Ofislərə, redaksiyalara zəng vurub bilet təklif edirlər
Bu gün özünü "Premyera" şirkətinin nümayəndəsi kimi təqdim edən Alina adlı xanım şirkətlərə, redaksiyalar zəng vuraraq, qəribə bir təklif edib.
Lent.az-ın xəbərinə görə, "APA Holdinq"ə də telefon açan xanım bu il oktyabrın 31-də Heydər Əliyev Sarayında konsert keçiriləcəyini, konsertdə Rusiyanın və Azərbaycanın hökumət adamlarının, nazirlərin, komitə sədrlərinin iştirak edəcəyini deyib və bu konsertdə iştirak üçün biletlər təklif edib.
Xanım bildirib ki, konsertdə nazirlərin yaxınlığında əyləşmək üçün biletlərin qiyməti 160-180 manat, kənar yerlərin qiyməti isə 80 manat olacaq.
Bu zəngdən az sonra "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay da öz "facebook" səhifəsində ona belə bir təkliflə zəng edilməsi barədə status yazıb.
Lent.az məsələni araşdırmaq qərarına gəlib. "Premyera" adlı şirkətlə bağlı internetdəki axtarışımız bir nəticə vermədi. Bununla bağlı özünü Alina kimi təqdim edən qadının mobil nömrəsinə zəng etdik.
Xanımdan şirkətlərinin ünvanı, keçirəcəkləri konsertin mahiyyəti ilə bağlı suallara Lent.az üçün cavab istədiyimizi bildirəndə o, dərhal telefonunu söndürdü.
Bir müddət sonra başqa bir əməkdaşımız müştəri kimi həmin xanıma zəng edərək, başqa bir şirkətin adından oktyabrın 31-də keçirəcəkləri konsertə bilet istədi. Xanım bildirdi ki, konsertdə "bir neçə məmurun və qəzet-jurnal rəhbərlərinin iştirakı" nəzərdə tutulur. Bu şəxslərə yaxın yerdə biletin qiyməti 180 manatdır. "Bileti hardan əldə edə bilərik" sualına isə xanımın cavabı belə oldu: "Bilet bizdədir. Gətirib istədiyiniz yerdə təhvil verib, pulu nağd alırıq".
Heydər Əliyev Sarayının ümumi şöbəsindən və kassasından isə Lent.az-a bildirilib ki, onlarda 31 oktyabrda hər hansı tədbirlə bağlı qeydiyyat yoxdur: "Buna görə də kassada belə bir tədbirə bilet satılmır".
Sorğu
Yeni dizaynımız necədir?