Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə hələ də yeni sədr təyin olunmayıb; Şeyx öz adamını rəhbər təyin etdirmək üçün səfərbər olub
Elşad İskəndərovun sədrlikdən göndərilməsinin üzərindən xeyli vaxt keçir. Lakin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinin yeni sahibi təsdiqlənməyib. E.İskəndərova yeni vəzifə belə verilib. Amma komitəyə yeni sədr gətirilməyib. Bunun səbəblərindən biri isə komitəyə yiyələnmək uğrunda birincilik savaşının dərinləşməsidir. Bu haqda “Gündəm xəbər”ə ötürülən məlumatda deyilir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu posta öz adamını təyin etdirmək üçün səfərbər olunub. Ona qarşı olan digər qüvvə isə öz adamını yerləşdirmək üçün can atır. Mənbə bildirir ki, həmin qüvvə hakimiyyətdə böyük güc sahibidir. Şeyxə ciddi şəkildə müqavimət göstərən bu klan komitəni Şeyxə təslim etdirmək istəmir. Mənbə iddia edir ki, bu çəkişmə komitə rəhbərliyinə təyinatı yubadır: “Şeyxlə Elşad İskəndərov yola getmirdilər. Onların mübarizəsində Şeyx qalib çıxdı. Onun istefasına nail oldu. Halbuki, Elşad nurçu deyildi. Onu bu qalmaqalın içərisinə salıb sıradan çıxardılar. İndi isə Şeyx komitəyə öz adamını gətirtmək istəyir. Amma müqavimətlə üzləşib. Qarşı tərəf də öz kadrını posta təyin etmək üçün siyasi rəhbərliklə müzakirələr aparır. Hakimiyyətdə ikitirəlik yaranıb. Ona görə komitəyə bu qədər müddət ərzində rəhbər qoya bilməyiblər. Artıq vaxt gedir və yeni rəhbər olmalıdır. Hakimiyyət bu günlərdə qərarını çıxaracaq və przident sərəncamı imzalanacaq”. Mənbə iddia edir ki, Şeyxə mane olan qüvvələrlə eyni cərgədə Elşad İskəndərov da dayanıb: “Elşad da qisas almaq üçün imkan vermir ki, Şeyxin adamı onun yerinə keçə. Çünki, əks halda Elşad İskəndərov tamamilə uduzmuş vəziyyətə düşəcək. Bununla belə Şeyxin adamının komitə sədri olacağı daha çox inandırıcı görünür. Qarşıdakı günlərdə bunun şahidi olacağıq. Kimin güclü, kimin zəif...”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?