Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Milli Şuranın oktyabrın 12-də keçirdiyi mitinqə münasibət bildirib. "Yeni Müsavat”a açıqlamasında Pənah Hüseyn hesab edir ki, aksiya uğurlu olub: "Belə bir situasiyada çox ağır ittihamlarla həbs olunmuş şəxslərin müdafiəsi, onların azad olunması, repressiyalara son verilməsi tələblərinə dəstək olaraq xeyli insan aksiyaya gəldi. Bu baxımdan aksiyanı baş tutmuş hesab etmək olar”. "Protokola görə, ölkənin rəhbərləri olmuş tanınmış siyasi xadimlərin mitinqdə iştirakını görməzliyə vurmaq doğrudurmu?” sualını P.Hüseyn belə cavablandırdı: "Bu məsələ təşkilatçıların səlahiyyətində olan məsələdir. Əsas olan odur ki, tədbir alınıb. Qalan məsələlər təfərrüatlardır. Mitinqi necə aparmaq, kimlərə çıxış vermək, hansı şüarları səsləndirmək, kimlərinsə adını çəkib-çəkməmək təşkilatçıların hüququnda olan məsələdir. Şəxsən mən oraya nə çıxış eləmək, nə tribunada durmaq, nə də adımın çəkilməsi üçün yox, irəli sürülən tələblərə öz dəstəyimi ifadə etmək üçün getmişdim”.
"Müsavat Partiyası və AXP eyni tələb və şüarlarla mitinq keçirsə, Milli Şura rəhbərliyi mitinqə qatılsa onların dünənki mitinqdə sizlərə qarşı davranışını siz də onlara qarşı edəcəksinizmi?” sualına P.Hüseyn belə cavab verdi: "Bu artıq başqa mövzudur. Hər bir siyasi qüvvənin, siyasi liderin özünə xas ənənəsi var. Sizin dediyiniz aksiyalar güman edirəm ki, olacaq. O zaman suala da cavab alarsınız”. AXP sədri Milli Şuranın mitinqində İŞİD bayrağının qaldırılmasına da münasibət bildirdi: "Mən bunu birmənalı şəkildə hansısa məmurun istedadsız təxribatı hesab edirəm. Mediada həmin bayrağı qaldıran, saxlanılan və dərhal da azad edilən şəxsin izahatını oxudum. İnandırıcı görünmür”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?