Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyi arasında yaşanan narazılıqlarla bağlı maraqlı məlumat daxil olub.
Belə ki, TQDK hər tədris ilində “Tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi statistik təhlili” ilə bağlı kitab dərc etdirir və kitabın təqdimatını keçirirdi. Lakin dərs ilinin başa çatmasına az bir vaxt qalmasına baxmayaraq nəticələrin təqdimatı keçirilmir. Maraqlıdır ki, TQDK rəhbərliyi hansısa səbəblərdənsə kitabın çapını dayandırmağa məcbur olub.
Mənbə bildirir ki, bu tədbirlərin həyata keçirilməsində Təhsil Nazirliyinin rəhbərliyi maraqlı deyil. Başqa sözlə, məktəblərin nəticələrinin ictimailəşdirilməsini gərəkli saymırlar. Bu isə həqiqətən formalaşmış bir ənənənin pozulması deməkdir. Təhsil Nazirliyinin rəhbərliyi yaxşı bilir ki, kitabın çapı təhsil sistemini tənqid etməyə yol açır. Elə bu səbəbdən də TQDK rəhbərliyi Təhsil Nazirliyinin təzyiqlərinə tab gətirə bilməyib. Və ortada olan nəticə ondan ibarətdir ki, nə kitab çap olunub, nə də nəticələrin təqdimatı keçirilib. Nazirlik belə başa düşür ki, buna nail olmaqla təhsilin geriləməsi haqqında ictimaiyyətin məlumatlılığının qarşısını almaq mümkündür.
Qeyd edək ki, əslində bu 2 qurum arasında həmişə “soyuq müharibə” olub. Hətta Misir Mərdanovun təhsil naziri işlədyi vaxtlarda bu qurumun rəhbərləri bir-birilərini açıq təhqir etməkdən belə çəkinmirdilər. Mənbə bildirir ki, TQDK ilə Təhsil Nazirliyi arasında münasibət elə Misir Mərdanovun vaxtındakı kimidir. İndi sadəcə olaraq münaqişə ictimailəşdirilmir. Amma istənilən halda pərdəarxası bu intriqada təkcə təhsil ictimaiyyəti deyil, hər kəs TQDK-nın haqlı tərəf olduğunu görür...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?