Türkiyəli pop-starın Qubada 2 saat atılıb-düşməyinə baxmaq üçün 7 min manat verənlər olub
Türkiyəli pop-star Tarkanın Yeni İl gecəsi Qubada yeni açılan “Rixos Hotel”də verdiyi konsert bu ölkənin magazin mediasını da şoka salıb. Bunun səbəbi heç də müğənninin ifasının qeyri-adiliyində yox, azərbaycanlı zənginlərin onun ifasını dinləyə bilmək üçün ödədikləri məbləğdir.
Türkiyənin ensonhaber.com, haberler.com, haberturk.com.tr və digər saytlarında yer alan xəbərlərə görə, Tarkanın konsertinə ən ucuz bilet 350 manatdan satışa çıxarılmışdı. Lakin tələbat o qədər yüksək olub ki, biletlər satışa çıxarılandan az sonra satılıb. Bildirilir ki, konsertə 7 min manata (20 min TL) da bilet alanlar olub. Görünür söhbət biletlərin qeyri-rəsmi hərracda satışından gedir.
Konsertin səhnəsini qurmaq üçün Türkiyədən 6 TIR dolu ləvazimat və texniki avadanlıqlar gətirən Tarkan cəmi 20 mahnı ifa edib. Onun konserti 2 saat davam edib, müğənni əvvəlcədən xəbər verildiyi kimi konsertə görə 1 milyon dollar qonorar alıb.
Tarkanın Quba konserti neft ölkəsində gəlirlərin nə dərəcədə qeyri-bərabər və ədalətsiz bölündüyünün növbəti sübutudur. Belə ki, öz ölkəsində çoxdan dəbdən düşmüş türkiyəli pop-ulduzun 2 saatlıq atılıb-düşməyinə baxmaq üçün biletə ödənilən 7 min manat Azərbaycanda orta illik əmək haqqının təxminən iki mislinə bərabərdir. Bu qədər pulu 2 saatlıq əyləncəyə ödəyənlər onu halal zəhmətlə qazana bilməzdi...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?