"Yalnız İlham Əliyev və ya Ramiz Mehdiyevlə dialoqa gedərik"
"Biz yalnız yüksək səviyyəli hakimiyyət nümayəndəsi ilə dioloqa gedə bilərik", Müsavat başqanının müavini Arif Hacılı müxalifət və hakimiyyət arasında mümkün dialoq haqqında danışarkən deyib."Bu, Ramiz Mehdiyev də ola bilər, İlham Əliyev də", cənab Hacılı BBC Azərbaycancaya deyib. Hakim Yeni Azərbaycan Partiyası rəsmisi Mübariz Qurbanlı 2013-cü il seçki ilində siyasi partiyalarla müxtəlif səviyyələrdə görüşlərin keçiriləcəyini deyib. BBC Azərbaycancaya danışan Qurbanlı deyib ki, bununla, seçki kampaniyası dövründə namizədlərini müdafiə üçün müxtəlif səviyyələrdə keçirilən görüşlərdə digər partiyaların iştirakını nəzərdə tutub. Qurbanlı deyib:"2013-cü ildə də əgər bu və ya digər siyasi partiya hər hansı bir mövzuda dəyirmi masa, görüş keçirsə və bizi dəvət etsə, biz həmin müzakirələrdə iştirak edəcəyik", Qurbanlı deyib. YAP rəsmisi deyir ki, partiyalarla birgə vətənpərvərlik, Dağlıq Qarabağ, siyasi partiyaların maliyyələşməsi və sairə bu kimi müxtəlif mövzularda müzakirələr keçirmək mümkündür:"Xatırlayırsınızsa, ötən il YAP müxalifət partiyaları ilə birgə Azərbaycan zabiti Ramil Səfərovun Azərbaycana gətirilməsini pisləyən bəyanat yayan Avropa Parlamentinə qarşı birgə mərkəzi qərargahda toplantı keçirdik və iqtidarlı müxalifətli buna etiraz edən bəyanat qəbul etdik", cənab Qurbanlı əlavə edib. Arif Hacılı isə hesab edir ki, Avropa Parlamentinə iqtidarla birgə etiraz bəyanatının imzalanması müxalifət tərəfindən "xoşməramlı addım" idi. "Amma təəssüf ki, Azərbaycan hakimiyyəti bu addıma adekvat cavab vermədi və prosesi davam etdirmədi" –deyə cənab Hacılı qiymətləndirib. O, eyni zamanda hesab edir ki, Azərbaycanda YAP hakim partiya statusuna malik deyil. YAP təmsilçisi Müsavat başqanı və prezidentliyə namizəd İsa Qəmbərə Lənkəranda edilmiş hücumla bağlı deyib ki, Qəmbər və Müsavat partiyası "hadisəni şişirdərək seçkiqabağı özünü təşviq etmək üçün istifadə etmək istəyir və bunu hakimiyyətə qarşı yönəltmək düzgün deyil". "Qəmbərin keçirdiyi mətbuat konfransında və açıqlamalarda mən bunu gördüm. İstənilən ölkədə seçki dövründə bu cür insidentlər baş verir. Saakaşviliyə qarşı, hətta Ərdoğanın özünə qarşı bu cür hadisələr olub. İnsanlar müxtəlif cür düşünürlər. Siyasətçilərə pomidor, yumurta atılması normaldır". Müsavat rəsmisi isə hesab edir ki, polis və icra hakimiyyəti tərəfindən mərkəzi şossedə təşkil olunmuş hadisədə insanların maşınlara hücum edilməsini, söyüş söydürülməsini təşkil etmək kiməsə normal görünə bilər, amma bu hadisələri normal adlandırmaq "anormallıqdır". "Bu insidentlə bağlı DİN açıqlama verib və məsələnin araşdırıldığını deyib. Fikrimcə, baş vemiş hadisə araşdırmadan kiminsə üzərinə yıxmaq, ya da yozmalar aparmaq düzgün deyil. Gözləmək lazımdır", Mübariz Qurbanlı belə deyir. Arif Hacılı isə iddia edir ki, "bugünədək yüzlərlə insanın gözü qarşısında" baş verən hadisəylə bağlı heç bir cinayət işinin açılmaması" hadisənin hakimiyyət tərəfindən törədilməsinin sübutudur".Müsavat başqanı İsa Qəmbərin korteji bazar günü Lənkəran şəhərində basqına məruz qalıb, yaxınlıqdakı maşınlarda kortejə daşlar və yumurtalar atılıb, partiya bu barədə məlumat yayıb. "Bunun hakimiyyət tərəfindən təşkil olunmasını sübut edən çoxlu faktlar var. Əvvəla yol polisi bizi ləngidərək orada insanların toplanmsına şərait yaradıb və hadisənin bilavasitə baş verdiyi yerdə polis və mülki geyimlilər məsələyə müdaxilə etməyiblər", Arif Hacılı deyir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?