Rəsmi Tiflis Azərbaycanla sərhədini viza ilə möhürlədi; İki ölkə iqtidarı arasında əldə olunan razılaşma ilk növbədə Tiflisə sığınan siyasi fəalların, müxalif yazarların, Qərbin donor təşkilatları ilə əməkdaşlıq edən QHT üzvlərinin işini mürəkkəbləşdirib; Elxan Şahinoğlu: “Avropadakı mühacirləri də geri qaytarılması başlanacaq” Gürcüstanın Azərbaycanla viza rejiminə keçməsinin pərdəarxası məqamları üzə çıxıb. Mötəbər qaynaqların “Yeni Müsavat”a verdiyi məlumata görə, viza rejiminin tətbiqi ilə bağlı Azərbaycan hökuməti və rəsmi Tiflis arasında razılaşma əldə olunub. Məqsəd Gürcüstanda yaşayan mühacirlərin və gələcəkdə belə bir addımı atmağa hazırlaşanların vətənə qaytarılmasına nail olmaqdır. Çünki hökumətin “qara siyahısı”na düşən bəzi adamlar var ki, onlar Tiflisdə oturmaqla bu təhlükədən müvəqqəti sığortalana bilirlər. Yeni viza rejiminin tətbiqi Gürcüstanda olan mühacirlərin ölkəyə məcburi qaytarılmasını da nəzərdə tutur. Bu sövdələşmə ilk növbədə siyasi təqiblə üzləşən və Tiflisə sığınan fəalların, müxalif yazarların, Qərbin donor təşkilatları ilə əməkdaşlıq edən QHT üzvlərinin işini mürəkkəbləşdirib. Yeni qaydalara əsasən, Gürcüstanda yaşayan əcnəbi vətəndaşlar 90 gündən artıq icazəsiz qaldıqda 180 lari (81 manat), 180 gündən çox qalanda isə 360 lari (162 manat) cərimələnəcək. Qaynağımızın sözlərinə görə, Azərbaycan dövləti Gürcüstan iqtisadiyyatına böyük investisiyalar qoyur:
““SOCAR”ın yanacaqdoldurma məntəqələri bu ölkənin şəhərlərində fəaliyyət göstərir və getdikcə sayları artırılır. Eyni zamanda energetika sahəsində, hotel biznesində yatırımlar qoyulur, Bakı-Tiflis – Qars, Bakı-Tiflis-Axalkalaki dəmiryol xətlərinin tikintisinə milyardlar yatırılıb. Məhz Azərbaycanın sayəsində Gürcüstan əksər meqa-layihələrin iştirakçısına çevrilib. Bakı-Tiflis – Ceyhan neft kəməri bu ölkənin xilas kəməri statusundadır və burada da Azərbaycanın Gürcüstana böyük maliyyə güzəştləri var.
Gürcüstanla Azərbaycan arasında xeyli geniş olan ticarət əlaqələri var. Gürcüstanın xarici bazar imkanlarını genişləndirməsində Azərbaycanın ciddi rolu var. Bu ölkə Azərbaycana daha çox məhsul və xidmət ixrac edir. Gürcüstanın ən çox ehtiyacı enerjidaşıyıcılarınadır ki, bu ölkənin neft və neft məhsulları bazarının əksər hissəsini Azərbaycan təmin edir”. Onu da yada salmaq lazımdır ki, Gürcüstan Statistika İdarəsinin 2014-cü il üçün olan son məlumatında Azərbaycanın Gürcüstana 81,9 milyon dollar yatırdığı qeyd olunub. Bütün bu yatırımların müqabilində ehtimal olunur ki, Azərbaycan hakimiyyəti üçün mühüm olan bir məsələyə – viza rejiminin tətbiqinə Gürcüstan iqtidarı razı olub. Cənubi Qafqazda demokratiyanın paytaxtı sayılan Tiflisin bu jesti təqdir oluna bilməz. Bunu daha çox Gürcüstan tərəfinin “demokratiyanın Azərbaycan qazında boğması” kimi qiymətləndirmək də olar. Tarixən azərbaycanlı ziyalıların, siyasi xadimlərin fəaliyyət üçün seçdiyi ən əlverişli yer Tiflis olub.
Bu şəhərə səfər edənlər də təsdiqləyər ki, həm siyasətçi, həm yaradıcı adamlar üçün Tiflis əvəzolunmaz məkandır. Gürcüstan paytaxtının mistik ab-havası, azad mühiti var, burada yaşamağı seçənlər stressdən, gərginlikdən kənarda dayanmaq istəyənlər olur. Ancaq indi viza rejiminin tətbiqi ilə “demokratiya paytaxtı” Azərbaycan iqtidarı üçün arzuolunmaz şəxslərin üzünə faktiki qapadılır. ***
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu məsələyə daha geniş kontekstdən baxmağın tərəfdarıdır. Politoloqun fikrincə, mühacirlərin qaytarılması məsələsində təkcə Gürcüstanla razılığa gəlinməyib. E.Şahinoğlu Avropa Birliyi ilə Azərbaycan arasında imzalanan sənədə diqqət çəkməyə çağırır: “Bu sənədin oxşarı Gürcüstanla razılaşdırılıb. Çünki Avropa ölkələrində çoxlu sayda siyasi sığınacaq alan mühacirlərimiz var. Onların bəziləri bəhanə edərək, heç bir siyasi təqiblə üzləşmədən sənədlərini hazırlayıb yaşamaq üçün gediblər. Bundan sonra Avropaya köçmək və mühacir statusu almaq asan olmayacaq. Belə görünür ki, onların geri qaytarılması başlanacaq. İndi bu oxşarlığı Gürcüstanla hiss edirəm”. Politoloq hesab edir ki, bu məsələ ilə bağlı Avropa Birliyinin rəsmisi Stefan Fülenin də açıqlamalarına nəzər yetirmək vacibdir: “Onun vətəndaş cəmiyyəti üzvləri ilə də görüşü oldu, dövlət rəsmiləri ilə də. Bu çıxışlardan qənaət ondan ibarətdir ki, Amerika və Avropa üçün enerji təhlükəsizliyi önəmlidir. Hətta Qərbdən qrant alan təşkilatların rəhbərləri həbs olundu və gözlədiyimiz ciddi reaksiya olmadı. Ümumi bəyanatlar səsləndi, sanksiya çağırışları olmadı.
Artıq Azərbaycan – NATO əməkdaşlığı da inkişaf edir. Eyni zamanda Gürcüstan haqda bunu demək olar. Bu ölkəyə Azərbaycan tərəfi investisiyalar qoyur, Bakı-Tiflis-Qars xətti gələn il açılır və qarşılığında qeyri-rəsmi bir razılaşma əldə oluna bilər. Digər tərəfdən, Gürcüstan Avropa İttifaqı ilə assosiativ saziş imzalayıb və qaydalara əməl etməlidir. Amma Azərbaycan hökumətinin istəklərinin də nəzərə alındığı görünür”. Politoloq Zəfər Quliyevin fikrincə, bu məsələ təkcə mühacirlərlə məhdudlaşmır. Siyasi şərhçinin sözlərinə görə, Azərbaycandan mühacirətə gedənlər təkcə Gürcüstanda deyil, Avropa ölkələrində də var. Ekspert hesab edir ki, viza rejiminin tətbiqi ikitərəfli münasibətlər, geosiyasi maraqlarla əlaqəlidir.
Z.Quliyev bu razılaşmada mühacirlərlə bağlı Azərbaycanın xüsusi marağını da istisna etmir: “Gürcüstan Avropa İttifaqı ilə assosiativ saziş imzalayıb, Avropa qaydalarına uyğun məkana hazırlaşır. Ona görə viza rejimi digər ölkələrə də şamil edilib. Azərbaycanla viza rejiminin razılaşdırılması bir sıra məsələlərlə bağlı ola bilər. Ancaq ikitərəfli münasibətlərdə ola bilsin ki, Azərbaycanın mühacirlərlə bağlı xüsusi marağı da var”. Xatırladaq ki, Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkə ərazisində fəaliyyət göstərən Azərbaycan şirkətlərinə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “1 sentyabr 2014-cü il tarixində qüvvəyə minmiş Gürcüstanın ”Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanununa əsasən ölkənin miqrasiya siyasətinə bir çox dəyişikliklər edilib. Qeyd edilən dəyişikliklər Azərbaycan Respublikası vətəndaşlarına da şamil edilib. Qanuna əsasən, Azərbaycan Respublikası vətəndaşları Gürcüstan ərazisində vizasız olaraq hər 180 gün ərzində 90 gün qanuni formada yaşaya biləcəklər. Qanunsuz formada 90 gündən artıq Gürcüstan ərazisində qaldıqda 180 lari (bu günün məzənnəsi ilə 81 manat), 180 gündən çox qaldıqda isə 360 lari (bu günün məzənnəsi ilə 162 manat) məbləğində cərimələnəcəkdir. Azərbaycan Respublikası vətəndaşları 1 sentyabr 2014-cü il tarixindən sonra Gürcüstan ərazisində 90 gündən artıq qalmaq üçün ölkə ərazisinə daxil olmadan əvvəl Gürcüstanın Bakı şəhərindəki səfirliyinə və ya Gəncə şəhərindəki Baş Konsulluğuna müraciət edərək viza almalı və qeyd olunan viza ilə ölkə ərazisinə daxil olduqdan sonra Gürcüstanın Ədliyyə Nazirliyinə müraciət edərək yaşayış hüququ almalıdırlar. Əlavə olaraq bildirmək istərdik ki, cari ilin 1 sentyabr tarixinədək Gürcüstan ərazisinə gəlmiş və ölkə ərazisini tərk etməmiş Azərbaycan Respublikası vətəndaşları 90 gündən artıq Gürcüstanda qalmaq üçün Gürcüstanın Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə müraciət edərək viza ala biləcəklər. Emil SALAMOĞLU
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?