Prezident İlham Əliyev ordunu müdafiə edib: “Bizim ordumuz böyük nailiyyətlərə çatıb”
Əsgər ölümlərinə qarşı ictimai etirazların fonunda prezident İlham Əliyev ordunu müdafiə edib. Çərşənbə axşamı hökumətin 2012-ci ilin yekunlarına həsr olunmuş iclasında o, Silahlı Qüvvələrin möhkəmlənməsi məsələsinə toxunub. O bildirib ki, 2012-ci dövlət büdcəsindən müdafiəyə ayırmalar 3 mlrd. dollar təşkil edib, 2013-cü ildə 3,7 mlrd.-a çatacaq. Halbuki, Ermənistanın ümumi büdcəsi 2 mlrd. dollardan azdır. Bununla yanaşı İ.Əliyev deyib ki, ordu quruculuğunda yalnız maddi--texniki təchizat önəm daşımır, peşəkarlıq və nizam-intizam da vacibdir. O, peşəkarlığın və intizamın artırılmasının vacibliyini qeyd edib. Dövlət başçısının fikrincə, ordu cəmiyyətin bir parçasıdır, başqa sahələrdə olduğu kimi, orada da çatışmazlıqlar və səhvlər var. Lakin İ.Əliyev hesab edir ki, əsas odur ki, nöqsanlar və qüsurlar vaxtında olunur və onların aradan qaldırılması üçün dövlət tərəfindən tədbirlər görülür. Azərbaycan ordusunun Cənubi Qafqazda aparıcı hərbi qüvvə olduğunu bildirən dövlət başçısı deyib: «Bizim ordumuz böyük nailiyyətlərə çatıb. Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar. Biz buna heç vaxt imkan vermərik. Mən də Ali Baş Komandan kimi buna heç vaxt imkan verməyəcəyəm. Azərbaycan xalqı da buna imkan verməyəcək və ordumuza kölgə salmaq istəyən ünsürlərə öz layiqli cavabını verəcək və verir». Xatırladaq ki, yanvarın 7-də ölmüş sıravi əsgər Ceyhun Qubadovun fotoları KİV-də və sosial şəbəkələrdə yayımlandıqdan sonra ictimaiyyət arasında böyük narazılıq yaranıb. Əsgərin bədənində zorakılığın əlamətləri olan yaralar var. Facebook sosial şəbəkəsi vasitəsilə yanvarın 12-də əsgər ölümünə etiraz aksiyası elan edilib. 2005-ci ildən bu yana Azərbaycanda razılaşdırılmamış ən kütləvi nümayiş olan bu aksiyada “Ali Baş Komandan, cavab ver bizə” şüarı səsləndirilib. “Xəbər xidməti”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?