Prezidentin artan gərginlik fonunda cəbhə xəttində olması xalqımıza böyük nəfəs, ruh verib Sərdar Həmidov: "Müxalifət prezidentə müraciət edərək, ermənilər işğal etdiyi torpaqlardan çıxana qədər siyasəti dayandırıb, dövlət başçısına qoşulduqlarını bəyan etməlidir"
Son günlər cəbhədə baş verən gərginlik Azərbaycan əhalisində döyüş əhval-ruhiyyəsini daha da artırıb. Bunu sərhəd bölgələrindəki əhalinin ruh yüksəkliyindən də aydın görmək olar. Tərtərin sabiq icra başçısı, vaxtilə bu rayonun ermənilər tərəfindən işğal edilməsinə imkan verməyən Sərdar Həmidov da qəzetimizə müsahibəsində prezident İlham Əliyevin bölgəyə olan son səfərindən sonra əhalinin döyüş ruhunun artdığını diqqətə çatdırdı. - Prezidentin bu vəziyyətdə, Qafanlı hadisələrindən sonra, ümumiyyətlə Dağlıq Qarabağda, Ağdam və Tərtər rayonu ətrafındakı cəbhə xəttində artan gərginlik fonunda həmin ərazilərə getməsi xalqımıza böyük nəfəs, ruh verib. Bununla ölkə başçısı bir daha göstərdi ki, Azərbaycan xalqı yiyəsiz deyil, o, bu xalqın və dövlətin qarantıdır. Heç kəs Azərbaycana heç bir ziyan vura bilməz. Tez-tez Tərtər rayonu ilə əlaqə saxlayıram. Buradakı sakinlər çox yüksək əhval-ruhiyyə və ovqata malikdirlər. Bildiyiniz kimi, prezident Ağdam rayonu ərazisində, səngərdə əməliyyat müşavirəsi keçirdi. Burada o bəyanatla çıxış etdi və bildirdi ki, işğalçıları doğma torpaqlarımızdan qovacaqdır. 64 yaşım var, bu bəyanat məni də ruhlandırıb. Onun bu çıxışı hər bir əsgərə, millətə böyük ruh yüksəkliyi gətirib. - Deyə bilərsinizmi, yerli sakinlər prezidenti necə qəbul edib? - Yerli əhali prezidenti çox yüksək səviyyədə qəbul edib. Əslində gərginlik dövründə prezidentin cəbhə bölgəsinə səfər etməsi əhalidə qorxmamazlıq sindromunu daha da gücləndirib. Prezident böyük ürək sahibidir ki, hazırki zamanda təmas xəttinə gedir. Onun Ağdam və Tərtərdə olduğu ərazilər döyüş zonasıdır. Prezident isə səngərdə iclas keçirərək, erməniləri qorxuya salan çıxışları ilə xalqın diqqətini daha artıq dərəcədə özünə cəlb etdi. - Cəbhədə cərəyan edən son hadisələrə müxalifətin sərgilədiyi baxışları da mümkünsə dəyərləndirərdiniz? - Ermənilərlə vaxti ilə Kəlbəcər və Tərtər istiqamətində gedən döyüşlərdə olmuşam. 1992-ci ilin sonlarında 41 km Kəlbəcər yolunu birinci olaraq mən çəkmişəm. Elə bil ki, adamın ürəyi döyünür. Prezident cəbhə xəttində olaraq burada iclas keçirəndə, təsəvvür edin ki, ruh yüksəkliyindən ürəyim döyünürdü. Azərbaycan müxalifəti məni eşidirsə, onlara üzümü tutub deyirəm. Artıq prezident təmas xəttinə gedərək müşavirə keçirəndən sonra, müxalifətin üzərinə böyük bir iş düşür. Onlar özləri prezidentə müraciət edərək, ermənilər işğal etdiyi torpaqlardan çıxana qədər siyasəti dayandırdıraraq, dövlət başçısına qoşulduqlarını bəyan etməlidirlər. Bildirməlidirlər ki, partiyalarında olan gənclər və liderlərin özləri də prezidentin ilk çağırışına cavab verərək, cəbhəyə yollanacaqlar. Prezident böyük ürək sahibi olaraq, cəbhə bölgəsinə getməklə, əlalxüsus da sərhəd ərazisində yaşayanlara ürək-dirək verdi. Ona görə də bir daha müxalifətə səslənərək, deyirəm ki, kağız-qələmi yerə qoyub, prezidentə qoşulmaq lazımdır. Müharibə qurtarandan, torpaqlarımız azad olandan sonra yenidən siyasətlə məşğul olmaq olar. Hazırki qanlı-qadalı günlərdə isə didişmək lazım deyil. Prezident cəsarətlə hərəkət etməklə igid sərkərdə olduğunu göstərdi. Ona görə də indi müxalifət də daxil bütün Azərbaycan xalqı prezidentə qoşulmalıdır. Özüm də müharibəyə getməyə hazıram. - O zonalara yaxşı bələd olan bir şəxs kimi mümkünsə, cəbhə bölgəsindəki mövcud situasiyanı dəyərləndirərdiniz? - Tərtərdə hazırda əhali arasında əhval-ruhiyyə çox yüksəkdir. Onlar erməniləri torpaqlarımızdan qovmaq üçün hər an döyüşə hazır olduqlarını bəyan edirlər. Ağdam da prezidentin səfərinə qədər ara-sıra yaranan qorxu atmosferi, bu səfərdən sonra yox oldu. Bu rayon əhalisi də döyüşə hazırdır. Buradan görünür ki, prezidentin həmin bölgələrə səfəri əhalinin ruh yüksəkliyini daha da artırıb. Prezident zamanında həmin bölgələrdə olmaqla, doğru addım atdı. Prezident ikinci Qarabağ müharibəsinin başlaya biləcəyini deyirsə, özüm də buna hazıram. O bəyanat da vermişdi ki, müharibə yolu ilə olsa da torpaqları işğaldan azad edəcək. Ona görə də inanıram ki, müharibə edərək o, torpaqları da geri alacaq. Hazırda Azərbaycan ordusu çox güclənib. Bu bir vətəndaş olaraq məni də sevindirir. Ermənistan öz umuduna qalsa, qısa zamanda İrəvanın özünə Azərbaycan bayrağını sancmağa hazır ordumuz vardır. - Hadisələrin gedişi onu da deməyə əsas verir ki, artıq Ermənistan rəhbərliyi ciddi təşviş keçirir. - Nəinki, Qarabağdakı separatçı rejim, hətta İrəvanın özündə oturanlar belə ciddi təşviş içindədirlər. Xarici radiostansiyaların verdiyi məlumatlarda da Ermənistan rəhbərliyini qorxu bürüdüyü barədə informasiyalar yer alıb. Sarkisyanı hazırda ermənilər özləri Qarabağda sakit oturmamaqda qınamağa başlayıblar. Düşünürəm ki, yaxın zamanlarda, Ermənistanda Sarkisyan rejiminə qarşı ciddi etiraz aksiyası baş qaldıracaq və o hakimiyyətdən uzaqlaşdırılacaq. Müharibəni canlı olaraq gördüyümdən bilirəm ki, Azərbaycan ordusu o zamanlar olduğundan qat-qat güclüdür. Güclü hərbi texnika və peşəkar hərbçilərə malikik. Ona görə də artıq ermənilər qorxudan əsməyə başlayıblar. - Bildiyiniz kimi, Leyla Yunus ermənilərlə iş birliyində suçlanaraq həbs edilib. Bu haqda nə deyə bilərdiniz? - 1993-cü ilin əvvəlində Dağlıq Qarabağın ən yüksək yeri olan Ulubaba qədər ərazilərimiz azad edilmişdi. Buraya yaxın ərazidə rəhmətlik Teyyub Allahverdiyevin rəhbərliyi ilə rotamız yerləşirdi. Həmin vaxt Leyla Yunus oraları gəzib qayıdandan sonra, orada Qafanlıda olan hadisə kimi bir hadisə baş verdi. Bunu Nəcməddin Sadıxov, buradakı hərbçilərimizə rəhbərlik edən Vasyak Vasili Petroviç də yaxşı bilir. Burada 11 nəfərin başını kəsmişdilər. Batalyon müavinim Elman Hüseynov gedərək, həmin şəhidləri çıxarmaq istəsə də orada vuruldu. Sonra özüm gedərək, buradakı şəhidlərin hamısını çıxararaq, Tərtərdə dəfn etdik. İndi də Leyla Yunusun həbsindən 4-5 gün sonra Qafanlıda da anoloji hadisə baş verir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?