Elman Rüstəmov, Cahangir Hacıyev və Kərəm Həsənov mülkə sahiblənmək istəyir
Beynəlxalq Universitetinin binası üzərindən həbs götürülərək satışa çıxarılıb, universitetə texniki işlərə görə gediş-gəliş var
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) binası artıq yağmalandı. ABU-nun keçmiş rektoru Elşad Abdullayevin Azərbaycanın siyasi hakimiyyətini silkələyən və ölkə gündəmini dəyişən “video-nüvə”ləri onun sonuncu əmlakının da müsadirə olunması ilə nəticələndi. Hazırda ABU-nun binası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) tərəfindən satışa çıxarılıb və mülk ələ keçirilib.
Bu barədə “Gündəm-xəbər”ə daxil olan səhih məlumata görə, təhsil ocağının binasına iri ranqlı məmurların gözü düşüb. Baxmayaraq ki, binanın sökülməsi nəzərdə tutulmayıb və buraya başqa universitetin köçürülməsi planı qüvvədə qalır. Çünki Dövlət Pedaqoji Universitetinin ABU-ya köçürüləcəyi qeyd olunurdu. Bununla belə, qeyri-rəsmi məlumatda bildirilir ki, binanın üzərindən həbs götürülüb və auksiona çıxarılıb. Doğrudur, keçmiş rektorun vəkili Adil İsmayılov deyib ki, bina Abdullayevin şəxsi mülkiyyəti olaraq qalır.
Ancaq baş prokuror Zakir Qaralov ABU-nun binasında prokurorluq işçilərinin axtarış aparmasını təsdiqləmişdi. İndi də binanın üzərindən həbs götürülüb və mülkə sahiblənmək uğrunda Mərkəzi Bankın sədri Elman Rüstəmov, Beynəlxalq Bankın sədri Cahangir Hacıyev mübarizəyə qalxıb.
Məlumata görə, əmlak komitəsinin rəhbəri Kərəm Həsənov da binanı ələ keçirmək üçün bütün qüvvələrini səfərbər edib. Amma sabiq rektorun ardıcıl yaydığı videolar, onunla bağlı gedən proseslərə görə hər üç məmur binanı almağa indi mərhələdə tərəddüd edir. Ötən gün isə ABU-nun binasına baş çəkib ümumi vəziyyətlə maraqlandıq.
Hazırda universitetin binasında texniki işlərə görə gediş-gəliş var. Çünki attestatını ala bilməyən məzunlar ABU-ya müraciət edirlər. Diplomsuz qalanlar isə E.Abdullayevin videoları yayılandan sonra əllərini üzüblər. Hətta ABU-dan diplom ala bilənlər işə düzəlmək problemi ilə üzləşiblər. Müəssisələr, şirkətlər, banklar ABU adını eşidən kimi həmin adamları iş götürməkdən imtina edirlər. Binaya iki mühafizəçi nəzarət edir. Onlar yalnız attestat üçün gələn məzunları içəri buraxır. Kənar şəxslərin ABU-ya girişi qadağan olunub. Mühafizəçilərin sözlərinə görə, E.Abdullayevin videolarından sonra çoxları binanın söküləcəyini güman edirdi. Amma geniş bir massivi əhatə edən binanı sökmək ağılsızlıq olardı. Ona görə də hər bir şəraiti olan mülkün satılması qərara alınıb. Mühafizəçilər bizimlə söhbətdə dedilər ki, universitetin binası 200 milyona satılır. Bu rəqəmin nə dərəcədə real olduğu bilinməsə də, hələlik kimsə ABU-ya yaxın dura bilməyib.
Öyrəndik ki, təhsil müəssisəsinin otaqları boşaldılıb, bütün avadanlıqlar müsadirə olunub, yalnız boş divarlar qalıb. Universitetə aid ərazinin bir hissəsi depo tikintisinə istifadə olunsa da, idman zalı yerləşən korpus dağıdılmayıb. Depo ilə universitetə bitişik böyük, hündür bir hasar çəkilib. Bu hasar ABU ilə deponu ayırır. Məktəbin həyəti isə baxımsız vəziyyətdə qalıb. Yaşıllıqların çoxu məhv olub, ağac budaqları qırılıb yerə atılıb. Deyilənə görə, sabiq rektorun otağında nə varsa götürülüb. Attestat dalınca gələn məzunlardan biri Elvin Ağamirov dedi ki, 4 illik zəhməti boşa gedib: “Mən Dağıstan filialından bura köçürmə yolu ilə gəlmişdim. Təhsil haqqı, hər semestrdə imtahan pulu verirdim. Əziyyət çəkirdik, ailəm oxudurdu ki, diplom əlimə alım. Pulumuz da batdı, diplomumuz da. Təhsil Nazirliyinə bir il gedib gəldim, xeyri olmadı. İndi attestatımı götürməyə gəlmişəm. Qəbul şöbəsində olan xanımlar var, onlar attestatımı verməlidir”. Bir nüansı da deyək ki, ABU-nun ətrafı məmur villaları ilə əhatələnib. Binanın ətrafında ucaldılmış saraylarda hakimiyyətdə təmsil olunan vəzifəli şəxslərin yaxınları yaşayır. Bəziləri ehtimal edirlər ki, ABU-nun binası yerlə-yeksan olunacaq və yerində dəbdəbəli villalar tikiləcək. Və bu massiv milyonerlər məhəlləsinə çevriləcək. Amma ehtimallar göründüyü kimi özünü doğrultmadı və bu binaya yiyələnmək uğrunda üç oliqarx səylərini artırıb. Aslan
Sorğu
Yeni dizaynımız necədir?