Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl Asiyada Etimad və Qarşılıqlı Əməkdaşlıq Müşavirəsinin Çinin Şanxay şəhərində keçirilən iclasında Azərbaycan prezidenti ilə görüşüb. Putin Əliyevdən Bakıda keçiriləcək 2015-ci il ilk Avropa Olimpiya Oyunlarına öz sevimli idman növünün - sambonun da daxil edilməsini xahiş edib. Xəbərə görə, İlham Əliyev bu xahişə dərhal müsbət cavab verib. Nəticədə 1930-cu illərdə sovet ordusu və milisi üçün işlənib hazırlanmış əlbəyaxa döyüş növü artıq Bakı Avropa Olimpiya Oyunlarına daxil edilib. İnsidethegames.biz idman portalının yazdığına görə, Rusiyadakı mənbələr sambonun Bakı oyunlarına daxil edildiyini təsdiqləyiblər. Xəbərlərdə bildirilir ki, bu, Beynəlxalq Sambo Federasiyasının Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınması üçün ilk addım olacaq və “gözəl günlərin birində” bu idman növünün Beynəlxalq Olimpiya Oyunlarının da sırasına daxil edilməsi şansını artıracaq. Qeyd edək ki, Sankt-Peterburqda sambo üzrə keçmiş çempion və Beynəlxalq Sambo Federasiyasının fəxri prezidenti olan Putin çoxdandır bu idman növünün iri beynəlxalq idman yarışlarına daxil edilməsinə çalışır. Ötən il sambo Kazanda keçirilən yay universiadasına daxil olunmuş və bu idman yarışlarının açılışını Putin etmişdi. Rusiyadakı mənbələr bildiriblər ki, sambonun Bakı oyunlarına daxil edilməsi üçün Putindən əvvəl də müzakirələr aparılmışdı. Mənbənin bildirdiyinə görə, artıq sambonun Bakı-2015 oyunlarına çox güman ki, sərgi mərasimləri şəklində daxil edilməsi razılaşdırılıb. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki portala açıqlamasında bildirib ki, komitə sambonun Bakı-2015 oyunlarının açılış mərasiminə daxil edilməsinə qarşı deyil. “Avropa Olimpiya Komitəsinin Bakı-2015 oyunlarında nümayiş etdirilmək üçün idman növlərinin seçilməsinə ehtiyatlı yanaşması var. Bizim ilkin məqsədimiz 15 idman növünün seçilməsi idi, lakin Avropa və beynəlxalq federasiyalardan daxil olan müraciətlər və artan maraq səbəbindən bu say artdı. Nəticədə Avropa oyunlarının brendi əhəmiyyətli dərəcədə möhkəmləndi” - deyə Hikki bildirib. Bakı-2015 oyunlarının baş əməliyyat direktoru Saymon Kleqq də təsdiq edib ki, onlar samboya dair diskussiyalar aparıblar: “Bakı oyunlarının Təşkilat Komitəsinə 15-dən artıq beynəlxalq və Avropa idman federasiyalarından onların təmsil etdiyi idman növlərinin proqrama daxil edilməsinə dair müraciət daxil olub. Mən təsdiq edə bilərəm ki, sambo bu idman növlərindən biridir və hazırda məsələyə baxılır. Biz bu barədə daha sonra müəyyən olunmuş qaydada bəyanat verəcəyik”. Qeyd edək ki, Şanxay toplantısında Azərbaycan və Rusiya prezidentləri arasında ayrıca ikitərəfli görüş olmayıb. Lakin prezidentlər rəsmi ziyafət və ya sammitin kuluarlarında söhbət edə bilərdilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?