Bakı şəhər sakini tarzən Ağakərim Kərimov Moderator.az-a müraciət edərək, uzun illərdir ki əmək hüququnun pozulduğunu, ancaq müvafiq qurumların ədalətin bərpasında maraqlı olmadıqlarını bildirib. Tarzənin müraciətini olduğu kimi diqqətinizə çatdırırıq: “Mən 1998-ci ildən Səbail rayonu C.Hacıyev adına 3 saylı uşaq musiqi məktəbində tar müəllimi işləmişəm. 2001-ci ildə məktəbə direktor təyin edilən Məhin Əli qızı Orucova işə başlayandan sonra özünə tabe olanların hamısını saxtakarlığa, dələduzluğa, rüşvətə sövq edərək kriminal struktur yaratdı. Bu vəziyyətlə barışmayan keçmiş direktor müavini İradə Babazadə və 5 nəfər müəllim tərəfindən 20.12.2005-ci il tarixində məktəbdə baş verən saxtakarlıq və digər cinayət xarakterli əməllər barədə AR Baş Prokuroruna yazılı ərizə göndərildi. İşlə bağlı Səbail rayon prokuroru isə heç bir istintaq aparmadı, əksinə, şikayətçilərin susdurulması yolları müzakirəyə çıxarıldı. Prokurorluq qanunun tələbini kobud şəkildə pozaraq müəllimlərin və mənim şikayət ərizəmi M. Orucovanın cinayətlərini gizlədən AR Mədəniyyət və Turizm Nazirliyinə göndərdi. Nəticədə Mədəniyyət və Turizm Nazirliyinin 22.06.2006-cı il tarixli saxta əmriylə (həmin əmrdə nazirin imzası və nazirliyin möhürü yoxdur) İ. Babazadə məktəbdən uzaqlaşdırıldı. Heç bir əndazəyə sığmayan bu saxtakarlığın təşkilatçısı və icraçısı kimi hiyləgər əmələ əl atan nazir müavini Sevda Məmmədəliyevanın ismi-şərifi qeyd olunmalıdır. Beləliklə nazirlik M. Orucovanın sifarişi ilə fərziyyə dolu ittihamlara əsaslanan saxta əmr tərtib edərək, bir məktəbdə 25 ildən çox ləyaqətlə çalışan İ.Babazadəni çox soyuqqanlı tərzdə, gərəksiz əşya kimi küçəyə atdı. Əgər nazirlikdə bu səviyyədə saxtakarlıq baş verirsə, onda həmin qurumun tabeliyində olan musiqi məktəblərinin qanuni fəaliyyəti, yaxud məktəb müdirlərinin öz işlərində dürüst olduqları barədə düşünmək absurddur. M. Orucova İ.Babazadəni məktəbdən uzaqlaşdırandan sonra qisasalmanı davam etdirərək, növbəti şikar kimi məni seçdi. Mənə qarşı fasiləsiz təzyiqlər baş verdi, konfliktlər yaradıldı, son olaraq direktor bütün qüvvəsini toplayıb, Baş İdarədəki yerlisi Bəturə Məmmədəliyevanın xaincəsinə yardımilə 26.11.2007-ci ildə qanunsuz olaraq məni işdən azad etdi. İşdən çıxarıldıqdan sonra gərəkən aidiyyəti idarə və təşkilatlara baş vursam da, nəticəsi olmadı. Hətta məhkəmələr də bu məsələnin obyektiv araşdırlmasında maraqlı olmadılar. Son olaraq bir daha xatırladıram ki, mən qərəzli və qanunazidd şəkildə işdən uzaqlaşdırılmışam, ancaq bu özbaşınalıqlarla barışmıram və öz iş yerimə qayıdıb fəaliyyətimi davam etdirmək niyyətindəyəm. Ümid etmək istəyirəm ki, məsələnin Moderator.az vasitəsilə gündəmə gətirilməsi mənim illərdir pozulmuş konstitusion hüququmun bərpa edilməsinə təsirli bir vasitə olacaqdır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?