Nazir səlahiyyətləri ilə yanaşı, əlindəki sərvətlərini də təhvil verməkdədir
Dünən təhsil nazirliyinin daha bir səlahiyyəti əlindən alınaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verildi. Əslində orta məktəb imtahanlarını da əldən verən təhsil naziri Misir Mərdanova bu yolla deyilmiş oldu ki, «sənə etibarımız yoxdur». Amma bu etibarsızlıq mühitində hələ də Mərdanov görəv başında saxlanılır ki, bu da müəyyən şübhələrin yayılmasına, inkişafına nədən olmaqdadır. Nazirlər Kabinetindəki bilgili qaynaqlardan ötürülən xəbərlərdən aydın olur ki, əslində Misir Mərdanov iki il əvvəl - sentyabr ayında istefa ərizəsini yazıbmış. Söhbət onun üç müavininin bir günün içində azad olmasından və hələ də iki müavin postunun boş qalmasına nədən olan olaylardan gedir. Məlumatlı mənbənin sözlərinə görə, həmin ərəfədə hətta mətbuata verdiyi açıqlamasında da istefa verməyə hazır olduğunu bildirən Mərdanovun bu qərarı «yuxarılar» tərəfindən bir səbəbə görə onaylanmayıb: «Misir Mərdanov və onun yaxın çevrəsi illər ərzində çox ciddi kapital toplayıb. Və belə olan şəraitdə Mərdanovun sakit şəkildə vəzifəsindən alınması imkansızdır. Hər halda, bu, kənarda iqtidarın nəzarət etmədiyi bir kapitalın mövcudluğuna dəlalət etmiş olacaq ki, bu da istənilən halda təhlükə anlamını daşıyır. Məhz bu səbəbdən Misir Mərdanov vəzifə başında, sanki girov kimi saxlanılmaqdadır və iki ilə yaxındır ki, nazir səlahiyyətləri ilə yanaşı, əlindəki sərvətlərini də təhvil verməkdədir». Mənbəmiz bildirir ki, məlum proses bu ilki prezident seçkilərinə qədər davam edəcək: «Prezident seçkilərindən sonra prezident yeni hökumətin tərkibini təsdiq edərkən Mərdanovun ovsaytda qalacağı şübhəsizdir».
Sorğu
Yeni dizaynımız necədir?