Məlum olduğu kimi rus politoloqu Pavel Klaçkov bir müddət bundan öncə mətbuata verdiyi açıqlamada Azərbaycandakı “rus düşmənlərinə” diqqət çəkmiş, bu şəxslərin Rusiyanı dağıtmaq, parçalamaq niyyətində olduğunu, bu yöndə müntəzəm bəyanat və təkliflərlə çıxış etdiyini bildirib. P.Klaçkov məlum açıqlamasında Azərbaycandan iki şəxsin – ADP sədri Sərdar Cəlaloğlunun və tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəylinin adını çəkərək onların Rusiyaya münasibətindən narazılığını dilə gətirib. Şübhəsiz, P.Klaçkovun məlum açıqlaması hər şeydən öncə Azərbaycanda Rusiya ilə bağlı səslənən fikirlərin ciddi şəkildə araşdırıldığını, “rus düşmənlərinin” müəyyən edilməsi istiqamətində sistemli iş aparıldığını göstərir. Habelə, bu açıqlama Rusiyaya münasibətdə milli maraqlar mövqeyindən çıxış edən və Kremlin işğalçı siyasətinə qarşı kəskin mövqe ortaya qoyan şəxslərin hər an “rus düşməni” kimi hədəfə çevrilmə ehtimalının da olduğunu təsdiqləməkdədir. P.Klaçkovun məlum fikirləri və Rusiyada “rus düşməni” kimi tanınmağın doğurduğu risklərlə bağlı Moderator.az-a açıqlama verən A.Səmədbəyli, rus politoloqunun ittihamlıarının əsassız olduğunu, rus xalqına deyil, rus şovinizminə qarşı düşmən olduğunu vurğuladı: “Əvvəla onu deyim ki, Pavel Klaçkov bir şeyi dərk etməlidir ki, bizim rus xalqına yox, velikorus şovinizminə qarşı düşmənçiliyimiz var. Mən Pavel Klaçkova xatırlatmaq istəyirəm ki, Azərbaycanın bir neçə hissəyə bölünməsində də, Azərbaycan xalqının başına açılan müsibətlərdə də, o cümlədən sürgünlər və bu sürgünlərdə həyatını itirən on minlərlə soydaşımızın qanında, repressiyalar və bu repressiyalarda həyatını itirən 100 minlərin qanında da velikorus şovinizminin və bu şovinizmi təmsil edənlərin birbaşa məsuliyyəti var. Bizim xalqın isə ruslara heç bir pisliyi keçməyib. Əksinə, almanlara qarşı müharibədə ən az ruslar qədər cəsarətlə vuruşublar və heyif ki, bizə aidiyyatı olmayan bu savaşda onminlərlə soydaşımız boş yerə həyatını itirib – rusların xətrinə”. A.Səmədbəyli anti-Rusiya mövqeyi sərgiləyən şəxslərin ABŞ-dan maliyyə yardımı alması ilə bağlı səslənən fikirlərin də reallıqla yaxından-uzaqdan heç bir əlaqəsi olmadığını qeyd etdi: “O ki qaldı Amerikadan alınan pul məsələsinə, bu adam məni şəxsən tanısaydı qətiyyən belə bir iddia irəli sürməzdi. Ona görə ki, bu günə qədər heç bir dövlətdən şəxsən bir qəpik almış biri deyiləm və təklif də etsələr qəbul edəcək xarakterdə deyiləm”. Rusiyanın yaxın gələcəkdə parçalanması ilə bağlı səsləndirdiyi fikirlərə gəlincə, A.Səmədbəyli bu gün də eyni mövqedə qaldığını və bu proqnozun gerçəkləşəcəyinə inandığını bildirdi:“Mənim Rusiyanın bölünməsi ilə bağlı dediyim fikirlər isə inşallah yaxın beş il içində gerçəkləşməsi qaçınılmaz olan öngörüləndir”. A.Səmədbəylinin sözlərinə görə, o, Azərbaycanın marqlarına, mənafeyinə hörmət edən, dar gündə onunla həmrəylik nümayiş etdirən istənilən ölkəyə minnətdardır və bundna sonra da minnətdar olacaqdır: “Vətənimə və xalqıma qarşı hansı dövlət olur-olsun, hətta bu mənim ən az Azərbaycan qədər sevdiyim Türkiyə belə olsa, mən o dövlətə qarşı olacam. Amma vətənimin və xalqımın çətin günlərində bizimlə eyni cəbhədə olan qüvvənin dövlətindən, dinindən və milliyətindən asılı olmayaraq tərəfdaşı olacam”. Xocalı qətliamının rus qoşunlarının iştirakı ilə reallaşdığına diqqət çəkən A.Səmədbəyli, Qarabağın işğalının da Rusiya ordusunun bilavasitə dəstəyi nəticəsində gerçəkləşdiyini bildirdi: “Sonda Pavel Klaçkova bir sualım var: cənab Klaçkov, Xocalı qətliamını və Qarabağın işğalını kimlərin həyata keçirdiyini bilirsinizmi?” A.Səmədbəyli “ağıllı lider” məsələsində P.Klaçkovun fikirlərinə qatıldığını və bu məsələdə onunla həmfikir olduğunu da vurğuladı: “Pavel Klaçkovun sadəcə bir fikri ilə həmrəyəm; ağıllı liderlərə ehtiyac var. Onun bu fikri çox doğrudur – işğalçı olmayan, imperiya xəyalları ilə yaşamayan, hər xalqın haqqına hörmət edən ağıllı liderlərə xüsusilə Rusiyada çox ehtiyac var”. Şəxsi təhlükəsizliyi ilə bağlı rislklərə gəlincə, Rusiyanın son illər Türkiyənin özündə bir çox çeçen hərbi liderlərinin həyatına qəsd etdiyinə diqqət çəkən A.Səmədbəyli, Azərbaycanın mənafeyinə naminə ölümə belə hazır olduğunu söylədi: “O ki qaldı mənim şəxsi təhlükəsizliyimə, bir şeyi xatırladım ki, bu rus şovinizmi çox insanların həyatına terror yolu ilə son qoyub. Son bir neçə il içərisində elə Türkiyənin özündə neçə çeçen komutanı terror yolu ilə aradan götürdülər. Mənim vətənim və millətim yolunda qurban verə biləcəyim bir canım var – fəda olsun”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?