“Zaqatalalı heç vaxt millətini danmaz” Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoyun “Müsavat başqanı türk oğlu türk olmalıdır” fikirlərini ətrafında günlərdir müzakirələr gedir.
Sıravi müsavatçıların bəziləri S.Əlisoyun bu fikirlərini təqdir etsələr də, böyük əksəriyyət müşaviri tənqid edib və onu müsavatçılar arasında parçalanma yaratmaq cəhdində ittiham edib. S.Əlisoyu irqi ayrı-seçkilikdə suçlayıblar.
S.Əlisoy konkret ad çəkməsə də sosial şəbəkələrdə gedən müzakirələrdə bəlli olur ki, müşavir Zaqataladan olan Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılını nəzərdə tutur. A.Hacılı S.Əlisoyun dediklərinə indiyədək reaksiya verməsə də, onun qardaşı Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli faktlarla azərbaycanlı olduqlarını sübut etməyə çalışıb.
O, qardaşının avar olduğu ittihamlarını belə cavablandırıb: “Mən Müsavat daxilində gedən siyasi intriqalara qətiyyən qarışmıram. Amma bu məsələdə hədəf qardaşım olduğundan həm də mənim milli mənsubiyyətim şübhə altına alınıb. Bu mənada susmaq atılan atmaca ilə barışmaq kimi qəbul edilə bilər. Əvvəla hələ universitetdə oxuduğum dövrdə Zaqataladan olduğumu bilən kimi müəllimlərim soruşurdu: ləzgisən? Zaqatalada 120 min əhali yaşayır. Onun 67 faizi Azərbaycan türkləri, qalanlar əsasən avarlar, saxurlar, ingiloylar və qeyri-millətlərdi. Ləzgilərin sayı 1 faizin altındadır. Bu halda müəllimlərim məni hansı əsasla 67 faizə deyil, 1 faizdən az olan millətə aid edirdilər indi də başa düşə bilmirəm. Türkçülük musavatçılığın prinsiplərindən olduğu kimi, ləyaqətlilik də musavatçılığın prinsiplərindəndir. Ləyaqətlilik prinsipini pozanlara qarşı prinsipial mövqeni hər bir müsavatçı nümayiş etdirməlidir. Təəssüf ki, bunu müşahidə etmirəm, hələlik. Zaqatalada da, doğulub boya başa çatdığımız Yuxarı Tala kəndində də, nəslimizi, əslimizi hər kəs yaxşı tanıyır. Bizi sevənlər də, sevməyənlər də. Biz Mamadlar nəsliyik. Ulu babam Məhəmməd Hacı oğlu Tala kəndinin koxası olub. 1890- cı ildə tərtib olunan “Ruhniyyə hüccəsi” (girov müqaviləsi) adlı sənəddə bu fakt təsbid olunur. Ata tərəfdən babam Hacı kişi ruhani təhsilli, Zaqatala şəhərində, indi meydanın aşağı tərəfindəki mehmanxananın yanında 6 nəfər satıcının işlədiyi mağazanın sahibi olan, çox böyük nüfuza malik adam olub. Ata tərəfdən nənəm Zeynəb Balay qızı Məhərrəmli obasından dindar qadın olub. Ana tərəfdən babam Murtuzəli kişi Muradlı obadan ovçuluqla, əkin biçinlə dolanan zəhmətkeş adam olub. O, həm də sınıqçı olub, türkəçarə ilə insanları müalicə edib. Ana tərəfdən nənəm Fatimə isə Şəki şəhərindən gəlib Zaqatalanın Aşağı Tala kəndində məskunlaşan şiə mənsubiyyətli “şəkillər tabunun” nümayəndəsidir. Babalarım, nənələrim rəhmətə getsə də, bu nəsillər, bu obalar yerindədir. Bizim türk mənsubiyyətimizə şübhə edənlər, bu nəsillərin etnik mənsubiyyətini araşdıra bilərlər. Digər tərəfdən, mənim ən yaxın dostlarımdan biri avardır. Pasportunda azərbaycanlı yazılıb. Onun alnına tapanca dirəsən də millətini danmaz, deyəcək avaram. Heç bir zaqatalalı heç vaxt millətini danmaz. Çünki babalarımız kölə olmayıb. Biz fərqli mühitdə böyümüşük və Azərbaycanın digər bölgələrindən fərqli mentalitetə malikik”.
Sorğu
Yeni dizaynımız necədir?