmət qazanıbmış. Lakin, sənədsiz tikiliyə görə aldığı məbləğlə “katyola” verilmiş məbləğ arasında 8 min manat “qeyb” olduğu üçün cəzalandırılıb. Rafiq Cəlilovun müdaxiləsindən sonra Şamaxıya ərazi idarəsinə rəis təyin olunub. Ancaq Kərəm Həsənov burada onu nəzarətsiz buraxmayıb. Qeydiyyat şöbəsinin müdiri fəxri onun işlərinə nəzarət edib. Xaçmaz ərazi şöbəsinə Rafiq Cəlilovun qaynı Qasım Qasımov rəhbərlik edir. Ona nəzarət edən qeydiyyat şöbəsinin müdiri Qərib Həsənov Kərəm Həsənovun kadrıdır. Abşeron rayon şöbəsinin rəisi Namiq Zeynalov olsa da orada pula nəzarət edən şəxslər Rafiq Cəlilovun dostu Qabil və Rüstəm Şahbazovun bacısı oğlu Mirqəyyumdur. R.Əlicanlı
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?