Korrupsiya ilə mübarizəyə başladığını elan edən hökumət bunu niyə araşdırmır?
Müxtəlif sahələrə cavabdeh olan nazirlərin də aldığı məvacibi bilmək vətəndaşlar üçün maraqlı olar. Azərbaycanda nazirlərin bizneslə məşğul olması, müxtəlif sahələri inhisara alması heç kəsə sirr deyil. Hətta məmurlar öz sərvətləri və sürdükləri həyat tərzi ilə dünyanın ən varlı adamları ilə bir sırada da dayana bilər. 12 fevralda keçirdiyi müşavirədə ölkə başçısı da bu məsələyə toxundu. Bəs nazirlər nə qədər məvacib alır? Azərbaycan məmurlarının digər ölkələrdəki məmurlarla müqayisəsi də yerinə düşər. Xatırladaq ki, “Azadlıq” qəzetində bir çox sahələrdə çalışanların əmək haqqı ilə bağlı müqayisələr aparılıb və demək olar ki, bütün sahələrdə çalışanları müqayisə edəndə Azərbaycan nəinki inkişaf etmiş ölkələrlə, heç MDB dövlətləri ilə də müqayisəyə gəlmir.
Bu dəfə növbə məmurlara çatıb
AzərR Konstitusiyasına əsasən dövlətin ikinci adamı Baş nazirdir. Onun aylıq əməkhaqqı 1925 manatdır. Baş nazirin I müavininin əməkhaqqı 1700 manatdır. Adi müavinlər isə 1625 manat maaş alır. Nazirlərin, komitə sədrlərinin və Dövlət Sosial Müdafiə Fondu sədrinin maaşı isə 1500 manatdır. Dövlət Neft Fondunun icraçı direktoru da nazirlər qədər məvacib alır. Nazirin, Dövlət Komitəsi sədrinin, Milli Bankın idarə heyətinin və Dövlət Sosial Müdafiə Fondunun sədrinin birinci müavininin maaşı 1000 manatdır. Bundan başqa, rəhbər işçilərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir. Deməli, Azərbaycanda Baş nazirin illik maaşı 23100 manat, nazirlərin maaşları isə 18000 manatdır. İllik 18 min manat alan nazirlərin, demək olar, hamısı böyük holdinqlərə sahibdir. Azərbaycanda kimsə ağlından belə keçirə bilməz ki, nəqliyyat naziri Ziya Məmmədov “ZQAN” holdinqi, fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Gilan” holdinqi, Vergilər naziri Fazil Məmmədov “ATA” holdinqi, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov “Cahan” holdinqi, başqa nazirlərsə sahib olduqları şirkət, holdinq, bankları aldıqları əmək haqqı ilə qurub. Vaxtilə baş prokuror Zakir Qaralov korrupsiya ilə mübarizəni özlərindən başlamalı olduqlarını açıqlamışdı. Korrupsiyanın başında yüksək çinli məmurların dayandığını görmək üçün geniş araşdırmaya da ehtiyac yoxdur. Bu onların rəsmi qazancı, bu da sahib olduqları əmlak, şirkət, banklar və s. Digər tərəfdə isə bu nazirlərin rəhbərlik etdikləri sahələrdə çalışanların aşağı əmək haqqı, ölkədəki orta aylıq əmək haqqı, yaşayış minimumu, cüzi pensiya və təqaüdlər durur. Azərbaycanı inkişaf etmiş ölkələrlə müqayisə edən məmurların həmin ölkələrdəki həmkarlarının aldığı məvacib nə qədərdir? Təbii ki, korrupsiyanın yox səviyyəsində olduğu və qanunların tam qüvvəsi ilə işlədiyi inkişaf etmiş ölkələrdə məmurlar azərbaycanlı həmkarları kimi holdinq və banklara sahib ola bilməz. Bu səbəbdən də onların daha yüksək əmək haqqı alması təbiidir. Nəzər salacağımız ölkələrin hamısında adambaşına düşən ÜDM, orta aylıq əmək haqqı, müxtəlif sahələrdə çalışanların maaşı, pensiya və müavinətlər, həyat səviyyəsi Azərbaycandan qat-qat yüksəkdir. Onu da qeyd edək ki, son illər bir çox ölkələrdə nazirlərin əmək haqqında azalma müşahidə olunub.
Yüksək maaş, rüşvətə görə ölüm cəzası...
Məsələn, dünyanın ən inkişaf etmiş ölkələrindən olan Yaponiyada baş nazirin aylıq maaşı 15 min, digər nazirlərin isə 10 min dollar idi. Lakin bir neçə il əvvəl baş nazir özünün və nazirlərin maaşının 10% azaldılması ilə bağlı qərar qəbul edib. Yaponiyada məmurların əmək haqqı istehsalat sahəsindəki 38 min müəssisənin orta əmək haqqından asılı olaraq dəyişir. Avropanın aparıcı ölkələrindən olan Fransada da son bir ildə nazirlərin əmək haqqı 30% azaldılıb. Buna qədər isə nazirlər 9940 dollar əmək haqqı alırdı. Orta hesabla Fransada nazirlərin illik əmək haqqı 115 min dollar, ABŞ-da 140 min dollar, Böyük Britaniyada 130 min dollardır. Inkişaf səviyyəsinə görə dünyada ilk yerlərdə dayanan Sinqapurda nazirlər ildə bir neçə yüz min, bəziləri isə hətta bir-iki milyon dollar məvacib alır. Korrupsiyanın yox səviyyəsində olduğu bu ölkədə rüşvətə görə ölüm cəzası nəzərdə tutulub. Sinqapur əmək haqqının səviyyəsinə görə dünyada ilk yerlərdə dayanır. Bəzi ölkələrdə, məsələn, Yeni Zelandiya və Braziliyada nazirlərin, digər yüksək rütbəli məmurların əmək haqqı ölkədəki iqtisadi artımdan asılıdır. Iqtisadi artımda azalma müşahidə olunduqda məmurların əmək haqqı aşağı salınır. Dünyanın bütün ölkələrində məmurların əmək haqqı minimum əmək haqqından 20 dəfədən artıq ola bilməz. Məsələn, Almaniyada nazirlərin aylıq əmək haqqı minimum əmək haqqından 17 dəfə çoxdur. Minimum əmək haqqı 1500 avro, nazir maaşı isə 25 min avrodur. Yaponiyada fərq 9 dəfədir. Nazirlər 10 min dollar alır, minimum əmək haqqı isə 1100 dollardır. Ümumiyyətlə, Avropa ölkələrində nazirlərin aldığı məvacib orta aylıq əmək haqqından cəmi 5 dəfə artıq ola bilər. Başqa bir məsələ isə nazirlərin fəaliyyətindəki şəffaflıqla bağlıdır. Almaniyada hər ilin avqust ayında istənilən vətəndaş nazirin, yaxud kanslerin iş günü ilə tanış ola bilər. Bu ölkədə məmur postuna yüksəlmək də asan deyil. Bundan ötrü bir neçə mərhələli seçimdən keçmək lazım gəlir. Namizədlərin intellektual səviyyəsi və insanlarla ünsiyyət qurmaq bacarığı yoxlanılır. Azərbaycanda nəinki bu keyfiyyətlər yoxlanılmır, hətta məmurlarda intellekt və vətəndaşlarla ünsiyyət qurmaq bacarığının olmadığı üzə çıxdıqda onlarla bağlı heç bir tədbir görülmür. Əmək haqqına gəldikdə, inkişaf etmiş ölkələrdə nazirlər azərbaycanlı həmkarlarından çox əmək haqqı alsa da, onların fəaliyyəti nəticəsində xalqlarının rifah səviyyəsi də Azərbaycan xalqının rifahından xeyli yüksəkdir. Məmurların öz həyat səviyyəsi də azərbaycanlı həmkarları ilə müqayisəyə gəlmir. Azərbaycanlı məmurların bir dəbdəbəli villaya, maşına, əyləncəyə xərclədiyi pul bəzi hallarda digər ölkələrdəki nazirlərin bir neçə illik əmək haqqından artıq olur
Sorğu
Yeni dizaynımız necədir?