“Azərbaycana gələn türkiyəli həkimlərin çoxu təcrübəsizdi”
Hər il Azərbaycandan onlarla tələbə qonşu Türkiyənin ali təhsil ocaqlarında oxumağa gedir. Nəticə onu göstərir ki, tələbələrimizin çoxu xarici ölkələrdə, eləcə də Türkiyədə təhsilini bitirdikdən sonra geri qayıtmırlar. Bunun səbəblərindən ən başlıcası Vətənində uyğun işlə təminat məsələsindəki maneələrdir. Tibb sahəsində hazırda Türkiyədə təhsil alan tələbələrdən biri “Gündəm xəbər”ə maraqlı fikirlərini deyib. Gələcəkdə Vətəninə qayıtmaq istəyən tələbəmiz adının çəkilməsini istəmədi. Amma cəsarətli təəssüratlarını deməkdən də qalmadı.
“Həm oxumaq, həm də işləmək imkanı verirlər”
“Ən əvvəl onu deyim ki, təhsil aldığım On doqquz may Universiteti ( Ondokuz mayıs Üniversitesi-OMÜ) Türkiyənin ən böyük təhsil-tədris ocaqlarından biridir. Samsunda yerləşən OMU müxtəlif istiqamətlər, eləcə də tibb üzrə fakültələri, diaqnostika, poliklinika, xəstəxana , araşdırma korpusları özündə birləşdirən iri tədris kompleksidir. Tibb fakültəsinə gəlincə, həkimlər öz tələbələrinə dərsini dedikdən sonra, vaxt itirmədən xəstəxanaya keçirlər və iş başında olurlar. Azərbaycan həkim-pedaqoqlarla buranın müəllimlərinin tək davranışında çox fərq var. Həkimlik sənətinin vacibliyini və məsuliyyətini tələbəyə aşılamaq əsas məqsəddir. Bu səbəbdən həkim tələbəsinə öz xəstəsini asanlıqla həvalə edə bilər, ona inanar. Bu tədris prosesində çox yaxşı nümunədir. Digər məsələ isə həkimlərin daha çox işinə hədəflənməsidir. Çünki həkim sənətinə qiymət verilir, həkimin aylıq gəliri yüksəkdir. Həkim bizdəki kimi az maaşından şikayət edə-edə xəstə axtarmır və ya çox halda səriştəsizlik etmir. Türkiyədə həkimlərin fəaliyyətinə ciddi nəzarət var. Xəstənin şikayəti və ya tibbi xidmətlə əlaqədar müraciətinə baxılır. Səhvi olan həkim dərhal tibbdən uzaqlaşdırılır və cazasını alır. Buna görə də xəstələrin həkimə inamı da yerindədir”.
“Türkiyədə yaxşı həkim olmaq öz əlindədir, maneə yoxdur”
“Bunları deyəcəm, mənə irad tutacaqlar ki, Vətənini bəyənmir, uzaqdan ifşa edir. Amma məsələ ondadır ki, Bakıda Tibb Universitetini hər il yüzlərlə məzun bitirir, amma onların aqibəti məlum deyil. Kimin pulu var savadlı oldu, ya yox, işə düzələ bilər. Savadlı olmayanı kimisə şikəst etsə də, cəzasını almaz. Amma burada vacib tendensiya var. Tibb universitetində hər hansı bölmə üzrə 6 il oxuduqdan sonra xüsusi imtahanı verib asistanlıq keçirsən, məcburi xidmətdən 5 il sonra mütəxəsis (uzman) hesab edilirsən. Əgər hər hansı xəstəliklər üzrə sahəni götürmək istəyirsənsə, bunun üçün də imtahan verməlisən. Misal üçün, tibb bacısı diplomu olan yenidən universitet imtahanı vermək imkanına sahibdir. Qazansa, öz sahəsini qaldığı yerdən akedemik səviyyədə inkişaf etdirə bilər. Bir də təhsil prosesində tələbələr hər hansı səbəbdən sıxışdırılmır. Hər şey sərbəst və azaddır. Tələbənin gündə dərsə gəlməsi onun nizam-intizamı demək deyil. Əsas nəticə və yekun göstəricilərdir”.
“Tibb bacısı, tələbə, baş həkim bir süfrədə otururuq”
“Buranın ən gözəl xüsusiyyəti odur ki, xəstəxanaya təcili xəstə daxil olursa, yardıma ehtiyacı varsa, həkim tibb bacısını iynə vurmaq üçün gözləmir. Özü müdaxilə edir. Tibbi personalın bir məqsədi var-kiməsə yardım etmək, vəssəlam. Bizdəki kimi vəzifə, titul ayrı-seçkiliyi yoxdur. Baş həkim hamı ilə bir süfrədə çörəyini paylaşa bilər, heç kəsə də yuxarıdan aşağı baxa bilməz. Bu bir qayda kimi mənimsənilib. Yoxsa bizdəki kimi, baş həkim əlinin altında olan tibb işçilərini sıxışdırır, onların işləməsinə öz maraqları üzündən mane olur”.
Həkim, pasiyent haqları qorunur!
“Türkiyənin istənilən xəstəxanasında həkim və xəstə haqları deyilən hüquqlar qorunur. Belə ki, xəstənin bu haqları var: istədiyi xəstəxana və həkimi seçə bilər, tibbi ehtiyac olarsa, müdaxiləni tələb edə bilər, məlumat almaq və özü haqqında məlumatların gizli saxlanmasını istəyə bilər, ziyarətçi istəmək və qəbul etmək hüququ, orqanını vermək hüququ, şikayət etmək və xəstəxana, həkimi məhkəməyə vermək haqqı. Həkimlərin hüquqları isə bunlarla tənzim olunur. Həkimin fəaliyyətində təzyiq olmamalı, müasir tibbi üsullardan istifadə etmə hüququ, peşə etiketlərini və prinsiplərini qorumaq imkanı, xəstəni rədd etmək hüququ, gəlirinin artırılmasını tələb etmək, xəstəyə sağaltmaq təminatını verməmək, istədiyi müalicə metodlarını seçmək, öz sağlamlığını riskə atmamaq hüquqları”.
“Azərbaycanlı xəstələrə qoyulan diaqnozlar türkiyəli həkimləri güldürür”
“Azərbaycanlı xəstələrin müalicə, müayinə məqsədilə Türkiyəyə axışması ildən-ilə artır. Bir neçə dəfə şahidi olmuşam ki, yerli həkimlər azərbaycanlı xəstələrə ölkəsində qoyulan diaqnoza məəttəl qalıblar. Bizim yaxşı həkimlərimizin də olduğunu onlar etiraf edirlər. Çünki burada işləyən mütəxəssislərimiz var. Buna baxmayaraq, səhiyyəmizin vəziyyəti onları narahat edir. Əvəzində, azərbaycanlı eləcə də, əcnəbi xəstələrin tibbi xidmətlərinin qiymətini bir neçə dəfə artırıblar. Hətta sığortası olmayan türkiyəli xəstələrdən də qat-qat çox pul ödənilir. Bu da bizim xəstələrin kefini pozur. Azərbaycan səhiyyəsinin vəziyyəti acınacaqlıdır. Bunu tək mən demirəm. İnternet vasitəsilə oxuduğum xəbərlərdən deyirəm. Bir məsələ də var ki, son illər ölkəmizdə əcnəbi, türkiyəli həkimlərin rahatlıqla fəaliyyəti üçün şərait yaradılıb. Bu rahatlıq ölkə səhiyyəsini təhdid edir. Müşahidələrim göstərir ki, Azərbaycana gedən türkiyəli həkimlərin çoxu heç də reklam olunduğu kimi mütəxəsis, təcrübəli deyil. Bu fikri buranın yerli həkimləri də təsdiqləyirlər”.
“Bizim universitet xəstəxanasının nümunəvi işləri var”
“Universitet xəstəxanasında tədris aldığım pediatrik bölməsində maraqlı otaqlar var. Əgər ana xəstə uşağını həkimə gətiribsə, digər övladını xüsusi oyun otağına qoya bilər. Yaxud, xəstəxanada uzunmüddətli müalicə alan uşaqlar burada dərsini keçirlər. Onlara müəllimlər təyin olunur ki, dərsdən qalmasınlar. Burada uşaqların hüquqları və sağlamlığını qorumaq ən vacib məsələlərdən biridir. Digər örnək isə budur ki, kompleksin tərkibində xəstə yaxınları üçün xüsusi bina tikilib. Xəstə yaxınları orada qalırlar. Çox istəyərdim, bizdə də belə qaygıkeş tibb ocaqları olsun”. RAMİNƏ
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?