Zamanı qabaqlayanlar və yaxud Azərbaycan reallıqları
Ölkəmizdə bir çox faktların reallıqla tərs-mütənasiblik təşkil etməsi adi haldır. Heç də hər şey göründüyü və deyildiyi kimi deyil. 100 manat təqaüd alan qoca, 150 manat maaş alan müəllim, həkim haqqında deyirlər ki, bu binəvalar aldıqları pulla çox bəxtəvər yaşayırlar, çünki, ehtiyac meyarı bundan azdır. Ancaq bir soruşan yoxdur ki, bu insanlar necə yaşayırlar və ümumiyyətlə buna yaşamaq demək mümkündürmü? 100-150 manatı xalqın gözünə soxan məmurlar özləri isə artıq elə bir həyat tərzinə malikdirlər ki, aşağı təbəqənin güzəranını o mərtəbədən görmək mümkün deyil. Elə bu səbəbdəndir ki, tutduğu vəzifə kürsüsünü şəxsi mülkiyyətinə çevirərək talayan, korrupsiyanı az qala dövlət siyasəti səviyyəsinə çatdıran məmurlar ordusu ilə sıravi xalq arasında uçurum gündən-günə dərinləşir. Cəmiyyətdə müşahidə olunan kəskin qütbləşmə tədricən maddi müstəvidən çıxır. Məmurların, onların ailə üzvlərinin harın həyat tərzi narazılıq yaradır, xalqın səbr kasasını daşdırır. Əhalinin mütləq əksəriyyəti gündəlik təlabatını ödəmək üçün əzab-əziyyətə qatlaşdığı halda məmurlar sanki yarışa çıxıblarmış kimi dəbdəbəli imarətlər, son model avtomobillər almaqla gündəmdən düşmürlər. Sual olunur, nəyin hesabına? Əgər bir məmuru aylıq maaşı ilə dolanmağa məcbur etsən, indi etdiklərinin milyonda birini edə bilərmi? Bu gün ölkədə məmurlar üçün dövlət marağı deyilən anlayış yoxdur, ancaq biznes maraqları mövcuddur. Belə olmasaydı, bütün dövlət təşkilatları məmur-oliqarxlar arasında bölünüb talanmazdı. Son günlər müxtəlif mətbuat səhifələrində “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyevin adı mülk qalmaqalında hallanır. Bakı şəhəri, Nərimanov rayonu Rəhim Məmmədov küçəsində yerləşən bu mülk isə heç də sizin düşündüyünüz xruşovkalardan deyil. “Azərenerji” rəhbərinin aldığı 4 mərtəbəli mülkün qiyməti 2 milyon 300 min manatdır. 4 mərtəbəli mülk alqı satqı müqaviləsi əsasında 2011-ci ildə Etibar Pirverdiyevə satılıb. Alqı-satqı müqaviləsinə əsasən, satan tərəf E.Məmmədov, alan tərəf isə “Azərenerji” ASC-nin rəhbərinin həyat yoldaşı P.Pirverdiyeva olub. Verilən məlumatlara əsasən, alqı-satqı prosesində tərəflər arasında qalmaqal yaranıb və E. Məmmədov pulunun hamısını ala bilmədiyini bildirir. Ancaq məsələni daha da maraqlı edən heç də bu deyil. Elə bu 2 milyon 300 min manatlıq mülk bu günkü Azərbaycan reallığının əyani sübutudur. Vur-tut 1200 manata yaxın aylıq gəliri olan bir şəxsin bu qiymətə mülk alması hansı dərəcədə həqiqətə uyğundur? Adi riyazi hesablama aparsaq bu mülkü almaq üçün Etibar Pirverdiyev gərək 160 il maaşını yemədən, içmədən toplayaydı ki, 2 milyon 300 min manat vəsait əldə olunaydı. Ancaq Etibar müəllim nağıl dili yüyrək olar deyib, 160 ili bir göz qırpımında qət etməyi bacarıb. Göstərilən faktdan belə nəticəyə gəlmək olar ki, “Azərenerji”nin rəhbəri öz fəaliyyəti ilə olmasa da həyat tərzi və qazancı ilə Azərbaycan reallığını 160 il qabaqlaya bilib. Nə olsun ki, ölkənin enerji sistemində dəhşətli problemlər hökm sürür, qış aylarında havanın temperaturu 0-dan aşağı düşən kimi işıqlar sönür, elektrik xətlərinin çoxu hələ də rəhmətlik sovetlər dövründən qalmadır. Belə “xırda” problemlərlə inkişafımızı ləngitmək olmaz. Əsas Etibar Pirverdiyevin zamanı qabaqlamaq qabiliyyətidir ki, o bunu gözəl bacarır. Düzdür, tərəflər arasında alqı-satqı müqaviləsi imzalananda “Azərenerji” rəhbəri başqa bir Azərbaycan reallığını nəzərə almağı unutmayıb. Sənədlərdə göstərilib ki, bu mülk cəmisi 800 min manata alınıb. Bu yolla hörmətli Fazil müəllimin nazirliyini bir balaca çaşdıran baş energetik “vergini büdcədən maaş alanlar ödəyər, mən nə maaş alıram ki, vergi də ödəyim” deyərək qiyməti aşağı salıb. Ümumiyyətlə, “Azərenerji” ASC fəaliyyəti ən çox tənqid olunan dövlət qurumlarından biridir. Səhmlərinin 100 faizi dövlətə məxsus olan ASC-nin rəhbəri dövlət məmuru sayılır və onun hansısa biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağandır. Belə olan halda Etibar Pirverdiyevin rəsmi gəlirini 160 il qabaqlayan bu faktın arxasından bir çox suallar boylanır. Təkcə son 6 il ərzində “Azərenerji”yə 3 milyard dollara yaxın investisiya yatırılıb. Bunun 1,5 milyard dolları dövlət büdcəsi hesabına, 1, 5 milyard dolları isə xarici kreditlər hesabına olunub. Bu qədər böyük bir rəqəmdən söhbət getdiyi halda hər kəsə məlumdur ki, ölkənin enerji sistemi bərbad durumdadır. 3 milyard yatırımla tam komplektləşdirilmiş, dünya standartlarına cavab verən enerji təchizat sistemi qurmaq mümkün olduğu halda Azərbaycan energetikası hələ də sovet dövrünün naqilləri, sınıq-salxaq dirəkləri ilə ayaqda durub. Elə bu qışın bir neçə günlük soyuqları Azərbaycan energetikasının “uğurlarını” zülmət qaranlığa qərq etdi. Onda sual olunur ki, bəs bu 3 milyard yatırım haraya sərf olunub? Niyə rəqəmlər bir reallıq, faktlar isə başqa reallığı göstərir? Bilindiyinə görə, “İnter Enerji” MMC Etibar Pirverdiyevə məxsus olan bir şirkətdir. 2009-cu ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi “İnter Enerji” MMC-ni “Azenco” ASC-nin 97,5 faiz səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edib. Komitənin məlumatında o da qeyd edilirdi ki, "İnter Enerji" silinmək üçün 100 min ədəd dövlət özəlləşdirmə çekinin təqdim edilməsini və dövlət büdcəsinə 6,4 milyon manat ödənilməsini öhdəsinə götürüb. “Azenco” ASC 2008-ci ilə qədər “Azerenerji” ASC-nin tərkibində “Azerenerjitikinti” MMC adı ilə fəaliyyət göstərib. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 9 oktyabr 2008-ci il tarixli əmrinə uyğun olaraq MMC “Azenco” Açıq Səhmdar Cəmiyyətinə çevrilib və investisiya müsabiqəsinə çıxarılıb. Müsabiqəni isə 23 dekabr 2009-cu ildə “İnter Enerji” ASC udub. 7 min nəfərin çalışdığı nəhəng müəssisənin real bazar dəyəri ən azı 500 milyon manatdır. Yəni E.Pirverdiyev 500 milyon manatlıq “Azenco”nu cəmi 6,4 milyon manata - real qiymətindən 78 dəfə ucuz qiymətə əldə edib. Bu məqamları qeyd edəndən sonra başqa suallar meydana çıxır. Necə olur ki, dövlət müəssisəsinə rəhbərlik edən şəxs səlahiyyətlərindən istifadə edərək müəssisənin bir hissəsini özəl əmlakına çevirir? Belə olduqda həmin müəssisənin fəaliyyətində hansı şəffaflıqdan söhbət gedə bilər? Eyni zamanda dəyəri 500 milyon manatdan çox olan bir müəssisə öz dəyərindən 78 dəfə ucuz qiymətə necə özəlləşdirilib? “İnter Enerji” həmçinin Sumqayıtdakı Texnologiya Parkını da ələ keçirib. “Azərenerji” ASC-nin rəhbəri orada müxtəlif istehsal və xidmət sahələri (polikarbonat şüşələrin istehsalı, paylayıcı transformatorlar, sinkləmə, hidrogenerator, texniki qazların, sayğacların, yüksək gərginlikli avadanlıqların, 110-55 kV-lik kabellərin istehsal sahələri, habelə dəmir məhsulları, hidroturbinlər və misəritmə istehsalat sahələri və s.) yaradır ki, “Azərenerji”nin təchizatını tam inhisarda saxlasın. Beləcə “Azərenerji”yə qoyulan investisiyaların böyük hissəsi rahatlıqla ələ keçirilərək mənimsənilir. “İnter Enerji” “təşkil olunmuş” başqa bir investisiya müsabiqəsində isə Balakən kiçik su elektrik stansiyasını özəlləşdirib. Şirkət “Azerenerji”nin sayğac quraşdırılması sifarişini də yerinə yetirir. Ümumiyyətlə, “Azərenerji”nin təşkil etdiyi bütün tender müsabiqələrinin qalibi istisnasız olaraq nədənsə həmişə “İnter Enerji” MMC olur. Beləcə, cənab Pirverdiyev özü sifariş verir, özü təchiz edir, özü də icra işlərini görür. Maraqlıdır ki, bütün bu faktlar aydınlıqla ortada olduğu halda dediyimiz sualların cavabı illərdir ki, tapılmır. Elə gün kimi aydın olan suallar cavabsız qaldığı üçün Etibar Pirverdiyev zamanı 160 il qabaqlaya bilir. Bu qədər böyük rəqəmlərin, milyardların yanında 2 milyon 300 min manat nəmənədir ki? Sadəcə aidiyyatlı dövlət qurumları 160 illik bir müəmmaya işıq salsalar Azərbaycan energetikasının zülmətə bürünən gizlinlərinə aydınlıq gələrdi. İşıqları yandırın, cənablar, qaranlıqdır! Nicat Mahmudov
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?