Rusiya müdafiə naziri Sergey Şoyqu Bakıda prezident İlham Əliyevlə və müdafiə naziri Zakir Həsənovla danışıqlar aparıb.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, səfərin yekunlarına əsasən Rusiya Azərbaycanla birlikdə Xəzərdə kollektiv təhlükəsizlik sistemi formalaşdıracaq. Bu yeni strukturun elementlərindən biri Xəzəryanı ölkələrin Hərbi-Dəniz Qüvvələri Komandanlarının Şurası olacaq. Bildirilir ki, bu razılaşma Sergey Şoyqunun Bakıya səfərinin əsas yekunlarından biridir.
Müdafiə naziri Z.Həsənovla görüşdə S.Şoyqu bildirib ki, Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır.
“Bizim regional səviyyədə sabitliyin və təhlükəsizliyin təmin olunmasında birgə maraqlarımız az deyil. Hazırda Yaxın Şərqdə, İraq və Suriya ərazisində baş verənlər həm Azərbaycan, həm Rusiya üçün terror təhdidinə çevrilə bilər. Biz sıx əməkdaşlığa, Rusiya-Azərbaycan əməkdaşlığının inkişafı üçün birgə səyləri artırmağa hazırıq. Bunun üçün hüquqi baza artıq formalaşıb” - deyə Şoyqu bildirib.
Azərbaycan rəhbərliyi ilə danışıqları başa vurandan sonra jurnalistlərə danışan S.Şoyqu deyib ki, əsas nəticələrdən biri Xəzər dənizində birgə hərbi əməkdaşlıqdır.
“Bu məqsədlə biz Xəzərdə kollektiv təhlükəsizlik sistemi yaratmaq perspektivlərini müzakirə etdik, həmçinin birgə döyüş və əməliyyat hazırlığı tədbirləri haqda danışdıq. 2015-ci ildə Xəzərdə bir sıra birgə hərbi təlimlər nəzərdə tutulur” - deyə rusiyalı nazir bildirib.
Sorğu
Yeni dizaynımız necədir?